news Image
2014.06.11
10:07
| A A A
Kiçik səhmdarlar yenə şikayətçidirlər
Oqtay Haqverdiyev: «Şirkətin dividend verə bilməsi üçün onun gəlirli çalışması lazımdır» Fərhad Bayramov: «Azərbaycanda səhm bazarının inkişaf etdirilməsi üçün xüsusi bir dövlət proqramının hazırlanmasına ehtiyac var»

Azərbaycanda kiçik səhmdarlar üçün artıq ənənəvi xarakter alan problem davam etməkdədir. Söhbət həmin səhmdarlara dividendlərin ödənilməsi sahəsində yaranan problemlərdən gedir. Kiçik səhmdarlar böyük səhmdarların və ya səhmini aldığı şirkətlərin onlara dividend ödəmədiyini bildirir. Təbii ki, bu, bütün şirkətlər aid deyil. Lakin dividend ödəməyənlərin də sayı kifayət qədərdir. 

İqtisadçı ekspert Oqtay Haqverdiyev Mövqe.az-a açıqlamasında deyir ki, şirkətlərin dividend verməməsinin iki səbəbi ola bilər: "Ya bunlar mənfəətsiz işləyirlər, onların istehsalı effektiv deyil, ya da ki, ümumiyyətlə, qazandıqlarını istehsal sahəsinə sərf edərək onu genişləndirirlər. Yəni qazandıqları mənfəəti investisiyaya yönəldirlər.  Adətən, kiçik firmalar o qədər də rentabelli işləmirlər deyə, dividendi də verə bilmirlər. Məsələn, Beynəlxalq Bankın binasının yanında ayrıca bina tikilirdi. Bununla əlaqədar bütün mənfəət həmin binanı tikməyə yönəldilmişdi. Ona görə onlar 3-4 il dividend vermədilər". 

Ekspertin sözlərindən aydın oldu ki, şirkətin dividend verə bilməsi üçün onun gəlirli çalışması lazımdır: "Ümumiyyətlə, bu proses qanunvericiliklə tənzimlənir. Şirkətlərə belə bir hüquq verilib ki, əgər hansısa "fors-major" vəziyyət yaransa, dividendləri verməyə də bilər. Amma dediyim kimi, bunun üçün effektli, gəlirli işləmək lazımdır. Elə sahələr var ki, gəlir əldə edir, dividend də verə bilir. Məsələn, neft şirkəti həmişə gəlirli çalışır. Elə sahələr sə var ki, o qədər də gəlirli, rentabelli deyil. Onlar artıq dividend verə bilmirlər".   

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov bildirib ki, Azərbaycanda səhm bazarının inkişafı çox zəif davam etməkdədir: "Əslində, müxtəlif səhmdarların birlikdə qurduğu cəmiyyətlər hələ 90-cı illərdə yaranmağa başlamışdı. Bu da təbii idi ki, inkişaf etməmiş səhm bazarının iştirakçıları da qeyri-peşəkar fəaliyyət göstərirdilər. Daha doğrusu, məlumatlılığın az olması bu sahənin inkişaf etməsinə ciddi təsir göstərir. Nəinki korporativ cəmiyyətlər, hətta bankların özlərində belə səhm bazarında aktiv iştirak etmələri elə də arzuedilən səviyyədə deyil. Digər tərəfdən səhmdar şirkətlərin bəziləri özlərinin illik hesabatlarında yüksək gəlirli olaraq fəaliyyət göstərmələri haqqında məlumatlar vermirlər. Daha çox bu da mühasibatlılıq və hesabatlılıq, şəffaflıq funksiyaları ilə bağlıdır. Hal belə olduqda, səhm bazarının inkişaf etməsi çox çətindir. Ancaq təsəvvür edin, məsələn, bir insan akademik fəaliyyətlə məşğul olur və səhm bazarında hər hansı bir səhmdar şirkətin səhmlərini alır, heç bir əlavə iş görmədən yeni gəlir mənbələri əldə edir. Problemlərin ümumi olaraq yaranmasına səbəb, səhmdar şirkətlərin öz gəlirlərini, mənfəətlərini gizlətməsi, səhm bazarı haqqında məlumatlılığın az olması, ən önəmlisi isə Azərbaycanda kiçik səhmdarların hüquqlarını qoruyacaq qanunvericilik bazasının mövcud olmaması, onların, yəni səhmdarların öz hüquqlarını tələb etməsinə çətinlik törədir. Hətta mümkünsüz edir.  Ona görə, belə bir sistemin inkişaf etdirilməsi çox vacibdir". 

İqtisadçı hesab edir ki, Azərbaycanda səhm bazarının inkişaf etdirilməsi üçün xüsusi bir dövlət proqramının hazırlanmasına ehtiyac var: "Birinci növbədə kütləvi şəkildə ali məktəblər də daxil olmaqla, səhm bazarı və onun iştirakçıları haqqında məlumatlandırma işləri həyata keçirilməlidir. Bunu dövlətin müvafiq orqanları həyata keçirə bilər. Çünki nəticə etibarı ilə sonda cəmiyyət və dövlətin özü qazanacaqdır. Digər tərəfdən, ilk öncə qanunvericilik bazasının hazırlanması zəruri və qaçılmaz bir öhdəlikdir. Bu imkan verəcəkdir ki, səhmdarların öz hüquqlarını tələb etməsi asanlaşsın. Son olaraq isə, şirkətlərin öz fəaliyyətləri, xüsusi ilə gəlirləri üzrə hesabatların verilməsi və şəffaf olaraq ictimaiyyətə təqdim olunması yenə də müvafiq orqanlar tərəfindən tələb edilə bilər. Ancaq arzuedilən olardı ki, şirkətlərin özləri buna həvəsləndirilsin. Yekun nəticə olaraq onu da qeyd edim ki, Azərbaycanda səhm bazarının inkişaf etdirilməsi üçün xüsusi bir dövlət proqramının hazırlanmasına ehtiyac var". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs