Əlaqə Arxiv
news Image
2014.06.11
12:08
| A A A
Banklar riskli depozit siyasətinə başlayır
Rəşad Həsənov: «Bankların kredit portfelinin təxminən 50%-dən çoxu əmanətlərdən formalaşıb»

Məlumat verildiyi kimi, Mərkəzi Bankın qərarı ilə may ayının 19-dan etibarən banklara qoyulan əmanətlərin faiz dərəcəsi 10%-dən 9%-ə endirildi. Lakin qərara baxmayaraq, bir sıra banklar hələ də yüksək faizlə depozitləri qəbul edirlər. Bunun hansı problemlər yarada biləcəyi isə cari ilin sonuna kimi bankların nizamnamə kapitallarının 50 miylon manata çatdırılması ilə bağlı qoyulan şərt fonunda xüsusi maraq doğurur. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Movqe.az-a movzu ilə bağlı münasibətini bildirib. İqtisadçı deyir ki, banklar kredit portfellərini formalaşdırmaq üçün əmanətlərdən istifadə etməyə məcburdurlar: "Ümumiyyətlə, bank sektorunda yaranmış vəziyyətlə əlaqədar olaraq indiki halda banklar məcburdurlar ki, özlərinin kredit portfellərini formalaşdırmaq üçün əmanətlərdən kütləvi şəkildə istifadə etsinlər. Mərkəzi Bankın son hesabatlarına da baxanda görürük ki, bankların kredit portfelinin təxminən 50%-dən çoxu əmanətlərdən  formalaşıb. Azərbaycan banklarının xarici maliyyə mənbələrinə çıxış imkanlarının məhdud olması və onların beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək reytinqli banklar kimi dəyərləndirilməməsi nəticəsində Azərbaycan bankları hazırki vəziyyətlə üzləşibdir. Eyni zamanda Mərkəzi Bankın özünün də bankların kredit portfelinin formalaşmasında iştirakçılıq  payı həddən artıq aşağıdır. Belə ki, banklara çox az vəsaitlər təklif edir.  Bu səbəbdən də banklar məcburdur ki, yerli ehtiyatlardan, yəni əmanətlərdən istifadə etsinlər". 

Ekspertin sözlərindən belə aydın oldu ki, faiz dərəcəsinin aşağı salınması əmanətçilərn sayını azaltdığından, banklar yüksək faizlə də olsa, əmanətləri qəbul edirlər: "Əmanətlərin sığortalanan faiz dərəcəsinin 9%-ə qədər endirilməsi əmanətçilər tərəfindən bu sahəyə olan marağı kəskin şəkildə aşağı salır. Nəzərə alsaq ki, 2012-ci ildə bu göstərici təxminən 12% idi, lakin artıq iki il müddətində 3% azaldılaraq 9%-ə endirilibdir. Və digər tərəfdən də nəzərə alsaq ki, ölkədə 5% həcmində  inflyasiya var,  bu o deməkdir ki, əmanətçinin sonda banka qoyduğu əmanətdən əldə etdiyi gəlir il ərzində təxminən 4-5% arasında dəyişir. Azərbaycanda manatın mənfəətliliyini də çox yüksəkdir. Bu gün ölkədə öz vəsaitini idarə etməklə bir vətəndaş ay ərzində 5-6% gəlir əldə edə bilər. Bəzən bu göstərici 10%-ə çatır ki, bu da il ərzində 120% gəlir deməkdir. Bu təqdirdə artıq vətəndaş "vəsaitləri banka əmanət kimi qoyum, ya qoymayım?" deyə özünə sual edir. 

Nəticədə Mərkəzi Bankın son hesabatından da göründüyü kimi, əmanətlərin həcmində ötən aydan etibarən azalma müşahidə olunubdur. Belə olan halda yaranmış vəziyyəti banklar dəyərləndirir. Nəzərə alaq ki, bankların hal-hazırda məcmu kapitalını genişləndirmək kimi bir vəzifəsi də var. Belə ki,  2015-ci ilin əvvəlinə kimi banklar  məcmu kapitalını artıq 50 milyona qədər artırılmalıdır, bu şəraitdə onlar yüksək əmanət faizləri təklif  etməyə məcburdurlar. Yüksək əmanət faizləri  təxminən 11-12% həcmində müşahidə olunur". 

İqtisadçı deyir ki, yüksək fazilə qəbul olunan əmanətlərin  problemli tərəfi isə ondan ibarətdir ki, bunlar artıq sığortalanmır: "Sığortalanmadığı üçün bank hər hansı bir problemlə üzləşərsə, məsələn, müflis olarsa, Mərkəzi Bankın tələblərini yerinə yetirmədiyi üçün Mərkəzi Bank tərəfindən lisenziyası əlindən alınarsa, bu əmanətlərin taleyinin necə olacağı məlum deyil. Müflis elan edilmiş, fəaliyyəti dayandırılmış bankın portfeli imkan verirsə ki, həmin əmanətlər geri qaytarılsın, bu qaytarıla bilər. Mərkəzi Bank bu istiqamətdə hər hansı bir iş görə bilər. Lakin bu baş verməyə də bilər və banklardakı şişirdilmiş və yaxud da ki, süni şəkildə ortaya qoyulmuş rəqəmlər də ola bilər. Qardaş ölkə Türkiyədə ötən əsrin 90-cı illərində belə bir hal yaşanmışdı.  Bankların vəsaiti yox idi. Sadəcə, rəqəmlər var idi, amma boş qalmışdılar. Buna "hortumlama" deyilirdi  Türkiyədə. Belə bir situasiya ilə  qarşılaşacağımız təqdirdə vətəndaşın çıxış yolu qalmır. Əmanətlərin taleyi məlum deyil. Buna görə də yüksək faizlə banklarda əmanətin yerləşdirilməsi riskli əmanət sayılır. Və tendensiya da onu göstərir ki, artıq vətəndaşlar da bunu başa düşməkdədirlər. Çünki yüksək faizlərlə əmanətlərin qoyuluş həcmində də azalma baş veribdir. Ümumiyyətlə götürdükdə isə, artıq Azərbaycanda vətəndaşlar vəsaitlərini banklara etibar etməyə və yaxud banklarda əmanət kimi saxlamağa meyilli deyillər. Və Mərkəzi Bankın da bu il ərzində apardığı kredit siyasəti nəticəsində bazarda qıtlaşan vəsaitə olan tələbatın artması gördüyümüz kimi paytaxt Bakıda həm lombardların sayının çoxalmasına gətirib çıxarıb,  həm də sələm bazarının canlanması ilə nəticələnib. Hesab edirəm ki, yaxın gələcəkdə artıq vətəndaşların banklarda əmanətlərinin həcmi daha da azalacaq. Vətəndaşlar öz vəsaitlərini hər hansı bir şəkildə sələm  və ya hansısa biznes şəklində bazarda yerləşdirməyə daha çox  maraqlı olacaqlar".  


Sizin Reklam Yeriniz