Əlaqə Arxiv
news Image
2014.06.18
10:56
| A A A
Tikinti şirkətləri bir-bir sıradan çıxır
Ramil Osmanlı: «Proqnozlaşdırılan gəlirlər əldə olunmadıqda ciddi problemlər yaşana bilər» Nüsrət İbrahimov: «Maliyyə problemlərini həll edə bilməyən şirkətləri bazardan çıxma təhlükəsi gözləyir»

Bilindiyi kimi, əvvəllər mənzil-tikinti kooperativləri (MTK-lar) maliyyə ehtiyaclarını qarşılamaq üçün bank kreditlərindən də geniş istifadə edirdilər. Lakin hazırda MTK-lar üçün banklar heç də istənilən həcmdə kredit ayırmır. Mənzil satışı yüksək səviyyədə olmadığından isə MTK-ların maliyyə durumu heç də qənaətbəxş deyil.  Ekspertlərə görə, belə olan halda əlavə gəlir mənbəyi əldə edə bilməyən şirkətlərin bazardan çıxması gözlənilir. 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı Movqe.az-a bildirib: "Mərkəzi Bankın bankların kredit siyasətinə etdiyi son dəyişikliklər daşınmaz əmlak bazarına da birbaşa təsir edir. Faktiki olaraq, son 2-3 ayın təhlilləri göstərir ki, bu gün bazarda artıq vəziyyət bütün seqmentlər üzrə dəyişməkdədir. Əhalidə ciddi şəkildə nağd pula olan tələbat artımı müşahidə olunur. Əvvəllər vətəndaşlar xırda problemlərini istehlak kreditləri hesabına həll edə bilirdilər. Amma bu gün artıq şərtlərin sərtləşdirilməsi istehlak kreditlərindən istifadəni xeyli məhdudlaşdırıbdır. Avtomobil bazarında istehlak kreditləri ilə dinamikaya təsir etmək mümkün idisə, bu gün artıq o  da mümkün deyil. Və nəhayət  digər məsələlər ki, istehlak bazarının digər sahələrində nağd pul probleminin olması, bütövlükdə daşınmaz əmlak bazarına da təsir göstərir". 

Ekspert hesab edir ki, tikinti şirkətləri daha çox öz resursları hesabına maliyyələşməlidirlər ki, sonradan problemlər yaşanmasın: "Əslində, mən tikinti şirkətlərinin kənar ödənişlər hesabına mənzil tikməsinin ciddi əleyhinəyəm. MTK-lar daha çox öz resursları, maliyyə ehtiyatları hesabına fəaliyyət göstərməlidirlər, nəinki kənardan gələn maliyyə hesabına. Bu istər banklardan gələn pul olsun, istər xaricdən cəlb olunmuş investisiya olsun, mən bunun əleyhinəyəm. Çünki proqnozlaşdırılan gəlirlər əldə olunmadıqda  ciddi problemlər yaşana bilər. Adətən tikinti sahibi düşünür ki, tikinti bitənə kimi mənzillərin satılması baş tutacaq, bu pulla kreditləri ödəyəcəm, bütün öhdəlikləri həll edəcəm və özümə də müəyyən qədər mənfəət qalacaq. Lakin faktiki olaraq, proqnozlaşıdırılan gəlirlər  həmişə özünü doğrultmur. Bəzən olur ki, tikint dövrü 3-4 ilə qədər uzanır. Uzandıqca xərclərin artımı baş verir. Bu isə özlüyündə tikinti şirkəti üçün nəticə etibarilə iflasa gətirib çıxarır. Çünki kreditlər gecikir, əlavə faiz gəlir, yaxud məhkəmə qaydasında çəkişmələr baş verir. Digər tərəfdən artıq tikintinin uzanması alıcıların bu binaya olan marağını azaldır. Nəticə etibarilə də tikinti şirkətlərinin sonu heç də yaxşı olmur. O baxımdan hesab edirəm ki, tikinti şirkətləri öz maliyyə resursları hesabına, daxili imkanları hesabına bazarda fəaliyyət göstərməlidirlər".

Ramil Osmanlının sözlərinə görə, əvvəlki illərlə müqayisədə ölkədə mövcud MTK-ların sayı da xeyli azalıb: "Onu da qeyd edim ki, MTK-ların sayı 2013-cü illə müqayisədə xeyli dərəcədə azalıb. Əgər 2011, 2012-ci illərdə bazarda 200-dən artıq tikinti şirkəti fəaliyyət göstərirdisə, bu gün artıq faktiki fəaliyyət göstərən, tikinti prossesini həyata keçirən, davam etdirən şirkətlərin sayı 30-a bərabərdir".   

"MBA LTD" qiymətləndirmə şirkətinin direktoru Nüsrət İbrahimov da məsələ ilə bağlı münasibət bildirib. Ekspert hesab edir ki, indiki vəziyyətdə maliyyə problemlərini həll edə bilməyən şirkətləri bazardan çıxma təhlükəsi gözləyir: "Tikinti sektoru əvvəllər insanların şəxsi hesabına maliyyələşdirilirdi. Belə ki, özül mərhələsində vətəndaşlardan alınan pul hesabına iş aparılırdı. Sonra 2008-ci ildə bu proses dayandı və tədricən bank-kredit maliyyələşməsinə keçildi. Şirkətlər bank krediti hesabına tikintinin ilkin mərhələsini aparırdılar. Sonradan isə satışdan alınan vəsait hesabına  problemlərini həll edirdilər. Yəni mənnzillərin satışından gələn pulla  krediti bağlayırdılar və tikintilərini başa çatdırırdılar. Amma bank kreditlərinin verilməsində məhdudiyyətlər qoyulandan sonra, hesab edirəm ki,  özlərinə alternativ maliyyə mənbələri tapan tikinti şirkətləri yəqin ki, fəaliyyətlərini davam etdirəcəklər. Hansılar ki, maliyyə problemlərini həll edə bilməyəcəklər, onlar  ya məcbur olacaqlar başqa tikinti şirkətləri ilə birləşsinlər, ya da ki bazardan  çıxsınlar". 

 



Sizin Reklam Yeriniz