Əlaqə Arxiv
news Image
2014.06.18
13:00
| A A A
Çin suvenir bazarını da ələ keçirir
Vüqar Bayramov: «Tək Azərbaycanın yox, əksər ölkələrin milli suvenirləri Çində hazırlanır»

Bu gün suvenir dükanlarında istənilən sayda yerli məhsul görmək müşkül məsələdir. Məlumdur ki,  turistlərin daha çox baş çəkdiyi məkanlarda onların  diqqətini cəlb edə biləcək maraqlı əşyalar satılır. Ən çox da milli atributlar hər zaman daha çox diqqəti çəkir. Hər kəs getdiyi ölkədən bir xatirə, nişanə, onu xatırladacaq simvol kimi  belə məhsullar alır. Maraqlı məsələ budur ki, bu gün Azərbaycanın milli atributlarını özündə əks etdirən heykəlciklər, suvenirlər və bir çox belə əşyalar əsasən Çin istehsalıdır. Özümüzün yerli suvenir bazarımız isə passiv şəkildə inkişaf edir. Üstəlik Çin istehsalı məhsullar hər zaman keyfiyyətli olmur. 

Beləliklə, heç də hər bir əcnəbi turist şəhərimizdən əsl milli suvenir alıb ölkəsinə aparmır. Təbii ki, Çindən bu məhsulları gətirən də elə öz satıcılarımızdır. Məlum səsələdir ki, Azərbaycanı tərənnüm edən suvenirlərin Çin malı olub olmadığını araşdırmaq turist üçün o qədər də əhəmiyyətli deyil. Lakin suvenir satışıilə məşğul olanları maddi tərəf düşündürdüyü qədər, mənəvi tərəflər də maraqlandırmalıdır. Çün ki, bu əşyalar milli mədəniyyətin nişanəsi kimi qiymətləndirilməli və xaricilərə daha çox yerli istehsallar təqdim olunmalıdır. 

İqtisadçı Vüqar Bayramov Movqe.az-a verdiyi açıqlamada məsələyə münasibət bildirib. Ekspertin sözlərinə görə, tək Azərbaycanın yox, əksər ölkələrin milli suvenirləri Çində hazırlanır: "Bu da onunla bağlıdır ki, Çində suvenir istehsal edən çoxlu şirkətlər var. Nəzərə almaq lazımdır ki, Çində fəaliyyət göstərən şirkətlər tərəfindən istehsal edilməsinə baxmayaraq,  bu suvenirlərlə bağlı konkret keyfiyyət standartları var. Bu standartlara əməl edilməsinə də dövlət tərəfindən nəzarət olunur. Ona görə ki, bu suvenirlər ölkəni təmsil edir. Ölkəni təmsil etdiyi üçün onların keyfiyyəti də olduqca vacibdir".

İqtisadçı Azərbaycanda da suvenirlərlə bağlı keyfiyyət standartları  müəyyən olunmasının tərəfdarıdır: "Suvenirlər keyfiyyətsiz olmaqla ölkənin təmsil edilməsi baxımından problemlər yarada bilər. Biz bunların ölkəni təmsil edən milli suvenir, milli simvol olduğunu nəzərə alaraq keyfiyyət standartlarının müəyyənləşdirilməsinin tərəfdarıyıq. Eyni zamanda suvenirlər bir yox, bir neçə şirkət tərəfindən hazırlanmalıdır.  Çünki bir şirkətin fəaliyyət göstərməsi bu sahədə monopoliya yarada bilər. Müvafiq qurum tərəfindən keyfiyyət standartları müəyyənləşdirilməlidir. Keyfiyyət standartlarının müəyyənləşdirilməsindən sonra şirkətlərin buna ciddi əməl etməsinin tərədarıyıq. O baxımdan, daha məqsəuyğundurdur ki, müvafiq qurumlar tərəfindən şirkətlərdə həmin keyfiyyət standartlarına nə dərəcədə əməl edilməsinə nəzarət həyata keçirilsin. Keyfiyyət standartlarına əməl etməyən sahikarlar üçün ciddi cərimələrin müəyyənləşdirilməsi də  məqsəduyğundur".  

Digər ekspertlər deyir ki, milli süvenirlərin olmaması və yaxud azlıq təşkil etməsi ölkəyə gələn turistlərin sayına da öz təsirini göstərmək iqtidarındadır. Məlumat üçün onu da qeyd edək ki, Nazirlər Kabineti 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Zərgərsənaye" İstehsalat Birliyinin bazasında "Azərsuvenir" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması barədə qərar qəbul edib. Lakin müəssisə formalaşma mərhələsindədir və bazara məhsul çıxarmır.


Sizin Reklam Yeriniz