news Image
2014.06.19
10:53
| A A A
Elektromobillər Azərbaycanda da istehsal edilə bilər
Azər Allahverənov: «Bunu hansısa formada pilot layihə kimi etmək olar» Fərhad Bayramov: «Yalnız dövlətin dəstəklədiyi proqramlar əsasında bu tip avtomobillərin istehsalı həyata keçirilə bilər»

Son illərdə elektromobillərə böyük maraq yarandığı aydın müşahidə olunur. Dünyada indi  alternativ yanacaqla işləyən avtomobillər çox olsa da, onların hər bir növünün öz çatışmayan cəhətləri var. Belə cəhətlər elektromobillərdə də var, amma məhz elektromobillər  bazarda ənənəvi avtomobilləri sıxışdırmağa daha yaxındır. Onu da qeyd edək ki, son dövrlərdə ölkəmizdə istehsal olunan avtomobillərə tələbat artdığı bir şəraitdə, Azərbaycanda da bu tip avtomobillərin də istehsal olunması vacib sayılır.

Ekspert Azər Allahverənov Movqe.az-a açıqlamasında verilən təklifin mümkün olduğunu deyib. Sadəcə, bunun üçün ilk növbədə bazar öyrənilməli, rentabellilik müəyyənləşdirilməlidir: "Azərbaycanda artıq yeni-yeni texnologiyalar əsasında çalışan müxtəlif sənaye məhsullarının istehsalı həyata keçirilir.  Məsələn, hərb sənayesində yeni silahlar, yeni kəşflər və s. göstərilə bilər. O baxımdan təbii ki, Azərbaycan avtomobil sənayesində də elektromobillər buraxıla bilər. Amma söhbət ondan gedir ki, elektromobillərin buraxılması Azərbaycan üçün nə dərəcədə zəruridir?  Azərbaycan nəqliyyat vasitələri bazarında buna ehtiyac hansı dərəcədədir?

 Məsələ bundadır ki, bu gün Bakı şəhərində də elektromobil prinsipi ilə işləyən avtomobillərə rast gəlmək mümkündür. Onlar yarı yanacaq, yarı enerji ilə çalışırlar. Amma həmin nəqliyyat vasitələrinin qiyməti çox bahadır. Bunlar nəinki Azərbaycanda baha qiymətə satılır, bütövlükdə dünya bazarında baha başa gələn vasitələridir. Dünyanın ən aparıcı avtomobil brendlərinin belə hamısı elektiklə çalışan nəqliyyat vasitəsi buraxa bilmir. O baxımdan indi Azərbaycanda buna nə dərəcədə ehtiyac varsa, bunu sənaye şəklinə necə salmaq olarsa bilmək üçün ilk növbədə bazarı dəqiq öyrənmək lazımdır". 

Azər Allahverənov deyir ki, bunu hansısa formada pilot layihə kimi etmək olar: "Məsələn, artıq paytaxtımızda yeni yol nişanları var ki, Günəş enerjisini toplamaqla işləyir. Bəlkə bu prinsiplə işləyə biləcək nəqliyyat vasitələrinin, elektomobillərin bizim bazar üçün lazımlı olan başqa bir formasını istehsal etmək olar.  Məsələn, kənd təsərrüfatı sahəsində geniş istifadə oluna bilən hansısa bir vasitə kimi  bunu tətbiq etmək olar. Bunun üçün  bir tərəfdən bazarı öyrənilərsə, digər  tərəfdən bunun məsrəfləri hesablanarsa, rentabellilik müəyyən olunacaq. Əgər rentabellilik maraqlı gələrsə, o zaman Azərbaycanda bunu tətbiq etmək mümkün olacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadi-tədqiqatçısı Fərhad Bayramov isə bildirir ki, bu tip avtomobillərin Azərbaycanda istehsalı üçün ilk növbədə kadr çatışmazlığı var: "İstər elektrik enerjisi ilə çalışan, istərsə də standart olaraq bildiyimiz avtomobillərin istehsalı elm tutumlu sahə olduğu üçün birinci növbədə bu sahədə mütəxəsis olan kadrlara ehtiyac yaradır. Təəssüflər olsun ki, ölkəmizdə rəqabət qabiliyyətli avtomobil istehsalını həyata keçirə biləcək mühəndislər yox dərəcəsindədir. Hərçənd bir neçə şəhərlərimizdə, məsələn Gəncə, Naxçıvan Muxtar Respublikasında və digər şəhərlərimizdə məhdud sayda avtomobil istehsal olunsa da, nə ölkə daxilində, nə də ki ölkə xaricindəki avtomobil bazarlarında öz yerini əhəmiyyətli olaraq tuta bilməmişdir".

İqtisadçı qeyd edib ki, elektrik avtomobillərinin istehsalı baha başa gəldiyi üçün dünyanın ən inkişaf etmiş ölkələri belə bundan imtina edir: "Öncə onu qeyd edək ki, elektrik enerjisi ilə çalışan avtomobillər digərlərinə nisbətən havaya buraxılan karbon qazını 30% azaldaraq ekoloji baxımdan ətraf mühitdə müsbət istiqamətdə xeyli dəyişikliklər edə bilir. Bu tip avtomobillərin istehsalı hələ keçən əsrin əvvəllərindən gündəmdə olsa da, daxili yanma mühərriklərin inkişaf etməsi və neft məhsullarının istifadəsi nəzərdə tutularaq yaradılan standart avtomobillərin xərc amilini digərinə nisbətən az olması ilə sürətlə inkişaf etdi. 

Ümumiyyətlə, avtomobillərin həm istehsal edilməsi, həm də uyğun bazarlarda reallaşdırılması bir-birindən fərqli mühüm məsələlərdir. Əvvəla, dünyanın avtomobil sənayesinin inkişaf etmiş ölkələrində belə bu növ avtomobilin istehsalı bahalı olduğu üçün qısa bir müddət sonra həmin növ avtomobillərin istehsalı dayandırılır. Onların baha olmasına səbəb batareyalarının yüksək qiymətli olmasıdır və kilovat saata görə hesablanır. Avropa ölkələrində aparılmış sorğuya əsasən insanların 60 – 70%-i elektrik avtomobilinə sahib olmaq istəsə də, qiymətlər baxımından bunun olması onlar üçün əlverişli deyil. Baxmayaraq ki, gəlirləri bizim kimi ölkələrin vətəndaşlarının gəlirlərindən yüksəkdir. Hal belə olduqda, Azərbaycan fonunda məsələyə yanaşsaq, məlum olar ki, real vəziyyət nəinki elektrik enerjili avtomobil istehsalı qısa və orta müddətli dövr üçün mümkünsüzdür, hətta standart avtomobil istehsalı üçün belə ürək açan deyil". 

Ekspert bildirib ki, yalnız dövlətin dəstəklədiyi proqramlar əsasında bu sahəyə investisiya cəlb edilə, bu tip avtomobillərin istehsalı Azərbaycanda da həyata keçirilə bilər: "Statistik məlumatlara nəzər salsaq, görərik ki, Azərbaycanda 2013-cü ildə təxminən 420 ədəd civarında minik avtomobili istehsal olunmuşdur. Bu rəqəm 2012-ci illə müqayisədə çox olsa da, lakin heç də avtomobil sənayesinin inkişaf etdiyini demək olmaz.  Bunun üçün bizə birinci növbədə dövlətin dəstəklədiyi hər hansı bir layihə və ya proqram ola bilər ki, bu sahəyə investisiya qoya biləcək holdinq və ya şirkətləri cəlb edilsin. Bu zaman qurulacaq avtomobil zavodunda müasir dünya tələblərinə cavab verəcək avtomobil istehsalı üçün yerli mühəndislərin  hazırlanması mühüm məsələdir. Digər bir məsələ istehsal olunacaq avtomobilin yalnız daxili bazar üçün yox, eyni zamanda xarici bazar üçün rəqabətli olması çox vacibdir, lakin bunu gözləmək də reallıqdan uzaq olardı". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs