news Image
2014.06.19
15:30
| A A A
Fərdi evlərin qiymət artımının daha bir səbəbi üzə çıxdı
Natiq Cəfərli: «Torpağın, materialların qiyməti tələbata uyğun olaraq artır» Rövşən Talıbzadə: «Evləri sökülən vətəndaşlar ən çox fərdi evlər tikməyə üstünlük verirlər»

Son vaxtlar tikinti materiallarının qiymətində növbəti bahalaşma müşahidə olunub. Ümumiyyətlə, mövsümi aylar başlayandan tikintidə istifadə deilən materialların qiyməti artan xətt üzrə gedir. Ekspertlər hesab edirlər ki, bu qiymət artımı fərdi evlərin qiymətində də öz əksini tapacaq. 

İqtisadçı Natiq Cəfərli bununla bağlı fikirlərini Mövqe.az-a bildirib. Onun sözlərinə görə, indiki vəziyyətdə qiymət artımın şərtləndirən təkcə  mövsümi amillər deyil: "Əslində, havaların istiləşməsi ilə bağlı yaz-yay mövsümlərində tikinti materiallarının bahalaşması çox təbii bir haldır. Bu, illərlə müşahidə olunmuş vəziyyətdir. Lakin  indiki halda qiymət artımı təkcə mövsümi məsələlərlə bağlı deyil. Bir səbəb də Bakı şəhərinin bəzi yerlərində söküntü işlərinin parılması, əhalinin köçürülməsi ilə əlaqədar aparılan işlərin sürətlənməsi ilə bağlıdır. Çünki bir tərəfdən söküntü aparılırsa, digər tərəfdən tikintilərin sayı artır. Torpağın, materialların qiyməti tələbata uyğun olaraq artır. Nəzərə almaq lazımdır ki, fərdi ev tikmək istəyənlərin sayı indi daha çoxdur. Çünki, məsələn, "Sovetski" bölgəsindən köçürülən insanların bir çoxu imkan daxilində şəhər kənarında olsa belə, xüsusi evlərə köçmək istəyirlər. Çünki onların əksəriyyəti bir neçə nəsil boyunca belə evlərdə çalışıblar. Bina evinə öyrəşmək onlara çətin gəlir. Ona görə də şəhərin  kənarında olsa belə torpaq sahəsi alıb özləri fərdi ev tikməyi üstün tuturlar. Bunun da qiymət artımına ciddi təsiri var. İndi də şəhərin əsasən "Sovetski" kimi köhnəlmiş, şəhər arxitekturasına uyğun olmayan məhlələrində söküntü işlərinin sürətləndirilməsi haqqında çox ciddi məlumatlar var. Bu söküntü işləri artdıqca, düşünürəm ki, həm tikinti materiallarının qiymətlərində, həm də evlərin qiymətində artım olacaq". 

Ekspert hesab edir ki, materialların qiymətinin tənzimlənməsinin yeganə yolu isə bazara daha çox məhsulun çıxarılması üçün şərait yaratmaqdır: "Ola bilər ki, gələcəkdə hökümət bununla bağlı daha ciddi addımlar atsın. Məsələn, bəzi tikinti materialları üçün gömrük rüsumlarını sıfırlasın vıə xaricdən gətirilən tikinti materiallarının həcmi artsın. Bəlkə belə addımlarla tikinti materialarının qiymətinin kəskin şəkildə artmasının qarşısını almaq mümkündür".  

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə də eyni mövqeyi bölüşdü. Onun sözlərindən aydın oldu ki, artım həm mövsümi aylarla, həm də şəhərdə aparıla söküntü işləri ilə bağlıdır: "Yay ayları tikinti üçün mövsümi aylar hesab edildiyinə görə, adətən, tikinti materiallarının qiymətində artım baş verir. Fərdi evlərin evlərin tikintisinə başlayan insanların sayı artır deyə, qiymətlər də artır. Lakin faktiki vəziyyətdə qiymət artımı baş verən məhsullar heç də tikintinin əsasını təşkil edən məhsullar deyil. Artımlar var, amma baza təşkil edən materiallarda, məsələn, daş, qum, armatur, dam örtüyü kimi materiallarda deyil. Digər məhsular olan boya, kafel-metlax və sairdə bahalaşma ümumi fonda qiymət artımına səbəb olub. Çünki gözə görünən dərəcədə artım var. Bununla əlaqədar həm tikinti materialları ilə bağlı, həm ümumi bazarın bütün seqmentlərində baş verən artımla əlaqədar evlərin qiymətində də artım müşahidə olunur. Bura fərdi evlər də daxildir.

Lakin bahalaşma bir tərəfdən də son vaxtlar aparılan söküntü işləri ilə də əlaqədardır. Belə ki, evləri sökülən vətəndaşlar ən çox fərdi evlər tikməyə üstünlük verirlər.  Bildiyiniz kimi, sökülən evlər adətən fərdi evlər olur. Orda yaşayanlar da çox vaxt bina evinə öyrəşə bilmirlər. Ona görə də fərdi evlərə tələbat çoxalır. Bu da torpağa da, tikinti materiallarına da tələbatı artırır ki, son nəticədə evlərin bahalaşmasına gətirib çıxarır". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs