Əlaqə Arxiv
news Image
2014.06.20
11:45
| A A A
Banklar hakerlərin əsas hədəfinə çevrilir
Cahid İsmayıl: «Bank üçün təhlükəsizlik ən vacib məsələdir» Oqtay Haqverdiyev: «Hakerləri tapmaq üçün çoxsaylı məxfi üsullardan istifadə edilir»

Məlumat verildiyi kimi, bu günlərdə   Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz daxil olub vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan Azərbaycan və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil dəstə zərərsizləşdirilib. Mütəşəkkil dəstənin üzvləri həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıblar və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar. Bu məsələ banklarda müştəri hesablarının təhlükəsizliyinin təmin edilməsi məsələsini yenidən aktuallaşdırır. Görəsən, Azərbaycan banklarında əhalinin əmanət etdiyi pulların qorunmasına nə dərəcədə effektiv nəzarət olunurmu?

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıl Movqe.az-a məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, ölkəmizdə informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı da artmaqdadır: "Kibercinayətkarlıq yeni cinayət növüdür. Kibercinayət bir informasiya sisteminə icazəsiz və hüquqa zidd şəkildə daxil olunması və sonra həyata keçirilən əməllərdir. Bu halda bir insan, onun mal varlığı, əmlakı, eyni zamanda istifadə olunan sistemin özü də hədəf seçilir. Məsələn, bir sistemə daxil olunaraq, zərər vermək, bazanı, informasiya ehtiyatını silmək, şifrələmək, ələ keçirmək, yad informasiya yükləmək, sistemin iş prinsipini dayandırmaq, şəxsi həyatın toxunulmazlığını pozmaq, əlaqəni əngəlləmək, əlaqəni icazəsiz izləmək, qeydə almaq kimi hərəkətlər və əməllər kibercinayət faktlarıdır. Bu əməllər dünyada hakerlər və ya hakerlərin gücündən istifadə edən müxtəlif cinayətkar qruplar tərəfindən həyata keçirilir. Hər iki hal kibercinayət faktı hesab olunur. 

Ölkəmizdə də son zamanlar bu tip cinayət faktları baş verir və qarşısı alınır, cinayətkarlar məsuliyyətə cəlb olunurlar. Demək, təhlükə hər zaman mövcuddur. Cinayət varsa bundan qorunmaq yolları da var".

Mütəxəssis deyir ki, bəzən hakerlər bank daxilində çalışan işçilərlərdən də kömək ala bilirlər:  "Burada vətəndaşlar, özəl sektor və hüquq mühafizə orqanları ayıq-sayıq olmalıdır. Əsasən bank sistemlərinə edilən müdaxilələr müxtəlif tipli olur. Birincisi vətəndaşın səhvi ucbatından hesabının oğurlanması və boşaldılması halıdır. Bu, ən geniş yayılmışıdır. Çünki hakerlər ən zəif hədəf olaraq vətəndaşları seçirlər. İkinci, hakerlər tərəfindən birbaşa bankın sisteminə hücumların edilməsi və hesabların oğurlanmasıdır. Bu oğurluq bankın səlahiyyətli əməliyyatçısının şifrəsi oğurlanaraq həyata keçirilir. Bu şifrəni qırmaq asan olmadığından cinayətkar qrup çox zaman bankın daxilindən kömək alırlar. Çünki bankın daxilindəki hesabları qırmaq o qədər də asan deyil. Bu səbəbdən banklar həm bank sistemlərinin təhlükəsizliyində, həm də əməkdaşlıq etdiyi mütəxəssislərin seçilməsində diqqətli olmalıdır". 

Cahid İsmayıl hesab edir ki, ölkəmizdə bankların təhlükəsizlik sistemləri dünya standartlarından geri qalmır: "Şifrələnmə, müştərilərin fərdi hesablarının qorunması, daxili təhlükəsizlik, müdafiə sistemlərində ən son texnoloji yeniliklər tətbiq edilməkdədir. Çünki bank üçün təhlükəsizlik ən vacib məsələdir. Burada vətəndaşında məsuliyyəri var. Eyni zamanda banklar müştərilərini vacib təhlükəsizlik qaydaları haqqında daim maarifləndiməlidir".

İqtisadçı Oqtay Haqverdiyev isə bildirib ki, ümumiyyətlə, banklarda təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən qanunvericilikdə də müddəalar nəzərdə tutulub: "Banklarda buna görə, xüsusi işçilər olur ki, təhlükəsizlik təmin edilsin. Əgər şübhəli hal olarsa, bu işçilər lazımi orqanlara xəbər verirlər. Amma indi dünyada belə hücumlar yox, haker hücumları geniş hal alıb. İnternetə çıxışı olan bütün ölkələr buna qarşı xxüsusi tədbirlər görürlər. Eləcə də Azərbaycan. Bizim Milli Təhlükəzilik Nazirliyində məhz belə hücumların qarşısının alınması üçün nəzarət departamenti fəaliyyət göstərir. Hakerləri tapmaq üçün çoxsaylı məxfi üsullardan istifadə edilir’. 


Sizin Reklam Yeriniz