Əlaqə Arxiv
news Image
2014.06.24
11:16
| A A A
Yerli trikotaj geyimləri istehsalında böyük tənəzzül
Natiq Cəfərli: «Yerli geyim istehsalını artırmaq üçün bir sıra ciddi addımların atılmasına ehtiyac var» Rəşad Həsənov: «Yerli istehsalı artırmaq üçün istehsalçılar bir tərəfdən daha keyfiyyətli mal buraxmalıdırlarsa, digər tərəfdən əhalinin inamını qazanmalıdırlar»

Son illərin göstəricilərinə görə, Azərbaycanda trikotaj geyimlərin istehsalı göstəriciləri ildən-ilə aşağı düşür. Yerli istehsal əvəzinə, xaricdən gətirilmə mallara daha çox üstünlük verilir. Çin istehsalı məhsullar isə burda xüsusi çəkiyə malikdir. Satıcılar ən çox Çindən mal almalarının səbəbini bu məhsulların uyğun qiymətləri ilə əlaqələndirirlər. Belə aydın olur ki, yerli istehsaldansa, Çindən mal gətirmək onlara daha sərfəlidir. Belə olan halda yerli istehsal geri qalır.

İqtisadçı ekspert Natiq Cəfərli Movqe.az-a məsələ ilə bağlı münasibət bildirib. Onun sözlərinə görə, yerli geyim istehsalını artırmaq üçün ölkədə kompleks tədbirlərin görülməsinə ehtiyac var. İqtisadçı xammal bazasının yaradılmasını, müəssisələrə vergi güzəştlərinin tətbiqinni təklif edir: "İlk olaraq məktəbli geyimlərinin istehsalını nəzərdə tutmuşduq. Lakin məktəb geyimlərinin istehsalının maya dəyəri baha başa gəldiyi üçün onun Çindən gətirilən analoqları daha sərfəli oldu. Ona görə də bu məsələdə də ciddi irəliləyiş əldə olunmadı.

Yerli geyim istehsalını artırmaq üçün bir sıra ciddi addımların atılmasına ehtiyac var. Çünki dünya bazarında Çin və digər Asiya ölkələri kimi rəqiblərin olduğu bir şəraitdə Azərbaycanda ən azından daxili tələbatı ödəmək üçün trikotaj məhsulların istehsalının artırılması lazımdır. Bundan ötrü vergi güzəştləri tətbiq oluna bilər. Məsələn, hökümət yeni müəssisə açan şirkətləri 5 illik bütün vergilərdən azad edə bilər. Belə bir təşviq proqramı təklif edə bilər ki, xarici böyük brendlərdən tutmuş, yerli brendlərə qədər yerli istehsalda, fabriklərin açılmasıda maraqlı olsunlar. Bunun üçün əvvəlcə xammal bazasının yaradılması şərtdir. Azərbaycanda təəssüf ki, ildən-ilə pambıq istehsalı da getdikcə azalır. Pambıq istehsalının təşviqi üçün də ciddi proqramlar qəbul olunmalıdır. Azərbaycan Sovet hakimiyyəti illərində Özbəkistandan sonra ən çox pambıq istehsal edən ölkə idi. Təəssüf ki, müstəqillik illərində bu sahəyə ayrılan diqqət az olduğundan və yaxud da fermerlər daha sərfəli bitkilərin istehsalına yönəldiyindən, tənəzzül müşahidə olundu. İndi isə çox az miqdarda pambıq istehsal olunur. Və üstəlik az miqdarda pambığı belə ancaq xammal kimi xaricə satırıq. Yerli emal müəssisələrinin yaradılması, pambıqdan trikotaj məhsullar istehsalından ötrü parçaların toxuması üçün infrastruktur yaradılmalıdır. Çünki bunlar bir-biri ilə sıx bağlı məsələlərdir. Xammal olmasa, xaricdən gətirilən xammalla trikotaj fabriklərinin işlənməsi baha başa gələcək və sərfəli olmayacaq. Ona görə də kompleks tədbirlər görülməlidir. Əvvəlcə xammal məsələsini həll etdikdən sonra təşviq proqramları çərçivəsində fabriklərin yaradılması, uzunmüddətli vergi güzəştlərinin tətbiqi, bəlkə də uzunmüddətli kreditlərin verilməsi tip addımlar atıla bilər. 80-ci illərdə qardaş ölkə Türkiyədə belə addımlar atılmışdı ki, nəticədə trikotaj sahəsi ciddi şəkildə inkişaf elədi. İndi də bu sahədə böyük nailiyyətlər əldə edilir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçısı Rəşad Həsənovun sözlərinə görə, yerli istehsalın inkişafdan qalmasının əsas səbəblərindən biri istehlakçı tələbinin dəyişməsidir: "Hazırki rəqəmlərə görə, trikotaj məhsullarının istehsalının aşağı düşməsinin müxtəlif səbəbləri mövcuddur. Bu, yalnız Çindən gətirilən məhsulların daha ucuz başa gəlməsi ilə bağlı deyil. Burda istehlakçının tələbinin artması da mühüm rol oynayır. Belə ki, Azərbaycan vətəndaşı artıq 1995-2005-ci illər ərzində geydiyi markaları bu gün artıq daha yüksək keyfiyyətli markalarla əvəz etməyə üstünlük verir. İndi vətəndaş başa düşür ki, onun daha ucuz aldığı məhsulun ömrü də, keyfiyyəti də ucuz olur. Və bu əlavə xərclərə yol açır. Belə ki, tez-tez eyni məhsulu almaq məcburiyətində qalır. Məhz bununla əlaqədar və eyni zamanda insanların maddi şəraitinin daha da yaxşılaşması da onların tələblərinin dəyişməsinə gətirib çıxarıb. Nəticədə onlar daha yüksək, keyfiyyətli markalara müraciət etməli olurlar. Belə olan təqdirdə isə, ən çox Türkiyə və Avropada istehsal olunan məhsullara üz tuturlar. Yerli istehsala isə tələbat azalır. Çünki yerli istehsalın bu gün Azərbaycan bazarında olan xaricdən gətirilən məhsullarla rəqabət aparmaq qabiliyyəti zəif olduğu üçün biz indiki mənzərə ilə qarşı-qarşıya qalmışıq".

Ekspert bildirir ki, Çindən gətirilən məhsullar ona görə daha ucuz başa gəlir ki, bu ölkədə ucuz işçi qüvvəsi var: "Bunun digər bir səbəbi də məhz Çindən gətirilən mıəhsulların daha sərfəli olmasıdır. Burda xüsusi bir nüansı vurğulamaq istərdim ki, bir çox sahibkarlar, azərbaycanlılar da, əvvəlki illərdə özləri istehsal etdiyi məhsulların artıq daha ucuz başa gələn variantını sifarişlə Çində istehsal etdirirlər. Orda ucuz başa gəlməsi ucuz işçi qüvvəsi ilə əlaqadardır. Bəzən olur ki, məhsul Çində istehsal olunur, amma üstünə başqa ölkənin markası yapışdırılır. Bu istehlakçının hüquqlarının pozulması faktıdır. Lakin biznesin əsas marağı daha çox gəlir əldə etməkdir".

Iqtisadçı daha sonra bildirib: "Nəzərə də alaq ki, Azərbaycanda zaman-zaman əmək haqları artır, demək ki, işçi qüvvəsi bahalaşır. Bu amil də yerli istehsalın maya dəyərinin baha başa gəlməsinə gətirib çıxarır. Maya dəyəri artmış malların keyfiyyəti isə onun qiymətinə adekvat deyil. Belə olan təqdirdə də sahibkar variantlar axtarır ki, bunlardan da biri Çində istehsal edilən məhsulların Azərbaycana gətirilib satılmasıdırsa, eyni zamanda öz məhsulunu Çində istehsal etdirərək ölkəyə gətirib satdırmasıdır. Bütün bunların fonunda biz hazırki mənzərə ilə üzləşmişik".

Rəşad Həsənov hesab edir ki, yerli istehsalı artırmaq üçün istehsalçılar bir tərəfdən daha keyfiyyətli mal buraxmalıdırsa, digər tərəfdən əhalinin inamını qazanmalıdırlar: "Azərbaycanda trikotaj sektorunun inkişafının yeganə yolu daha keyfiyyətli məhsulun istehsalıdır. Bununla yerli məhsul xaricdən gətirilənlərlə rəqabət apara bilər. Nəzərə alanda ki, Azərbaycanda istehsal olunan məhsullarn MDB ölkələrinə ixracı da mümkündür, bu ixracı stimullaşdırmaqla ölkədə trikotaj sektorunu ayaqda tutmaq olar".


Sizin Reklam Yeriniz