news Image
2014.06.25
12:01
| A A A
Turizm mərkəzləri endirimdən uzaq qaçır
Elxan Vəliyev: «Mövsüm vaxtı bizdə nəinki qiymətlər endirilir, əksinə artım olur və boş yer tapmaq da müşkülə çevrilir»

Yayda istirahət üçün insanların ən çox üz tutduqları ölkələrdə adətən turizm mərkəzləri xüsusi yay endirimlərindən ibarət kampaniyalar həyata keçirirlər. Turistlər də bu cür müxtəlifsaylı kampaniyalardan yararlanaraq istirahətlərini edir, gəzməli-görməli yerlərə rahatca dolaşa bilirlər. Nəzərə alanda ki, endirimli qiymətlər həmin istirahət yerlərinə daha çox müştəri cəlb edir, bu halda qazanan yenə də turizm mərkəzinin özü olur. Azərbaycanda isə sözügedən təcrübədən istifadə edilmir. Yay vaxtı hansısa istirahət mərkəzində endirim kampaniyasının edilməsi, təəssüf ki, ölkəmizdə yaşanmayan bir haldır.

Turizm sahəsi üzrə ekspert, iqtisadçı Elxan Vəliyev məsələ ilə bağlı Movqe.az-a münasibət bildirib. Onun sözlərinə görə, mövsüm vaxtı bizdə nəinki qiymətlər endirilir, əksinə artım olur və boş yer tapmaq da müşkülə çevrilir : "İlk növbədə onu söyləmək lazımdır ki, bütün ölkələrdə belə endirimlər edilir. Azərbaycanda isə mövsüm vaxtı belə endirimlərdən söhbət gedə bilməz. Bizdə mövsüm vaxtı artıq yerlər az qalır, bəzən isə tamamilə dolur. Bu məkanlara tək azərbaycanlılar yox, başqa ölkələrin vətəndaşları da üz tutur. Bu zaman nəinki mövsümi endirimlərdən yararlanmaq olur, yer də tapmaq olmur. Tapdığın yer də əksinə, əvvəlkindən baha qiymətə olur. Çünki ödənişlər daha da artırılır. Hətta mən deyərdim ki, bəzi yaxşı otellər heç vaxt mövsüm vaxtı endirim etmirlər. Necə ki xarici brendlər heç biri sezonda mallarına endirimlərə getmir, tələbat çox olan otellər də heç vaxt endirimə baş vurmurlar. Endirim nadir hallarda olsa da, çox az olur".

"Məsələ burasındadır ki, dövlət də bu şirkətlərə, otellərə endirimli qimyətlər təqdim etməyə stimullaşdırmaqda maraqlı olmur. Ona görə ki, hər bir ölkə turizmdən yaxşı gəlir əldə etməyə çalışır. O qədər nöqsanlı sahələrimiz var ki, o sahələr üçün stimullaşdırıcı addımlar atılmasına daha çox ehtiyac var, nəinki turizm qiymətlərinin ucuzlaşdırılmasına",- iqtisadçı bildirib.

Elxan Vəliyev eyni zamanda bəzi şirkətlərin yalançı endirim kampaniyaları həyata keçirməsindən də danışdı. Ekspertə görə bu cür şirkətlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi nəzarət edilməlidir: "Bir məsələni də qeyd etmək istərdim ki, bəzən şirkətlər 30%-dən 70%-ə qədər müxtəlif endirimlər olduğunu elan edirlər. Lakin təklif olunan qiymətlər heç də endirimdən xəbər vermir. Düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyi bu kimi şirkətlərlə ciddi iş aparmalıdır. Çünki bu, birbaşa istehlakçının aldadılması faktıdır".

Bütün bunlar son nəticədə yenə xaricə istirahət üçün üz tutan azərbaycanlıların sayını artırır. Ekspertlər hesab edirlər ki, yerli turistlərin xaricə üz tutmalarının başlıca səbəbi Azərbaycanda fəaliyyət göstərən turizm mərkəzlərinin düzgün qiymət siyasəti formalaşdıra bilməməsidir. Elə turizm obyektləri var ki, orada bir həftəlik istirahətin qiyməti qonşu xarici ölkələrdəki qiymətlərdən demək olar ki, fərqlənmir, bəzi hallarda üstələyir də. Azərbaycandan turistlər daha çox Türkiyədə Antalya, Bodrum şəhərlərinə, Uludağa, Gürücstanda isə Bakuriani istirahət mərkəzinə üz tuturlar. Rusiyada əvvələr Kislovodska istirahətə gedən azərbaycanlıların indi demək olar ki, bu bölgəyə marağı azalıb. Rusiya artıq turizm zonası kimi Azərbaycanın turizm siyahılarında aşağı yerləri tutur.İndi Azərbaycan üçün turizm sahəsində yeni rəqiblər meydana çıxır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs