Əlaqə Arxiv
news Image
2014.06.27
11:30
| A A A
Kreditlər sığortalana bilər
Məhəmməd Talıblı: «Problemli kreditlərin bu qədər artması, dinamikanın bu dərəcədə yüksəlməsi əslində, çox ciddi siqnaldır» Oqtay Haqverdiyev: «Kredit verilərkən qoyulan girov əslində, elə o kreditin sığortası, zəmanətidir»

Azərbaycanda problemli kreditlərin həcmi ilə bağlı məsələ hələ də öz həllini tapa bilmir. Bu şərtlər altında bankları gözləyən təhlükənin qarşısını almaq üçün verilən kreditlərin sığortalanması məsələsi gündəmə gəlir. İqtisadçılar Movqe.az-a açıqlamalarında məsələyə münasibət bildiriblər. 

 İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı bildirir ki, bu il ərzində problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb ki, bu ciddi siqnal deməkdir:  "Problemli kreditlərin bu qədər artması, dinamikanın bu dərəcədə yüksəlməsi əslində, çox ciddi siqnaldır. Nəzərə alanda ki, ötən ilin analoji dövrünə olan göstəricilərlə  müqayisədə bu il ölkədə problemli kreditlərin həcmi 50% artıbdır, bu, əslində, çox ciddi problemdir. Adətən  problemli kreditlərin həcmində illər üzrə dəyişiklik 10-15 % səviyyəsində olur. Amma indiki halda bu rəqəm 50%-in üzərindədir". 

İqtisadçı kreditlərin sığortalanmasını məqsədəuyğun sayır. Lakin bununla paralel olaraq ölkədə kollektor şirkətlərin yaradılmasını təklif edir: "Bu zaman problemli kreditlərin profilaktikasını həyata keçirmək üçün bir sıra versiyalardan istifadə etmək olar. Bunlardan biri də kreditlərin sığortalanması ola bilər. Amma digər variant, beynəlxalq təcrübədə də olduğu kimi, kollektor şirkətlərin formalaşdırılması ola bilər. Banklar kredit satır, lakin bir sıra hallarda həmin kreditin geriyə dönüş prosesini təmin edə bilmir. Bu, artıq banklardan iki qat məsuliyyət və zəhmət tələb edir. Kollektor şirkətlər belə məqamda məhz problemli kreditlərin qaytarılması ilə məşğul olur.  Bu kollektor şirkətlər banklarla müqavilələr bağlayır və bağlanmış müqavilələr əsasında həmin qaytarılması çətin olan problemli kreditləri  geriyə qaytarıb banklara təhvil verir. Bunun müqabilində də qaytardığı vəsaitin müəyyən bir qismi kollektor şirkətlərin gəliri kimi çıxış edir. Belə variantlar dünya təcrübəsində çoxdur. Hər birindən də yararlanmaq olar. Belə olan halda, düşünürəm ki, ölkədə problemli kreditlərin həcmi  qismən yumşala bilər.

Problemli kreditlərin yaranması səbəblərinə gəldikdə isə, kökündə ölkədə kredit götürən vətəndaşlarımızın sosial-iqtisadi durumu, onların aylıq gəlir səviyyəsi və s. ümumilikdə problemli kreditlərin daha da gərginləşməsinə rəvac verir. Bizdə bu problemli kreditlərin geriyə dönüş prosesini həll etmək üçün müxtəlif xidmətlər təklif edən şirkətlər olmalıdır. Bu yolla mövcud problemləri qismən yumşaltmaq olar".  

İqtisadçı Oqtay Haqverdiyev isə deyir ki, kredit verilərkən qoyulan girov əslində, elə o kreditin sığortası, zəmanətidir: "Əgər şəxs krediti qaytarmasa, bank onun qoyduğu əmlakı, ya maşını götürür. Beləliklə, verdiyi krediti başqa yolla geri alır". 

Problemli sayılan belə kreditlərin həcmi artıq 895,6 milyon manata çatıb. Ümumi kredit portfelində qaytarılma müddəti gecikən kreditlərin xüsusi çəkisi artıq 5,5 faiz təşkil edir. Bu o deməkdir ki, banklar tərəfindən kredit kimi verilən hər 100 manatın 5,5 manatı geri qayıtmır. Yaranmış real durum zərərlə işləyən bankların da sayının artması ilə müşayiət olunur. 


Sizin Reklam Yeriniz