Əlaqə Arxiv
news Image
2014.07.08
08:21
| A A A
Azərbaycandan ildə 3 milyard dollar çıxarılır
Natiq Cəfərli: “Türkiyənin daşınmaz əmlak bazarında alıcı qismində azərbaycanlılar ilk beşlikdədir” Pərviz Heydərov: “Bu, birincisi, iqtisadiyyatın inkişaf etməkdə olduğunu, ikincisi isə əhalinin dolanışıq səviyyəsinin yaxşılaşdığını göstərir”

Son illər Azərbaycandan xaricə pul köçürmələrin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Köçürmələr müxtəlif məqsədlər həyata keçirilib və keçrilməkdədir. Artıma əsas səbəb insanların gəlirlərinin artması gösətirilir. Pul köçürmələri Rusiya və Qərb ölkələri, Türkiyə istiqamətində daha çoxdur. Digər ölkələrə də pul köçürmələri var. Məsələn, Ukranyaya Azərbaycandan bu ilin ilk rübündə 12,7 milyon dollar köçrülüb. Köçürmələr sadə vətəndaşlar tərəfindən də çox həyata keçrilir. Bununla Azərbaycan artıq donor ölkəyə çevrilməkdə olduğuun da nümayiş etdirir.

İqtisadçı Natiq Cəfərli bildirdi ki, xaricə pul köçürmələrin artmasında müxtəlif səbəblər ola bilər: "İlk amil odur ki, Azərbaycanda keçən ildən başlayaraq bir neçə bankda problemlər yaşandı. Həmin problemlər insanların banklara olan inamında müəyyən dərəcədə sarsıltma yaratdı. Sovet bankında batan pulların psixolji travması da öz yerində. Eyni zamanda bir neçə bankın bağlanma təhlükəsinin olması barədə xəbərlər də çıxır. Bütün bu məsələlər insanların öz vəsaitlərinin bir hissəsini xaricə çıxarmağa səbəb olub. Digər məsələ isə ətraf ölkələrdə, əsasən də Türkiyə və Gürcüstanda əmlakın Azərabaycandan dəfələrlə ucuz olmasından irəli gəlir. İnsanlar əllərində olan vəsaiti yatırım kimi həmin ölkələrə çıxarırlar. Bu, son bir ildə çox dəbə düşüb. Türkiyənin daşınmaz əmlak bazarında alıcı qismində azərbaycanlılar ilk beşlikdədir. Əsasən bu iki səbəb görə son dövrlər Azərbaycandan xaricə pul köçürmələr intensiv hal alıb. Digər tərəfdən bu, həmçinin Azərbaycanda əhalinin müəyyən bir qisminin gəlirlərində ciddi artımın olması ilə əlaqələndirilir. Onlar xaricə pul yatırmaqla gələcəkdə Azərbaycanda baş verə biləcək hansısa inflyasiya və ya bu kimi təhlükələrdən qorumağı düşünürlər".

Ekspertin fikrincə, xaricə pul köçürmələr müəyyən dərəcədə daxili bazarın zəifləməsinə təsir edə bilər: "Amma insanların özlərinin gəlirlərinin artmında, yatırımların qorunmasında faydalıdır. Çünki, xaricdə yatırım şəxsi gəlirləri artırır".

Digər iqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, ölkəmizdən kənara pul köçürmələrinin həcminin artması təbii haldır: "Bu, birincisi, iqtisadiyyatın inkişaf etməkdə olduğunu, ikincisi isə əhalinin dolanışıq səviyyəsinin yaxşılaşdığını göstərir. Ümumiyyətlə, pul köçürmələri hüquqi və fiziki şəxslər vasitəsilə həyata keçirilir ki, hər iki istiqamətdə artım var. Lakin bilavasitə, sonuncu istiqamətdə dəqiq hesablama məlum deyil. Bütövlükdə, investisiyalar da nəzərə alınmaqla ildə Azərbaycandan təqribən, 3 milyard ABŞ dollarına yaxın və yaxud bir az yuxarı pul axının olduğu güman edilir. Ən çox hissə, investisiyalara məxsusdur. Belə ki, 2013-cü ildə Azərbaycan tərəfindən digər ölkələrin iqtisadiyyatına 1,5 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 35,6 faiz çoxdur. Ümumiyyətlə, son 10 ildə ölkəmizdən investisiyaların ixracı 8 milyard ABŞ dollarını keçib. Bu da onu göstərir ki, Azərbaycan investisiyalar cəlb etməklə yanaşı, investisiyaların ixracatçısı kimi də çıxış etməkdədir. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Türkiyəyə 2018-ci ilədək 17 milyard ABŞ dolları həcmində investisiya yatırılacağı gözlənilir. Gürcüstanda isə 300 civarında Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda 10 minə yaxın iş yeri yaradılıb".

İqtisadçı bildirdi ki, investisiya ixracatçısı kimi çıxış etməyimiz olduqca əlamətdar hadisədir: "Fiziki şəxslər istiqamətindən vəsait ixracının isə özü də hər cür qeyri-qanuni hallardan kənarda heç də səmərəsiz deyil. Belə ki, ölkə əhalisinin gəlirləri artdıqca bunun genişlənməsinin müşahidəsi müsbət tendensiyadır. Ancaq bütün bunlara rəğmən, ölkəmizə pul idxalı üstün təşkil edir ki, əgər, bu, əksinə olsaydı, o zaman sözügedən tendensiyanın müsbət əhəmiyyəti barədə daha çox danışmaq olardı. Üstəlik, ölkə iqtisadiyyatında mövcud iqtisadi yüksəliş tempinin önümüzdəki illər ərzində nisbətən səngiyəcəyi ilə əlaqədar, vəsait axının hazırkı səviyyəsində müəyyən eniş də gözlənilməkdədir".

Sizin Reklam Yeriniz