Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Qanunsuz tikililər daha böyük problemə çevrilir
 
 
news Image
2014.07.11
10:54
| A A A
Qanunsuz tikililər daha böyük problemə çevrilir
Rövşən Talıbzadə: «Qanunsuz tikililərin inşası həm dövlətə, həm də şəxslərin özünə ziyandır» Nüsrət İbrahimov: «Həm inzibati, həm də qabaqlayıcı metodlarla məsələni qaydasına qoymaq olar»

Bu gün paytaxt ərazisində hələ də qanunsuz tikililərin inşasına rast gəlmək mümkündür. Sözügedən məsələ hökuməti də ciddi narahat edir. Bu günlərdə baş nazirin müavini Abid Şərifov  bildirib ki, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul edilməsi gözlənilir: "Hazırda biz bu məsələyə baxırıq. Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır". Baş nazirin müavini tədbirlər planının nədən ibarət olacağını açıqlamayıb. O əlavə edib ki, tədbirlər planı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. 

Hələlik isə təhlükəsiz olmayan yerlərdə qeyd  edildiyi kimi belə evlərin inşasına rast gəlinir.  "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə bunu belə evlərin sənədləşməsi ilə bağlı görülən işlərin ləngiməsi ilə əlaqələndirir.  

Ekspert Movqe.az-a açıqlamasında bildirib ki,  bu gün şəhər ərazisində 500 minə yaxın sənədsiz tikili var: "Bu tikililərin arasında həm mühafizə zolaqlarında yerləşən, həm də mühafizə  zolağında yerləşməyən fərdi evlər var. Təbiidir ki, mühafizə zolaqlarında yerləşən evlərin sənədləşməsi mümkünsüzdür. Çünki bu, qanunvericiliklə mümkün deyil. Amma yerdə qalan evlərin sənədləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.  Orda da iş müvafiq strukturlara bölünüb ki, konkret siyası tutulsun və bundan sonra tədbirlər görülsün. Amma hələ ki, konkret nəticələr əldə olunmayıb. İşin ləngiməsi şərait yaradır ki, yenə də qanunsuz tikililər inşa olunsun. Bununla bağlı bizim əlimizdən gələn yalnız maarifləndirmə işidir. Biz  maarifləndirmə apara bilərik ki, mühafizə zolaqlarında evlərin tikilməsi qadağandır. Amma yenə də bu işlər davam edir. Çıxış  yolunu onda görürəm ki, evlər konkret siyahıya alınsın, vətəndaş bilsin ki, onun evi siyahıdadır, ya yox. Bilsə ki, onun evi heç vaxt sənədləşdirilməyəcək, nə vaxtsa sökülə bilər, onda heç vaxt bu addımı atıb qanunsuz tikili tikməz".

Ekspert vurğulayır ki, problemin həlli yolu görülən işlərin sürətləndirilməsidir: "Nəzərə almaq lazımdır ki, qanunsuz tikililərin inşası həm dövlətə, həm də şəxslərin özünə ziyandır. Dövlətə ona görə ziyandır ki, büdcə bu evlərdən alınacaq əmlak vergisini itirir. Vətəndaşlara o baxımdan ziyandır ki, onlar evlərinin müqəddəratını, gələcəyini bilmirlər.  Bu baxımdan işlər sürətlənməlidir. Bunun üçün hansısa müddət müəyyən olunsa daha məqsədəuyğun olar. Məsələn, vaxt qoymaq olar ki, 2015-ci ilə kimi bu siyahı tutulsun. Bu tarixdən o tərəfə kiminsə sənədsiz ev tikməsi mümkün olmayacaq. Tikilən bütün evlər söküləcək. Vətəndaş də anlayacaq ki, bu addım qanuna ziddir və bu yoldan çəkinəcək". 

 "MBA LTD" konsaltinq və qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov isə problemin həlli yollarını Movqe.az-a açıqlamasında bu cür şərh edib: "Qanunusuz tikililərin inşasının qarşısını almaq üçün ilk olaraq insanlar arasında maarifləndirmə işləri aparmaq lazımdır. Onları başa salmaq lazımdır ki, təhlükəli yerdə mənzil tikintisi  nə ilə nəticələnə bilər. Xüsusən də yüksək təzyiqli qaz borularının, su xətlərinin yanında,  yüksək gərginlikli elektrik xətlərinin altında, yaxud neft gölməçələrinin ətrafında və s.  Harda ki yaşayış  üçün təhlükə var, orda insanların yaşaması üçün münbit şərait olmadığını insanlar anlamalıdırlar. Bundan əlavə, bələdiyyələrlə, ikinci növbədə isə sahə müvəkkilləri ilə işi gücləndirmək lazımdır. Çünki belə tikintilərdə daha çox şərait yaradan onlardır. Digər tərəfdən isə mənzilə real tələbatı olan insanların mənzil problemlərini həll etmk üçün imkan yaratmaq lazımdır ki, onlar qeyri-qanuni yollara əl atmasınlar. Çünki insanların çoxu çıxılmaz vəziyyətdə qaldıqlarına görə gedib qeyri-qanuni evlər tikirlər. Beləliklə, həm inzibati, həm də qabaqlayıcı metodlarla məsələni qaydasına qoymaq olar".

Qeyd edək ki, yayılan məlumata əsasən, paytaxtda qanunsuz tikililərin sənədləşdirilməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahıya alınması prosesini artıq başa çatdırıb. Və sentyabrdan 4 kateqoriya üzrə , 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin sənədləşdiriliməsi nəzərdə tutulur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs