Əlaqə Arxiv
news Image
2014.07.15
08:04
| A A A
Bankların rəsmi qeydiyyatdan gizlətdiyi əmanətlər
Vüqar Bayramov: “İstisna edilmir ki, bəzi banklar vergidən yayınmaq üçün əmanətlərin qeydiyyata alınamamasını həyata keçirə bilərlər” Eldar Qocayev: “Azərbaycanda hələlik belə bir fakt yoxdur, amma istisna da edilmir”

Qonşu Rusiyada banklarda aparılan yoxlamalar zamanı kifayət qədər ilginc məqamlar üzə çıxıb. Bəlli olub ki, banklar fiziki şəxslər tərəfindən yatrılan əmanətlərin heç də hamısının tələb olunan qaydada qeydə alaraq rəsmiləşdirməyiblər. Səbəb isə dövriyyəni azaltmaqla vergidən yayınmaq olub. Təkcə "Mosoblbank"da belə yoxlama zamanı 70 milyard rublun qeydə alınmadığı üzə çıxıb. Maraqlıdır, Azərbaycan banklarında da analoji hallar mümkündürmü?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, əmanətlərin qeydiyyata alınmamasında əsas məqsəd, mənfəətin nisbətən az göstərilməsidir: "Banklar bununla da daha az vergi ödəmək istəyirlər. Bütün hallarda əmanətlərin qeydiyyata alınmaması qanunvericiliyə ziddir. Azərbaycanda "Banklar haqqında" qanun birmənalı şəkildə bütün əmanətlərin qeydiyyata alınmasını tələb edir. Müqavilə ilə vətəndaşdan alınan əmanətlər bankda həmin an qeydiyyata alınmalıdır. Tədqiqatlarımız göstərir ki, Azərbayanda belə bir problem yoxdur. Mərkəzi Bankın hesabatlarında da əmanətlərin qeydiyyata alınmaması ilə problemin olduğu göstərilmir. Amma bankların fəaliyyətini beyin mərkəzləri və ya vətəndaş cəmiyyətləri institutlarının dəqiq yoxlaması mümkün deyil. Biz yalnız müşahidələr və Mərkəzi Bankın hesabatlarına əsasən fikir yürütmək imkanlarına malikik. Ona görə də mövcud hesabatlar və müşahidələr hələlik Azərbaycanda belə bir problemin olmadığını göstərir. Amma istisna edilmir ki, bəzi banklar vergidən yayınmaq üçün əmanətlərin qeydiyyata alınamamasını həyata keçirə bilərlər. Nəzərə alaq ki, müqavilə bağlandıqdan sonra həmin əmanətin qeydiyyata alınıb-alınmaması bəlli deyil. Müşahidələr nəticəsində həmin müqavilənin qeydiyyata alındığını iddia etmək mümkündür. Belə bir təhlükə hər bir ölkədə var. O baxımdan əmanətlərin qeydiyyata alınmaması ilə bağlı Azərbaycanda qanunverciliyin sərtləşdirilməsinə və ya həmin bankların lisenziyalarının geri alınması şərtinin daxil edilməsinə ehtiyac var. Əmanətin qeydiyyata alınmaması yalnız kommersiya bankının vergidən yayınması üçün zəmin yaratmır. Eyni zamanda həmin əmanətin taleyini sual altına qoyur. Çünki, kommersiya bankının müflisləşməsi olarsa, bankda mövcud və qeydiyyata alınmış göstəricilər əsasında təhvil-təslim baş verir. O zaman isə qeydiyyata alınmayan əmanətlər geri qaytarılmayacaq. Ona görə də qanunverciliyin sərtləşdirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda Mərkəzi Bankın mütəmadi olaraq reydlər keçirməsi olduqca vacibdir. Çünki, kommersiya bankları bunu çox gizli şəkildə edirlər".

İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev bildirdi ki, belə bir təhlükə həmişə var: "Bu vergi cinayətinin predmetidir. Bank vergidən yayınmaq məqsədi ilə real depozitin miqdarını aşağı göstərə bilər. Azərbaycanda hələlik belə bir fakt yoxdur, amma istisna da edilmir. Eyni zamanda qanunvericilikdə bunun qarşısının alınmasına görə normalar öz əksini tapıb. Bizdə əhaliyə satılan mənzillərin həcmini göstərərkən bu məsələlərə əl atırlar. Yəni, ikili hesabat aparırlar".

Eldar Qocayev əlavə etdi ki, burada qanunvercilikdə boşluq yoxdur: "Praktikadan irəli gələn məsələlərdən söhbət gedir. Yəni, paralel hesabatlar nəticəsində belə işlər ortaya çıxır. Yaxşı olar ki, banka depozit qoyularkən şəxs həmin müqavilənin bir nüsxəsini Vergilər Nazilirliyinə təqdim etsin. Kommersiya xarakterli məlumatların dövlət orqanlarının bilməsində problem yoxdur."

Sizin Reklam Yeriniz