news Image
2014.07.15
07:10
| A A A
Tikinti sektoruna ərəb sərmayəsinin axını başlanacaq…
Rəşad Həsənov: “Böyük neft ehtiyatlarına malik ərəb ölkələrinin kapitalı Azərbaycna üçün münbit maliyyə mənbəyi sayıla bilər” Nüsrət İbrahimov: “Xarici investorların gəlişi qiymətlərə də müsbət təsir göstərəcək”

Neftin dünya bazarlarında qiymətinin sürətli artımı "qara qızıl" hasil edən ölkələrin daha çox vəsait əldə etməsinə səbəb olub. Bu xüsusda neftlə zəngin ərəb ölkələri daha çox seçilir. Neftdən daha çox gəlir əldə edən ərəb ölkələri vəsaitin bir hissəsini tikinti sektoruna yönəldir və yeni nəhəng tikililər inşa edir. Eyni zamanda Avropa ölkələri ərəb sərmayəsinin qitəyə gəlişini stimullaşdırmaq üçün sərfəli təkliflər üzərində işləyir və gözlənir ki, Avropanın tikinti sektoruna ərəb ölkələri tərəfindən 145 milyard dollar vəsait yatırılacaq. Ekspertlər belə stimulaşdırıcı təkliflərin Azərbaycan tərəfindən də hazırlanararq icraya yönləndirilməsini mümkün sayır. Onsuz da bir çox ərəb dövlətləri Azərbaycana maraq göstərməkdədir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin Rəşad Həsənov bildirdi ki, Azərbaycanın əsas dövlət siyasəti xarici investisiyaların ölkəyə cəlb olunmasından ibarətdir: "Bununla bağlı rəsmi və qeyri-rəsmi ortaq mövqe var. Xarici investisiyaların ölkəyə daxil olması iqtisadiyyatın böyüməsi deməkdir. Həmçinin, gənc bir ölkə olaraq Azərbaycanın kapitala ehtiyacı var. Azərbaycanda infrastruktur layihəri bitməyib. Azərbaycanın hazırda tikinti sektoru ilə bağlı kapitala ciddi ehtiyacı hiss olunmaqdadır. Artıq hökumət Dövlət Neft Fondundan gələn gəlirlərdən büdcəyə transefləri azaltmaq haqqında qərar qəbul etdi. 2014-cü ilin büdcəsinə baxdıqda biz bu rəqəmləri görə bilərik. Bu da ona gətirib çıxarır ki, hazırda Azərbaycanda tikinti sektorunda kapitala ehtiyac duyulur. Dövlət neftdən gələn gəliri Neft Fondunun nizamnaməsinə uyğun həyata keçirərsə, bu sahədəki boşluğu digər alternativlərlə doldurmaq lazım olacaq. Onu da nəzərə alaq ki, hazırda böyük neft ehtiyatlarına malik ərəb ölkələrinin kapitalı Azərbaycna üçün münbit maliyyə mənbəyi sayıla bilər. Eyni zamanda ərəb ölkələri ilə Azərbaycan İslam Əməkdaşlığı Təşkiları çərçivəsində birgə fəaliyyət nümayiş etdirir. Müsəlman ölkəsi olduğumuza görə, ərəblərin Azərbaycanda fəaliyyətində ciddi problem yaranmaz. Lakin digər məsələ ondan ibarətdir ki, ərəblərin burada fəaliyyəti üçün münbit şərait yaradılmalıdır. Məhz bu hissədə hökumət ciddi siyasi iradəni ortaya qoymalıdır ki, Azərbaycana investisiya axını baş versin. Çünki, artıq neft sektorunun kiçilməsi başlayıb. Əvəzində də qeyri-neft sektorunu inkişaf etdirmək hökumətin qarşısında duran prioritet məsələlərdəndir. Bununla da azalmanı kompensasiya etmiş olacaqlar".

İqtisadçı əlavə etdi ki, bazar iqtisadiyyatından söhbət gedirsə, adətən yerli şirkət daha üstün olur: "Nəzərə alsaq ki, yerli şirkətlər həqiqətən də monopoliyanı əldə saxlamaq istəyirlərsə, bu, Azərbaycan iqtisadiyyatına yönəlmiş zərbə effekti yaradır. Xarici investorların ölkəyə girməyi birbaşa vətəndaşın xeyrinədir. Çünki, o zaman daşınmaz əmlak bazarında qiymətlər aşağı düşəcək. Bugün Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər bahadır. Bunu qaynaqlandıran əsas səbəb şirkətlərin sayının az olmasıdır. Xarici investorların ölkəyə gəlməsi ilə bu nüanslar ortadan qalxa bilər".

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı-ekspert Nüsrət İbrahimov hesab edir ki, ərəb investorlarının Azərbaycanın tikitnti bazarına daxil olmasını məqbul hesab etmək mümkündür: "Ümumiyyətlə, ərəblər dünyanın bir çox ölkələrinə investisiya yatırırlar. Bizə də niyə yatırmasınlar? Onlar yerli tikitni şirkətlərini bazrda çıxarmazlar. Əskinə, rəqabət yaradar, yerli tikinti şirkətləri də ondan faydalanarlar. Rəqabətli bazarda keyfiyyət də yüksək olur. Düzdür, ilk zamanlarda yerli şirkətlərin uduzması qaçılmazdır. Amma sonradan yerli şirkətlər məcbur olub həmin standartlarla işləyəcəklər ki, bazardan çıxmasınlar. Xarici investorların gəlişi qiymətlərə də müsbət təsir göstərəcək. Çünki, təklif varsa, qiymətlər stabilləşir. Yəni, süni qiymət artım imkanları məhdudlaşır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs