Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi başa çatır
Tikintisi dörd mərhələdə aparılacaq Şahdağ Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi üzrə tikinti işləri tamamlanmaq üzrədir.
Mədəniyyət və Turizm
Nazirliyindən APA-ya verilən
məlumata görə, bu mərhələyə ilk növbədə infrastrukturun qurulması,
yəni qaz, elektrik, su, rabitə sistemlərinin və 32 kilometrlik
yolun tikintisi daxildir. Birinci mərhələdə dörd ulduzlu otelin və
lift bazasının, kanat yollarının inşası nəzərdə tutulub.
Turistlərin xizək enişinə çatdırılması üçün kanat yolların inşası
davam etdirilir. Artıq 2, 3, 4, 8 və 9 nömrəli liftlərin
quraşdırılması başa çatıb. Hazırda 7 nömrəli liftin tikintisi üzrə
işlər aparılır. Kompleksin ərazisində daxili yollar tikilib, dağ
çayları üstündən körpülər salınıb. Turizm kompleksini Qusar rayon
mərkəzi ilə birləşdirən 32 kilometrlik avtomobil yolunun tikintisi
davam etdirilir. Yolun keyfiyyəti beynəlxalq standartlara uyğun
olaraq avtomobil nəqliyyatının maneəsiz və təhlükəsiz hərəkətini
təmin edəcək. Kompleksin qazlaşdırılması məqsədilə əraziyə qaz
kəməri çəkilib, obyektin istismara qəbulu üzrə işçi komissiyası
yaradılıb. Mehmanxana kompleksinin kanalizasiya sisteminin
tikintisi də tamamlanıb. Hazırda içməli su təminatı sistemində
işlər davam etdirilir. Layihənin növbəti mərhələlərində yeni xizək
yollarının salınması və yaşayış zonasının genişləndirilməsi nəzərdə
tutulub.