news Image
2014.07.15
15:45
| A A A
İstirahət mərkəzlərində qiymətlərə inzibati müdaxilə aktuallaşır
Ruslan Atakişiyev: «Bizdə daha çox müştərinin cəlb olunması yox, az müştəri ilə çox pul qazanmaq əsas götürülür» Elxan Vəliyev: «Tələbat artdığından, bu fürsətdən istifadə edən otellər, ayrı-ayrı istirahət mərkəzləri qiymətləri süni şəkildə artırıblar»

Son bir ayda regionlardakı istirahət mərkəzlərində yenidən qiymət artımı müşahidə olunmaqdadır. Bu da yay tətilini şəhərdən kənarda keçirmək istəyən vətəndaşlar arasında ciddi narazılığa səbəb olur. Məsələ orasındadır ki, tələb olunan qiymətlər qarşılığında təklif olunan xidmət də ürəkaçan deyil. Bu məsələ hər il mövsümi aylarda aktuallaşır. Lakin yenə də vəziyyət dəyişmir. Təklif olunur ki, qiymətlərə artıq inzibati müdaxilə olunsun. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru  Ruslan Atakişiyev deyir ki, adətən turizmin inkişaf etdiyi dünya ölkələrində mövsümi aylarda istirahət mərkəzlərinin qiymətləri ucuzlaşır: "Onların məqsədi daha çox müştəri cəlb etməkdir. Adətən, müəyyən paketlər, kampaniyalar həyata keçirilir ki, bu fürsətdən hamı yararlana bilir. Bizdə isə, vəziyyət başqadır. Daha çox müştərinin cəlb olunması yox, az müştəri ilə çox pul qazanmaq əsas götürülür. Bununla turizm obyektləri xərclərini örtmək istəyirlər". 

İqtisadçı inzibati müdaxilənin yox, rəqabətli mühitin yaradılmasının tərəfdarıdır. Ekspert hesab edir ki, belə olan şəraittdə obyekt sahibləri daha çox ucuz qiymətlər təklif etməyə maraqlı olacaqlar: "Düşünmürəm ki, qiymətlərə inzibati müdaxilə etmək düzgün olsun. Çünki bazar iqtisadiyyatı inzibati metodu qəbul eləmir. Burda daha çox rəqabət mühiti inkişaf etdirilməlidir. Ümumiyyətlə, bu sferada fəaliyyət mühiti daha da sağlamlaşdırılmalıdır. Əgər burda tam rəqabət mühiti yaradılarsa, turizm obyektləri daha çox mştəri cəlb etmək üçün qiymətləri aşağı salmalı olacaqlar". 

Turizm üzrə eskpert Elxan Vəliyev bildirir ki, indi əvvəlki illərə nisbətən rayonlara gediş-gəliş daha çox artır, daha çox turlar təşkil olunur: "Tələbat artdığından, bu fürsətdən istifadə edən otellər, ayrı-ayrı istirahət mərkəzləri qiymətləri süni şəkildə artırıblar. Çünki, yaranmış şəraitdən yararlanıb maksimum gəlir əldə etməyə çalışırlar. 

Halbuki, başqa turizm ölkələrində olduğu kimi, endirim kampaniyaları həyata keçirsələr, daha çox gəlir əldə edərlər. Düşünürəm ki, Mədəniyyət Və Turizm Nazirliyinin təşəbbüsü ilə otel qiymətlərinin dünya ölkələrindəki qiymətlər uyğunluğu təmin olunmalıdır". 




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs