news Image
2014.07.16
07:11
| A A A
Azərbaycan Rusiya neftinin ixracında əsas tranzit məkana çevrilir
Zəfər Vəliyev: “ARDNŞ və Rusiyanın enerji şirkətləri artıq illərdir ki, çox geniş əməkdaşlıq şəraitindədirlər”

Son dövrlərdə şimal qonşumuz öz neft ehtiyatlarının ixracında Azərbaycanın tranzit imkanlarından istifadəyə xüsusi maraq göstərir. Belə bir vaxtda bəlli olub ki, Rusiya Azərbaycan üzərindən qatarla neft daşımaq istəyir. Bunu Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması məsələləri üzrə müavini Zurab Abaşidze də təsdiq edib. Onunla Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdə Rusiya şirkətlərinin Gürcüstan dəmiryolundan tranzit kimi istifadəsi məsələsi müzakirə edilib. Zurab Abaşidzenin sözlərinə görə, Rusiya şirkətlərindən Gürcüstanın dəmir yollarından öz məhsullarının ixracı üçün istifadə təklifləri daxil olub: "Söhbət Azərbaycan ərazisindən keçən dəmiryolundan istifadə etməklə Gürcüstandan üzərindən neft məhsullarının daşınmasından gedir".

Bildirək ki, bu, Rusiyanın ilk təşəbbüsü deyil. Artıq Rusiya şirkətləri Bakı-Tiflis-Ceyhanla da neft ixracını reallaşdırmaqdadır. Ekspertlərin fikrincə, ölkəmizin tranzit ərazi kimi istifadə olunması iqtisadi, hətta siyasi faydası olacaq. Xüsusi ilə də nəzərə alaq ki, Azərbaycanın tranzit ölkə kimi praktikası var.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, Abxaziya və Osetiya məsələlərinə görə, Rusiya ilə Gürcüstan arasında birbaşa dəmiryolu əlaqəsi mövcud deyil: "Abxaziya üzərindən keçən dəmiryolu bağlıdır. Rusiyanın neft məhsullarını Azərbaycandan keçən dəmiryolu vasitəsi ilə Gürcüstan üzərindən dünya bazarlarına çıxarılması yeni məsələ deyil. Ötən il ARDNŞ ilə "Rosneft" arasında enerji sahəsində geniş əməkdaşlığı nəzərdə tutan saziş imzalandı. Bu, həm Azərbaycan, həm də Rusiya ərazisində birgə geoloji kəşfiyyat, hasilat, emal və nəql məsələlərini əhatə edir. Eyni zamanda terminallardan birgə istifadə haqqında müqavilə imzalanıb. Yəni, müqavilə əsasında ARDNŞ öz ərazisindən və ya öz ərazisindən kənardakı mövcud termianlları Rusiyanın enerji şirkətlərinin sərəncamına verə bilər. Gürcüstan ərazisində də ARDNŞ-nə məxsus böyük "Kulevi" neft terminalı mövcuddur. Onun illik ötürücülük gücü 10 milyon tondur. Onun bir hissəsi xam neft, digər hissələri isə neft məhsullarının qəbulu və nəqli üçün nəzərdə tutulub".

Ekspert hesab edir ki, Rusiyanın xam neftinin Azərbaycan üzərindən Gürcüstan vaistəsi ilə dünya bazarına çıxarılması bir az müəmmalı görünür: "Burada tarif, daşınma xərcləri məsələsi var. Eyni zamanda Gürcüstanın və Rusiyanın Qara dəniz ətrafında terminalları mövcuddur. Belə olan təqdirdə Rusiyanın xam neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması kommersiya cəhətdən mümkün deyil. Amma Rusiyanın neft məhsullarının Azərbaycan dəmiryolu vasitəsi ilə Gürcüstan üzərindən dünya bazarına çıxarılması mümkündür. Bunun üçün həm Azərbaycan, həm də Gürcüstan ərazisində normal infrastruktur mövcuddur. Keçən il oktyabr ayında Gürcüstan, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında hökumətlərarası saziş imzalanıb. Həmin sazişin ana xətti ondan ibarət idi, Qazaxıstan və Türkmənistanın neft məhsulları Azərbaycan üzərindən Gürcüstan terminalları vasitəsi ilə dünya bazarına çıxarılacaq. Bunun üçün ortaq daşınma şirkət – "Mariotta Holdinq" də yaratdılar. Çünki, Qazaxıstan və Türkmənistanın Qara dənizə çıxma imkanları məhduddur. Ona görə də Qazaxıstanın və Türkmənistanın neft məhsullarının müəyyən hissəsi Rusiya, müəyyən hissəsi də Azərbaycan üzərindən Gürcüstan vasitəsi ilə dünya bazarlarına çıxarılır".

Zəfər Vəliyev qeyd etdi ki, Rusiyanın təklifi çox cəlbedicidir: "Keçən ilin sonlarından başlayaraq Gürcüstanın Batumi və Poti limanları ətrafındakı teminallar hazır vəziyyətə gətirilib. Bu termianllar açıq neft məhsulları və sıxlaşmış qazın qəbulu üçün nəzərdə tutulub. Əgər Azərbaycan üzərindən Rusiyanın neft məhsullarının Avropa bazarlarına çıxarılması gündəmə gətirilərsə, ölkəmiz üçün heç də pis hal deyil. Çünki, ARDNŞ və Rusiyanın enerji şirkətləri artıq illərdir ki, çox geniş əməkdaşlıq şəraitindədirlər. Azərabaycan bu sahədə geniş təcrübəyə malikdir. Artıq bir neçə ildir ki, Qazaxıstan və Türkmənistan neftini Azərbaycan üzərindən Avropaya satışını təşkil edirik. Bunun üçün "Dübəndi" terminalı tikmişik. Eyni zaman Qazaxıstan və Türkmənistan nefti son illər Bakı-Tiflis-Ceyhan vasitəsi ilə dünya bazarlarına ixrac olunur. Azərbaycan üzərindən nə qədər çox məhsul ixrac olunarsa, ölkəmiz üçün xeyirdir. Çünki, tranzit haqqı ödənilir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs