Əlaqə Arxiv
news Image
2014.07.17
17:26
| A A A
Avroya görə yeni böhran yaranır
Rəşad Həsənov: «Avronun möhkəmlənməsi Avropa Birliyi üçün uğurlu bir siyasət deyil» Məhəmməd Talıblı: «Dünyada böhranı təşviq edən katalizator faktoru olaraq avronun dəyər qazanması yox, dəyər itirməsi ola bilər»

Son dönəmlər dünya birjalarında avronun məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Avropa Mərkəzi Bankının sədri Mario Draqi is Avropada yaşana deflyasiyanın və avronun məzənnəsinin dollarla müqayisədə möhkəmlənməsinin "köhnə qitə"də eni bir böhran riski yaratdığını bildirib. Şübhəsiz ki, Avropada böhran olacağı təqdirdə, bunun təsiri Azərbaycan iqtisadiyyatında da müəyyən qədər özünü  göstərə bilər. Məsələ ilə bağlı iqtisadçılar Movqe.az-a münasibətlərini bildiriblər.  

İqtisadi və Soaial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov ciddi bir dəyişikliyin olmayacağını bildirir. İqtisadçı hesab edir ki, Avropa Birliyi avronun məzənnəsinin bu templə irəliləməsinə imkan verməyəcək: "Yəqin ki, yaxın zamanda bununla bağlı həm Avropa Mərkəzi Bankı, həm də Avropa Birliyinin əsas partnyor ölkələri qərar qəbul edəcəklər. Doğrudur ki, avronun möhkəmlənməsi Avropa Birliyi üçün uğurlu bir siyasət deyil. Çünki Avropa iqtisadiyyatında  2008-ci il böhranının nəticələri hələ də tam olaraq aradan qaldırılmayıb.  Durğunluq, istehsal tempinin  aşağı düşməsi və s. kimi problemlər sonlandırılmayıb.  Bununla da bağlı, nəzərə alaq ki, avronun möhkəmlənməsi Avropa Birliyinin ixracını stimullaşdıran yox, zəiflədən bir nüans sayılır. Məhz bu nüansdan yanaşsaq, avronun möhkəmlənməyi Avropa Birliyinin ixrac imkanlarının məhdudlaşmasına və dolayısı ilə ümumi daxili məhsulun,  istehsalatın zəifləməsinə gətirib çıxarar ki, bu da onsuz da son illər çox cüzi şəkildə böyüyən Avropa iqtisadiyyatı üçün arzuolunmaz haldır". 

İqtisadçı avronun möhkəmlənməsi ilə, Azərbaycanda neft gəlirlərinin artacağını deyir: "Avronun Azərbaycana təsirlərindən danışanda isə, ilk yada düşən məsələlərdən biri Azərbaycanın Neft Fondu vəsaitlərinin təxminən 40%-nin avroda saxlanmasıdır. Burda təxminən 7-8 milyard avrodan söhbət gedir ki, avronun möhkəmlənməsi bu baxımdan neft fondu vəsaitlərinə təsirsiz ötüşmür".  

Ekspert avronun möhkəmlənməsi ilə bağlı Azərbaycanda Avropa ölkələrindən idxal olunan məhsulların bahalaşa biləcəyini deyir: "Burda ikinci bir məsələyə də diqqət yetirmək lazımdır ki, bu gün Azərbaycan  dünya bazarında idxalçı ölkələrdən biri sayılır. Onun iqtisadi partnyorlarının çoxunun Avropa Birliyinə daxil olduğunu nəzərə alsaq,  avronun möhkəmlənməsi bu ölkələrdən Azərbaycana gətirilən məhsulların qiymətində özünü göstərəcək. Beləliklə, avronun möhkəmlənməsi Azərbaycanın istehlak bazarında bahalaşmaya gətirib çıxara bilər. Və eyni zamanda  azərbaycanlı sahibkarın aldğı yarımfabrikatın, istehsalat vasitələrinin, texnikanın qiymətinin qalxması ilə müşayiət oluna bilər".  

İqtisadi Təhlil İnstitunun sədri Məhəmməd Talıblı da indiki halda avronun möhkəmlənməsinin hər hansı böhrana yol aça biləcəyini düşünmür: "Beynəlxalq iqtisadi münasibətlər sistemində hər hansı bir ölkənin valyutasının müəyyən mərhələ üçün güclənməsi və yaxud da mövsümi olaraq hər hansı bir valyutanın zəifləməsi müşahidə olunan normal prosesdir. Bu dəyişimlər nəticəsində həm qiymətli kağızlar bazarı, həm valyuta bazarı formalaşır və inkişaf edir.  O ki qaldı avronun dəyərinin hər hansı bir mərhələ üçün itirilməsi və ya hazırdakı kimi dəyər qazanması, bu da ciddi risk qazandıran amil deyil. Çünki, burda həmin ölkənin avrozonaya daxil olan məhsullarının həm yay fəsli ilə bağlı ixracat imkanları azala bilər, yaxud arta bilər, yaxud istehlakçların maraq və manəfeləri, zövqləri dəyişə bilər. Həmin bazarda rəqiblərin istehsal etdikləri mal və xidmətlərin həcmi arta bilər və çoxlu sayda bu kimi amillər həmin bazarın konyukturasına təsir edə bilər. Buna görə də, həmin dövrdə hər hansı valyutanın dəyərinin itirilməsi risk doğuracaq amil deyil. 

Sadəcə olaraq, dünyada böhranın təsirləri, böhranı təşviq edən katalizator faktoru olaraq avronun dəyər qazanması yox, dəyər itirməsi ola bilər. Amma ümumiyyətlə, avrozonada  dollara nisbətən avronun müəyyənləşməsi hər hansı bir yaxın  və uzaq dövr üçün risk doğuracaq  situasiya yaratmır. Sadəcə olaraq, bu, bir mərhələ olur. Bu da ölkənin iqtisadiyyatı üçün depressiya halı deyil. Mən bunu hər hansı böhrana yol açaqcaq amil kimi baxmıram".


Sizin Reklam Yeriniz