news Image
2014.07.23
07:15
| A A A
Xarici ticarətdə dollardan imtina dövrü başlanır
Kənan Aslanlı: “Milli valyuta ilə ticarətin aparılmasının üstünlüyü əməliyyat xərclərinin azalmasıdır” Samir Əliyev: “Xarici dövriyyədə milli valyutadan istifadə etmək onun bahalaşmasına gətirib çıxara bilər”

Ukraynaya görə Qərblə münasibətlərin soyumasından sonra Rusiya ABŞ dollarından asılılığı azaltmaq niyyəti ilə xarici ticarət hesablaşmalarında milli valyutalara keçmək məsələsini ortaya atıb. Bu arada yayılan məlumata görə, artıq Türkiyə tərəfi Rusiyaya xarici ticarətdə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadəni təklif edib. İstisna deyil ki,bu gedişlə həm Rusiya, həm də Türkiyə Azərbaycan ilə ticari əlaqəsində milli valyutadan istifadə edilməsi təklifini irəli sürəcək. Əslində, Rusiya tərəfindən belə təkliflər səsləndirilib.

İqtisadçı ekspert Kənan Aslanlı hesab edir ki, Rusiya ilə Türkiyə arasındakı bu təşəbbüs Rusiyadan qaynaqlanan zərurətdir: "Rusiya son zamanlar xeyli maliyyə sanksiyası ilə üzləşib. ABŞ-ın müxbir bankları üzərindən dollarla əməliyyat getdikcə çətinləşib. Məsələdən çıxış yolu kimi milli pul vahidləri ilə əməliyyatı görürlər. Bu, yeni məlumat deyil. Son 7 ildir zaman-zaman belə məlumatlar çıxır. Son sanksiyalardan sonra Rusiya məsələni yenidən aktuallaşdırıb. Bu məsələdə Rusiya ilə Türkiyə arasında bir zərurət var. Dövriyyə də böyükdür. Azərbaycan ilə Türkiyə arasındakı dövriyyədən 10 dəfədən çoxdur".

Ekspert bildirdi ki, milli valyuta ilə ticarətin aparılmasının üstünlüyü əməliyyat xərclərinin azalmasıdır: "İkincisi isə, əməliyyatlar daha operativ olur. Üçüncüsü, arxasında böyük iqtisadiyyat dayanan hansısa pul vahidinin alternativ regional valyuta kimi möhkəmlənməsinə səbəb ola bilir. Belə olan halda bölgədə türk lirəsinin mövqeyi daha da güclənə bilər. Qlobal olmasa da, regional güclü sərbəst dönərli valyuta kimi onun mövqeyi güclənə bilər. Bu məsələdə qonşu ölkələrlə münasibətdə Türkiyənin öz təşəbbüsü də var. Çünki, Türkiyə lirənin bölgədə sərbəst dönərli valyuta kimi mövqeyinin güclənməsində maraqlıdır. Rusiya ilə Türkiyə arasındakı bu məsələnin qısa müddətdə reallaşması istiqamətində addımlar atılacağı istisna edilmir. Azərbaycanla isə yaxın gələcəkdə belə bir məsələ gözlənilmir. Çünki hər iki tərəfin gündəmində bu məsələ kəskin zərurət kimi qarşıda durmur".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, dollardan imtina məsələsi son vaxtlar bəzi ölkələr tərəfindən gündəmə gəlib: "Bu işdə Rusiya, Çin, Braziliya daha çox təşəbbüskarlıq edir. Qərb tərəfindən Rusiyaya tətbiq edilən sanksiyadan sonra Kreml olanlara cavab vermək üçün bu addıma keçmək niyyətindədir. Amma dollardan imtina onların iqtisadiyyatına çox böyük zərər vura bilər. O cümlədən Azərbaycan üçün də dollardan imtina sərfəli deyil. Ona görə sərfəli deyil ki, ixracatımızda neft və neft məhsulları üstünlük təşkil edir. Bunlar da dollarla satılır. Azərbaycan istəsə belə, ixracda buna əməl etmək iqtidarında olmayacaq. İdxalda isə məsələ bir az fərqlidir. Azərbaycan valyutası sərbəst dönərli deyil. Bu gün neftin qiyməti 100 dollardan yüksək olduğuna görə manat etibarlı valyuta hesab olunur. Yəni, neftdən asılıdır. Neftin qiyməti aşağı düşsə, manatın etibarlılığını saxlamaq olmayacaq. Ona görə də belə valyutalarla əməliyyat aparmaq risklidir. Eyni zamanda xarici dövriyyədə milli valyutadan istifadə etmək onun bahalaşmasına gətirib çıxara bilər. Azərbaycanda onsuz bu gün manatın bahalaşma problemi var. Mərkəzi Bank bunun qarşısını almağa çalışır. Sabah milli valyuta ilə əməliyyat aparılsa, bahalaşma yarana bilər. Ona görə də dollardan imtinanı sadəcə təklif kimi görürəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs