news Image
2014.07.23
07:51
| A A A
Bioqaz potensialından hələ də istifadə olunmur
Vüqar Bayramov: "Azərbaycanın mövcud potensialı ölkə ərazisini tamamilə qazlaşdırmağa imkan verir "

Azərbaycanda qazlaşdırmanın səviyyəsinin yaxın tezlikdə 95 faizə çatdırılması nəzərdə tutulur. Bununla belə bir sıra ucqar və dağlıq ərazidə yerləşən kəndlər var ki, ora qaz çəkilişi iqtisadi çəhətdən rentabelli sayılmır. Belə kəndlərdə hazırda evlərin qızdırılması üçün odundan istifadə edilir. Bu isə meşələrin qırılması deməkdir. Amma dünya təcrübəsi göstərir ki, ucqar kənd yerlərində evləri bioqazdan istifadə etməklə qızdırmaq daha sərfəlidir. Məsələn, bioqazın payı Danimarkanın ümumi enerji balansında 18%, İsveçrədə 10% təşkil edir.Çin, Hindistan, Nepal, Vyetnam kimi ölkələrdə isə məişət üçün nəzərdə tutulmuş kiçik bioqaz qurğuları geniş istifadə edilir. Qeyd edək ki, bioqazın tərkibi təbii qaza çox yaxın olub üzvi tullantıların bakteriyalar vasitəsilə çürüdülməsindən alınır. Bioqaz bioloji kütlənin anaerob qıcqırması nəticəsində yaranan, metan qazının ayrılması ilə müşayiət olunan qazdır. Anaerob qıcqırma havasız şəraitdə baş verən qıcqırma prosesidir. İstənilən kənd təsərrüfatında il ərzində kifayət qədər peyin, bitki qalıqları, müxtəlif bitki və heyvan mənşəli üzvi tullantılar yığılır. Adətən onlar parçalandıqdan sonra üzvi gübrələr kimi istifadə olunur. Lakin bu çürümə prosesi zamanı istilik və qazın ayrılmasını çox az insan bilir. Bioqaz adi təbii qaz kimi istilik yaradılmasında, elektrik enerjisi istehsalında istifadə edilir. Onu sıxmaq, avtomobilə doldurmaq mümkündür. Bir kubmetr bioqazdan 2-3 kVt saat elektrik enerjisi istehsal edilə bilər. Bu üsulla yanacaq əldə edilməsinin əsas üstülüyü odur ki, müxtəlif məişət, kənd təsərrüfatı və yeyinti sənayesi tullantılarından istifadə edilir. Bu zaman həmin tullantıların adi çürüməsi zamanı ayrılan zərərli qazlar havaya qarışmır. Bioqaz qurğuları ferma, ət kombinatı, spirt və şəkər zavodu kimi müəssisələrdə təmizləyici qurğu kimi də tətbiq olunur. Nəticədə Qərbi Avropada fermaların yarıdan çoxu bioqaz hesabına qızdırılır. Qeyd edək ki, orta həcmli bir bioqaz stansiyası ilə 5-8 min sakini olan yaşayış məntəqəsini enerji ilə təmin etmək mümkündür. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Burada maldarlıq və aqrar sahə məhsulları boldur. Hansı ki, bioqaz da məhz bu məhsullardan alınır. Bir sıra rayonlarda artıq böyük bioqaz stansiyalarının tikilməsi üçün layihələr də mövcuddur. Amma məsələ hələ öz real həllini tapmayıb. Qazlaşdırılmayan ucqar kəndlərdə bioqazdan istifadə olunmur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, təhlükəsizlik, xərc və rentabellik baxımından bioqazlardan istifadə sərfəli sayıla bilməz: "Ümumiyyətlə, bioqazdan istifadə edilməsi praktikasına rast gəlinir. Amma Azərbaycanda bioqazdan istifadə edilməsinin müəyyən problemləri mövcuddur. Aparılan tədqiqatlar göstərir ki, bioqazlar heç də ucuz başa gəlmir. Onun əldə edilməsi belə kifayət qədər bahadır. Belədə satılma prosesi də həmçinin bahaçılıqla müşayiət olunur. Azərbaycanın qaz istehsal edən ölkə olduğunu nəzərə alsaq, ölkə vətəndaşlarının mavi qazla təmin edilməsi daha məqsədəuyğundur. Hətta bu proses iqtisadi baxımdan da daha rentabellidir, nəinki bioqazdan istifadə. Eyni zamanda, burada təhlükəsizliklə bağlı da problemlər var. Belə ki, təmizlənmiş mavi qaz təhlükəsizlik baxımından daha məqsədəmüvafiqdir. Deməli, təhlükəsizlik, rentabellik və xərc baxımından bioqazlardan istifadə edilməsi məqsədli deyil. Azərbaycanın mövcud potensialı ölkə ərazisini tamamilə qazlaşdırmağa imkan verir. Ona görə də, ölkəmizdə alternativ enerji mənbələrindən deyil, daha yaxşı olar ki, mövcud mavi qaz ehtiyatlarından istifadə etməklə vətəndaşların qaza olan tələbatını ödəməyə nail olmaq mümkün olsun".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs