Əlaqə Arxiv
news Image
2014.08.01
08:02
| A A A
Elit evlərə alıcı tapılmır
Hesab olunur ki, elit evlətə tələbin azalması bu kateqoriyalı alıcıların bazardan çıxması ilə əlaqədardır

Məlumdur ki, tikilən yaşayış evləri müxtəlif kateqoriyalara bölünür ki, onlardan biri də elit evlərdir. Azərbaycanda, xüsusən Bakıda tikilən evlər arasında elit kateqoriyasından olanlara da rast gəlinir. Bu tip evlər adətən, baha başa gəldiyindən, onu ancaq imkanlı şəxslər almaq gücündə olurlar.

Bakıda elit mənzillərin 1 kvadratmetrinin qiyməti hazırda 3-4 min manat arasında dəyişir. O da faktdır ki, bazarda qiymətlər təlabatdan və pul kütləsinin həcmindən ciddi şəkildə asılıdır. Son zamanlaradək isə Bakıda elit evlərin bir kvadratmetrinin qiyməti minimum 4 min, maksimum isə 5-6 min manat idi. Paytaxtda elit mənzillər əsasən Səbail və Nəsimi rayonu ərazilərinə düşür. Bu mənzillərin qiymətləri əsasən yerləşdiyi ərazidən və infrastrukturdan asılıdır. Elit evlərdə xüsusilə onun pəncərələrinin açıldığı panorama, dənizin görünməsi əsas qiymətləndirilən məqamlardandır. Bakına ən ucuz elit mənzilin qiyməti təmirsiz halda bəzən 1 milyon manata çatır.

Amma məsələ ondadır ki, əvvəlki illərlə müqayisədə hazırda Bakıda elit evlərə tələbat azalmağa doğru istiqamət götürüb.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı "Mövqe"yə açıqlamasında bildirir ki, elit evlərə tələbatın azalması bu kateqoriyaya aid insanların artıq bazardan uzaqlaşması və qiymətlərin alıcılıq qabiliyyətinə adekvat olmamasından qaynaqlanır: "Elit evlətə tələbatın azalması həmin kateqoriyadan olan alıcıların bazardan çıxması ilə bağlıdır. Eyni zamanda, mövcud bazar qiymətinin alıcılıq potensialı və imkanlarına adekvat olmaması ilə əlaqədardır. Hazırda görünən odur ki, Bakı şəhərində, ümumiyyətlə, Azərbaycanda elit evlərin alıcılarının sayı o qədər də çox deyil. Bu kateqoriya demək olar ki, çox məhdud saydadır. Onların da mənzilə tələbatı olduqca aşağı səviyyədədir. Demək olar ki, hamısının hazırda bir və ya bir neçə bu tip mənzilləri var. Ona görə də, daha artıq mənzilə sahib olma tələbatı aşağı səviyyədədir. Bu səbəbdən də elit evlərə tələb demək olar yoxdur. Nəticə etibari ilə hazırda elit evlərin dövriyyədən çıxması prosesi baş verir. Elit evlərə tələbatın artırılması müxtəlif amillərlə bağlıdır. Birincisi, elit evləri inşa edən sahibkarlar qiymət siyasətinə ciddi şəkildə əl gəzdirməlidir. Qiymətlər aşağı salınmalıdır. İkincisi, Azərbaycanda sosial-iqtisadi vəziyyətin artımı mövcud bazar qiymətinə uyğun olmalıdır. Ən azından orta aylıq əmək haqqının məbləği bir neçə dəfə artmalı, işsizlik problemi tam olaraq həll olunmalı, sosial-iqtisadi inkişaf bütün təbəqələri əhatə etməlidir. Hesab edirəm ki, yalnız bu addımlar gerçəkləşəndən sonra elit qrupuna aid insanların sayı artdıqca, həmin mənzillərə olan tələbat da artacaq".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimli bildirdi ki, varlı insanlar elit evlərlə bağlı ehtiyaclarını ödədiyindən, artıq belə evlərə tələbat da azalıb: "Elit evləri adətən ödəniş imkanı yüksək olan insanlar alır. O insanların da artıq şəhər mərkəzi və şəhər kənarında bir və ya bir neçə villası var. Bu amil də elit evlərə tələbatın azalmasına gətirib çıxarıb, çünki, həmin kateqoriyadan olan insanların artıq belə evlərə ehtiyacı yoxdur. İkinci bir tərəfdən, ölkəmizdə demək olar ki, varlı təbəqəsi yenilənmir. Bu proses baş versə də, çox ləng gedir, yenilənmə müddəti çox uzun çəkir. Gərək varlı təbəqə yenilənə, gənc nəsil gəlib varlana ki, onların da həmin elit evlərə tələbi formalaşsın. Yəni ləngimə prosesi də elit evlərə tələbatı bu gün yox səviyyəsinə çıxarıb. Hazırda isə ölkəmizdə tələbat orta biznes və kütləvi yaşayış evlərinədir".

Sizin Reklam Yeriniz