Əlaqə Arxiv
news Image
2014.09.04
08:49
| A A A
"Transxəzər" layihəsi reallaşır
Zəfər Vəliyev: "Aşqabadla Bakı arasında enerji sahəsində əməkdaşlıq çox vacibdir və yaxın zamanlarda Türkmənistan qazı məhz Azərbaycan üzərindən Avropaya ixrac ediləcək"

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bildirib ki, ölkəsi Azərbaycanla çoxəsrlik dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələrində bərabərhüquqlu və qarşılıqlı sərfəli əsasda uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişafı kursuna sadiqdir.

Qeyd edək ki, son illər Aşqabadla Bakı arasında münasibətlərdə xeyli irəliləyiş olub. İki ölkə rəsmilərinin təmasları intensivləşib. Eyni zamanda, hələlik Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin sektorlara bölünməsi məsələsində fikir ayrılıqlarının da yaxın tezlikdə aradan qalxması gözlənir. Həmçinin, artıq bir neçə ildir ki, Türkmənistan qazının Xəzər dənizi vasitəsi ilə Azərbaycandan keçməklə Avropaya nəqlini nəzərdə tutan "Transxəzər" qaz kəmərinin reallaşdırılmasının perspektivi üzərində müəyyən işlər gedir. Düzdür, hələlik bu layihə reallaşmayıb. Amma proseslərin gedişi göstərir ki, Rusiya qazından asıllıqdan azad olmaq istəyən Avropa "Transxəzər"in reallaşmasında olduqca maraqlıdır.

Ekspert Zəfər Vəliyev yaxın zaman kəsiyində belə bir layihənin reallaşacağına əminliyini ifadə etdi: "Transxəzər" layihəsi bildiyiniz kimi artıq bir neçə ildir, müzakirə mövzusuna çevrilib. Onun əsası hələ 1995-ci ildən qurulmuşdu. Məhz bu ildən başlayaraq "Transxəzər" layihəsi haqqında xarici kütləvi informasiya vasitələri, habelə müxtəlif siyasi dairələrdə geniş müzakirələr gedirdi. Türkmənistan öz qaz ehtiyatlarına görə dünyanın ilk beşliyində təmsil olunan dövlətdir. Bu ölkənin kifayət qədər qaz ehtiyatı olduğundan, onun ixrac potensialı da çox böyükdür. Hazırda Türkmənistan bir neçə istiqamətdə qaz ixrac edir. Onun əsas qaz alıcılarından biri İrandır. Buradan İrana iki kəmər vasitəsilə qaz ixrac edilir. Həmin ixracatın miqdarı da 10 milyard kubmetrdir. Bunlardan biri Dövlətabad-Xangeran, ikincisi isə Körpəcə-Kurtkuyi xəttidir. Bu xətlər vasitəsilə Aşqabad İrana qaz verir. Türkmənistan qazının digər ən böyük alıcısı isə Çindir. Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çin xətti ilə keçən il 30 milyard kubmetr civarında qaz ixrac olunub. Perspektivdə bu istiqamətdə yeni belə kəmərin çəkilişi də planlaşdırılır. Bu, Türkmənistan, Tacikistan, Qırğızıstan və Çin xətti olacaq. Türkmənistanla bağlı ikinci bir kəmər ətrafında da son dövrlər ciddi müzakirələr gedir. Bu da Türkmənistan, Pakistan, Əfqanıstan, Hindistan xəttidir. Həmin xətt üzrə hələlik danışıqlar gedir. Aşqabad həmçinin, Avropa İttifaqı ilə enerji memorandumu imzalayıb. "Nabukko" layihəsi müzakirə predmetinə çevriləndə həmin xətlə iki dövlətin mavi yanacağının ixracı nəzərdə tutulurdu. Bu dövlətlər Azərbaycan və Türkmənistan idi. Amma Türkmənistanın Avropaya qaz ixrac etmək imkanları hələ müzakirə mövzusudur. Bilirsiniz ki, Türkmənistan artıq bir neçə ildir Azərbaycandan keçməklə Avropa bazarına öz neftini ixrac edir. Onun da həcmi ildə 3 milyon tondan yuxarıdır. Türkmənistanın zəngin qaz yataqları onun şərq periferiyasında yerləşir. Bu xüsusda "Şadlıq" yatağından başlayaraq, Xəzər sahilinə yönəlik Şərq-Qərb qaz kəməri layihəsi də mövcuddur. "Transxəzər" layihəsindən əvvəl Aşqabadla Bakı arasında Xəzərin hüquqi statusunun müəyyən olunmasında fikir ayrılığı aradan qalxmalıdır. Amma buna baxmayaraq, Türkmənistan prezidentinin özü də bir neçə dəfə həmin məsələ ilə bağlı mövqeyini bildirərək deyib ki, hər iki ölkə arasındakı iqtisadi, xüsusən də enerji sektorundakı əməkdaşlıq, heç də Xəzərin hüquqi statusunun müəyyən olunmasına qədər mümkün olmayan məsələ deyil. Yəni istənilən zaman onlar bu məsələni həll edə bilərlər. Məsələ ondadır ki, Türkmənistanın kifayət qədər qaz ehtiyatı var və onun Avropa bazarına çıxması mümkündür. Bir müddət əvvəl energetika naziri Natiq Əliyev də bildirmişdi ki, Azərbaycan ərazisindən keçən neft və qaz ixrac kəmərlərində həmişə Mərkəzi Asiya respublikaları üçün də yer ayırıb. Bu, o deməkdir ki, perspektivdə Türkmənistan qazının Azərbaycan üzərindən ixracı mümkündür. 2018-2019-cu illərdə Avropanın enerji bazarı xəritəsində ciddi dəyişikliklər olacaq. Bu dəyişiklikləri Türkmənistan və İran da edə bilər. Bu yaxınlarda İranda da güclü işlərin aparılmasına başlanılıb. Qəzvin-Bazarqan xətti ilə Türkiyəyə ixrac edilən qaz kəmərində, Təbriz yaxınlığındakı qaz kompressor stansiyasında yenidənqurma işləri aparılır. Burada turbokompressorların sayını 3-dən 6-ya qədər artıracaqlar. Bu isə o deməkdir ki, çox qısa müddətdə həmin ixrac kəmərinin məhsuldarlığı sutkalıq 35 milyondan 65 milyon kubmetrə çatdırılacaq. Belədə layihə gücü 10 milyarddan 20 milyard kubmetrə qədər artırılacaq. Bu baxımdan, Aşqabadla Bakı arasında enerji sahəsində əməkdaşlıq çox vacibdir və yaxın zamanlarda düşünürəm kİ, Türkmənistan qazı məhz Azərbaycan üzərindən Avropaya ixrac ediləcək. Bu qaçılmazdır. Çünki, Avropa bazarındakı qiymət Asiya bazarında olduğundan kəskin fərqlənir. Avropa bazarlarında qiymət çox yüksəkdir. O baxımdan, ümid edirəm ki, Türkmənistanla Azərbaycan qaz sahəsində qısa zamanda ciddi bir əməkdaşlıqda bulunacaqlar".

Sizin Reklam Yeriniz