news Image
2014.09.05
07:47
| A A A
Yerli avtomobillərin qiyməti ucuzlaşacaq, amma…
Azər Allahverənov: " Hər hansı avtomobilin ehtiyat hissələri üzrə istehsal tsikli yaradılırsa, bu təbii ki, daxili bazarla yanaşı, xarici bazar üçün də bu maraqlı olmalıdır " Ramil Osmanov: " Avtomobillərin ehtiyat hissələrinin daxildə istehsalını həyata keçirmək üçün yeni müəssisələr yaradılmalıdır "

Azərbaycan zavodlarında hazırlanan maşınların detalları hələ ki, xaricdən idxal olunur. Hesab edilir ki, əgər həmin detalların daxildə isteşsalı mümkün olarsa, bu, avtomobillərin daha ucuz başa gəlməsinə səbəb olar.

Ekspert Azər Allahverənov bəzi nüansları nəzərdən keçirməklə sözügedən məsələnin müsbət həll oluna biləcəyini dedi: "Sovet dövründə Azərbaycanda maşınqayırma sənayesi inkişaf edirdi. Respublikanın o vaxtlar müxtəlif bölgələrində fəaliyyət göstərən bu zavodlarda avtomobillər üçün müəyyən ehtiyat hissələri hazırlanırdı. Yəni vaxtilə ölkəmizdə belə bir ənənə, təcrübə var idi. Amma sovetlər imperiyası dağıldıqdan sonra, həmin zavodlar da tənəzzülə uğradı. Lakin hazırda hadisələr tamamilə başqa istiqamətdə inkişaf edir. Azərbaycan iqtisadiyyatı inkişaf edir, neft gəlirləri artır. Buradan gələn gəlirin bir hissəsi də məhz qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu zaman nəqliyyat sektoru da kənarda qalmayıb. Nəqliyyat sektoru dedikdə, burada yol infrastrukturu, nəqliyyat parkının yenilənməsi də var. Həmçinin, Azərbaycanda metropoliten üçün vaqonların istehsalı məsələsi də var. Artıq Azərbaycanda bir neçə yerdə, Gəncə, Şamaxı, istərsə də Naxçıvanda avtomobil istehsalı prosesinə start verildi. Düzdür, Şamaxıdakı zavod fəaliyyətini dayandırıb, amma digər ikisi fəaliyyətini davam etdirir. Bu fonda zaman tələb edir ki, yeni modelli avtomobillər üçün ehtiyat hissələri məhz Azərbaycanın öz daxilində istehsal edilsin. Xüsusən də o nəqliyyat modelləri üçün ki, Azərbaycanda geniş şəkildə istismar edilir. Burada təbii ki, bəzi nüanslar da var. Vaxtilə Azərbaycan Rusiyada istehsal olunan nəqliyyat vasitələri üçün ehtiyat hissələri istehsal edirdisə, indilikdə ölkəmizdə daha çox populyar olan Almaniya, Yaponiya və Koreya modelli avtomobillərdir. Həmin ölkələrdən gətirilən avtomobilin istehsal edildiyi zavodlarla danışıqlar aparıldıqdan sonra, ola bilsin ölkəmizdə də hansısa avtomobillər üçün ehtiyat hissələri istehsal edilsin. Bu, eyni zamanda, həmin zavodların strategiyasına daxil olan bir məsələdir. Prosesin başlanması üçün həmin zavodların ehtiyat hissələri sektorunu Azərbaycanda inkişaf etdirməkdə nə dərəcədə maraqlı olmaları vacib elementdir. Təbii ki, ehtiyat hissələrinin daxildə, xüsusən də ölkədə istehsal olunan avtomobillərə görə, istehsalı Azərbaycan üçün də maraqlıdır. O baxımdan ki, ölkəmizdə bu gün 1 milyondan çox nəqliyyat vasitəsi hərəkətdədir. Onun da təxminən 800-850 mini sərnişin daşımaya cəlb olunan nəqliyyat vasitələridir. Onlar arasında da yüngül nəqliyyat vasitələri çoxluq təşkil edir. Ola bilsin, həmin zavodların strategiyasında bu məsələ yer alıb. Azərbaycanda hər hansı avtomobilin ehtiyat hissələri üzrə istehsal tsikli yaradılırsa, bu təbii ki, daxili bazarla yanaşı, xarici bazar üçün də bu maraqlı olmalıdır. Düşünürəm ki, bu iki tərəf arasında maraqlar müəyyənləşdikdən və imkanlar nəzərdən keçirildikdən sonra, sözügedən addım Azərbaycanda tətbiq oluna bilər. Belə addımın atılması Azərbaycanda həmin nəqliyyat vasitələrinin istismarı zamanı ehtiyat hissələrinin sıradan çıxması və onu dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan xidmət haqları azala, ehtiyat hissələrinin qiyməti ucuzlaşa bilər. Nəticə etibarı ilə bu istiqamətdə daha az məsrəf xərclənər və həmin model müəyyən mənada ictimaiyyət arasında populyarlaşa da bilər. Bu tipli nüanslar bütünlüklə nəzərdən keçirildikdən sonra, təbii ki, yerli, habelə xaricdən gətirilən avtomobillər üçün detalların daxildə istehsalı da nəzəri cəhətdən həyata keçirilə bilər. Praktik cəhətdən isə bir çox faktorlar var ki, onlar prosesə öz təsirini göstərir. Burada iqtisadi, maşın bazarı faktorları, avtoparkın ehtiyacları kimi məqamlar mövcuddur. Düşünürəm ki, bunlar hamısı öz həllini tapdıqdan sonra məsələyə dair yekdil qərar vermək olar".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanov düşünür ki, yerli istehsal olan avtomobillərin ehtiyat hissələrinin daxildə istehsalını həyata keçirmək üçün yeni müəssisələr yaradılmalıdır: "Yaxud da destruktizasiya aparılmalıdır. Xaricdən yeni avadanlıqlar gətirilməlidir. Yəni, məsələ kifayət qədər böyük investisiya tələb etdiyindən, bu günün məsələsi deyil. Düşünürəm ki, müvafiq strukturlar tərəfindən belə bir investisiya layihəsi həyata keçirilərsə, fəaliyyəti dayanmış analoji müəssisələrin özəlləşdirilməsi istiqamətində müvafiq təkliflər olarsa, yəqin bu istiqamətdə addım atıla bilər".