news Image
2014.09.05
07:59
| A A A
Mobil rabitə tarifləri ucuzlaşa bilər
Məhəmməd Talıblı: «Bazarda mobil rabitə operatorlarının çox olması o sahədə rəqabəti gücləndirə bilər»

Məlumdur ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının (NMR) CDMA simsiz rabitə standartı operatoru "Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib. Birinci mərhələdə "Bakcell", "Azercell" və "Azerfon" mobil operatorlarının baza stansiyaları üzərindən rabitə və internet xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Ancaq şirkət mərhələli olaraq bütün ölkə üzrə baza stansiyalarının tikintisini və genişləndirilməsini planlaşdırır. Bunun üçün operator RYTN-ə bütün Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirməklə bağlı icazə alınması üçün müraciət edib.

Ekspertlərin fikrincə, sözügedən operatorun bazara daxil olması mobil rabitə tarifində qiymətlərin aşağı sala bilər. Bunun üçün gərək yeni operator mövcud operatorların tariflərindən aşağı qiymətlə bazara girsin.

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, bazarda mobil rabitə operatorlarının çox olması o sahədə rəqabəti gücləndirə bilər: "Yəni, əlverişli qiymətlərin olmasına gətirib çıxara bilər. Hazırda isə ölkəmizdə mobil rabitə tariflərinin bir qədər də aşağı düşməsiən ehtiyac var. Mobil operatorların sayı nə qədər çox olarsa, müştərilər üçün bir o qədər yüksək keyfiyyətli xidmətlərdən istifadə şansı genişlənər. Hətta bir mobil operatorun bazara daxil olması belə bazarda qiymətləri aşağı sala bilər. İndiki halda isə neçə illərdir ki, Azərbaycanda sabit qiymət rüsumları tətbiq olunur. Bəzi hallarda insanların alternativ mobil operatorlardan istifadəyə keçidlə bağlı problemləri olur. Amma operatorların sayı nə qədər çoxalarsa, əhalinin keyfiyyətli xidmətdən istifadə imkanları genişlənər. Təklif edirəm ki, bundan sonra Azərbaycana yeni mobil operatorlar daxil olsun".

Digər iqtisadçı Qadir İbrahimli də NAXTEL-in bazara daxil olması ilə əlaqədar mobil tariflərdə qiymətlərin aşağı düşəcəyini proqnoz edir: "Təbii ki, yeni mobil operatorun bazara gəlişi avtomatik olaraq qiymətlərin ucuzlaşmasına təsir edəcək. Çünki, indiki şərtlər daxilində yeni oyunçu yalnız ucuz qiymət və yüksək xidmətlə bazara girə bilər. Əgər indiki tariflərə uyğun tariflər təklif edərsə, yeni operator bazara girə bilməyəcək".

Qadir İbrahimli də Azərbaycanda mobil operatorların tarifini baha hesab edir: "Ancaq bazara yeni oyunçular cəlb olunsa, tariflər ucuzlaşa bilər. Yəni, tariflər ancaq rəqabət mühinin yaxşılaşdırılması ilə aşağı salına bilər. İnzibati yolla buna nail olmaq qeyri-mümkündür".