Əlaqə Arxiv
news Image
2014.09.10
09:49
| A A A
Ukraynanın enerji böhranın həlli Azərbaycandan asılı vəziyyətə düşür
Zəfər Vəliyev: "2015-ci ildən Ukraynada mövcud vəziyyət stabilləşərsə və ehtiyac yaranarsa, ora da xam nefti vermək olar" İlham Şaban: "Təkliflər sərfedici olarsa, Azərbaycandakı şirkətlər Ukrayna zavodlarına da neft verə bilər"

Azərbaycan neftinə marağı olan ölkələrin sayı artmaqda davam edir. Bu günlərdə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib ki, Azərbaycan neftinin Ukrayna zavodlarına gətirilməsində maraqlıdırlar.

Qeyd edək ki, hazırki şəraitdə Ukraynada siyasi vəziyyət stabil deyil. Ölkənin şərqində separatizm meylləri hökm sürür. Yaranmış bu durum Ukraynanın iqtisadiyyatına da ciddi ziyanlar vurub. Ölkənin bir sıra zavodları, o cümlədən neft emalı ilə məşğul olanlar çətin durumdadır. Belə bir məqamda Kiyev rəsmisi elan edir ki, Azərbaycan neftinin Ukrayna zavodlarında emal edilməsində maraqlıdırlar. Görəsən, bu addımın atılması indiki şəraitdə nə dərəcədə mümkündür? Bunun baş verməsi Azərbaycana nə vəd edir?

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, bu istiqamətdə addım atılması ancaq 2015-ci ilin əvvəlində mümkün ola bilər: "Ukraynadakı neftayırma zavodlarının böyük hissəsi bu gün demək olar ki, öz fəaliyyətlərini dayandırıb. Ukraynadakı neft emalı zavodlarının ümumi emal gücü 50 milyon tona yaxındır. Bildiyiniz kimi, Ukrayna keçmiş sovet məkanında böyük respublikalardan biri sayılırdı və oradakı zavodlar məhz o dövrdə tikilən obyektlərdir. Hazırda bu ölkədə Kremençuk neft emalı zavodu qismən fəaliyyət göstərir. Digər zavodlar, Odessa, Xerson və s. isə öz fəaliyyətlərini dayandırıb. Şbelinskdəki qaz emalı zavodu isə təmirə dayanıb. Bu baxımdan Ukraynanın yanacaq- energetika bazarına diqqət yetirsək, görərik ki, son dövrlərdə bu ölkədə enerji daşıyıcılarının qiyməti həddən artıq yüksəlib. Bu da onunla bağlıdır ki, ölkə daxilindəki neft emalı zavodları fəaliyyətlərini dayandırıb. Təbii ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə Ukrayna Milli Neft-qaz Şirkəti olan "Naftoqaz" arasında bu istiqamətdə saziş bağlana bilər. Bu mümkündür. Azərbaycan Supsa terminalından Ukraynadakı neft emalı zavodlarına tankerlər vasitəsilə Odessa, Nikolayev, İliçevski, Mariopol limanlarına neft ixrac edə bilər. Hazırda adı çəkilən limanlar vasitəsilə Yunanıstan, Litva, Finlandiya və digər dövlətlərdən Ukraynaya neft məhsulları idxal edilir. Azərbaycan Dövlət Neft Şirkəti bugünkü vəziyyətdə lazım bilərsə, Ukrayna hökuməti ilə müqavilə əsasında onlara xam neft verə bilər. Burada hər hansı bir problem yoxdur. Amma bir məsələ var ki, xarici iqtisadi fəaliyyətə yönəlik bütün müqavilələr adətən ilin əvvəlindən bağlanır. Çünki müqavilələr illik, ya da uzunmüddətli olur. Ona görə də, hal-hazırda Ukraynaya xam neftin verilməsi zənnimcə, bir qədər çətindir. Məlumatıma görə, ilin əvvəlindən iqtisadi fəaliyyətə verilən bütün kvotaların hamısı artıq satılıb. Bununla belə, 2015-ci ildən Ukraynada mövcud vəziyyət stabilləşərsə və ehtiyac yaranarsa, təbii ki, ora da xam nefti vermək olar. Amma hesab edirəm ki, Azərbaycanla Ukrayna arasında energetika sektoru üzrə neft-qaz satışı sahəsində hər hansı bir razılaşmanın mövcudluğu da problem deyil. Çünki, SOSAR brendi adı altında ARDNŞ-in Ukraynada nümayəndəliyi var və burada pərakəndə və topdansatış bazarında neft məhsullarının satışı ilə məşğuldurlar".

Ekspert İlham Şaban qeyd etdi ki, Ukrayna zavodlarına neft verməyimiz bu istiqamətdə səslənən təkliflərin nə dərəcədə sərfedici olmasından asılıdır: "Azərbaycan neftinin Ukrayna zavodlarına gətirilməsi sahəsində elə bir problem yoxdur. Ancaq məsələ ondadır ki, Azərbaycan nefti Qara dənizə çıxır, özü də bir neçə istiqamətdə. Həm Novorossiysk, həm də Supsa limanları vasitəsilə. Azərbaycan öz neftini müxtəlit neftayırma zavodlarına özü də çatdıra bilər. Amma onun müxtəlif alınma qiymətləri var. Təkliflər sərfedici olarsa, Azərbaycanda fəaliyyət göstərən şirkətlər Ukrayna zavodlarına da neft verə bilər. Burada sərf etmək dedikdə söhbət bazar qiymətlərindən gedir. Bazar qiymətindən aşağı isə Azərbaycan Ukraynaya neft vermək iqtidarında deyil. Çünki, ölkəmizdə neft hasilatı azalmağa doğru gedir. İxrac edilən neftin 90 faizi isə "Azəri-Çıraqlı-Günəşli" və "Şahdəniz" yatağından çıxarılan kondensatın payına düşür. Bunlar isə sırf ARDNŞ-in nefti deyil ki, onun hara satılması və bazar qiymətindən ucuz verilməsinə də o sərəncam verə bilsin. Bu neft Azərbaycana məxsus olsa da, platformalarda çalışan xarici şirkətlər tərəfindən satılır. Ukraynada uzaqdan bu məqamı görməyə bilərlər. Ancaq fakt odur ki, şərtlər belədir".

Sizin Reklam Yeriniz