Əlaqə Arxiv
news Image
2014.09.10
10:48
| A A A
Batmaqda olan kreditlərin həcmi artır
Rəşad Həsənov: «Problemli kreditlər həqiqətən də Azərbaycan maliyyə-bank sektorunda ciddi bir sarsıntıya səbəb olub» Məhəmməd Talıblı: «Son aylar problemli kreditlərin həcminin artması bizi kritik həddə yaxınlaşdırır»

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 900 milyon manat təşkil edib. Beləliklə, problemli kreditlər ümumi kredit portfelinin (17 milyard manat) 5,3%-ni təşkil edir. Qeyd edək ki, iyunda problemli kreditlərin həcmi bir qədər azalsa da, iyuldan etibarən yenidən artmağa başlayıb. Belə ki, iyun ayının göstəricilərinə görə,  problemli kreditlərin həcmi 878 milyon manat və ya ümumi portfelin 5,2% qədər idi. Bu ilin əvvəli ilə müqayisədə isə vaxtı keçmiş kreditlərin həcmi 107 milyon manat artıb.

Bu nəticə göstərir ki, Mərkəzi Bankın ilin əvvəlindən bəri problemli kreditlərin artımının qarşısının alınması istiqamətində atdığı addımlar da fayda vermir. Görünən odur ki, istər kreditlər üzrə faiz dərəcələrinin yüksəldilməsi, istər istehlak, avtomobil kreditləri üçün qaydaların sərtləşdirilməsi, banklara istehlak kreditləri ilə bağlı reklam kampaniyaları aparmağın qadağan edilməsi və s. tədbirlər yenə də problemli kreditlərin qarşısını ala bilmədi. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov məsələ ilə Movqe.az-a münasibət bildirib. Ekspert hesab edir ki, təkcə Mərkəzi Bankın atdığı addımlarla, qabaqlayıcı tədbirlərlə problemin həcminin genişlənməsinin qarşısı alına bilməz:  "Hazırda problemli kreditlər həqiqətən də Azərbaycan maliyyə-bank sektorunda ciddi bir sarsıntıya səbəb olub. Mərkəzi Bankın da 2014-cü ilin əvvəlindən etibarən gördüyü tədbirlər yaranmış vəziyyətin qarşısını almaq üçün profilaktik tədbirlər xarakterini daşıyır. Lakin hazırda problemli kreditlərin həcminin artmasının bir neçə səbəbi var. Əsasında o durur ki, ötən 10 il ərzində Azərbaycan maliyyə-bank sektorunun inkişafı dövründə bankların kredit portfellərində istehlak kreditləri xüsusilə geniş yer tutub.  Və istehlak kreditləri də daha çox gəlirsiz məqsədlə istifadə edildiyi, biznes xarakteri daşımadığı üçün bu kreditlərin geri qaytarılmasında ciddi problemlər yaranır. Hazırda biz problemli kreditlərin tərkibinə baxsaq, görərik ki, onların çoxu istehlak məqsədilə alınan kreditlərdir.  Bu, illərlə üst-üstə tolanan problemləri Mərkəzi Bankın atdığı addımlarla, verilən qərarlarla, müəyyən maneələr yaratmaqla həll etmək mümkün deyil. Çünki hal-hazırda Azərbaycanda kredit istehlakında bir ənənə formalaşıb. İnsanlar öz gələcək problemlərini daha çox bu gün kreditlər vasitəsilə həll etməyə çalışırlar. Bu, həmçinin, Azərbaycan əhalisinin məişət davranışından da irəli gələn problemlərdir. Təsadüfi deyil ki, əksəriyyət bu gün xeyir iş üçün də, hansısa problemi həll etmək üçün də kreditlərə müraciət edir, işlərini bu yolla həll edir. Lakin bununla yanaşı, biz bu sahədəki bütün problemləri istehlakçıların üzərinə də qoya bilmərik.  Çünki, dediyimiz kimi, bu problemlər əslində, Azərbaycanda son 10 ildə aparılan maliyyə-kredit siyasəti və yüksək gəlirlərin əhaliyə satılması nəticəsində ortaya çıxıbdır. İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar. Hazırda hətta bir çox kredit istifadəçisi bir kreditini bağlamaq üçün digər kreditə müraciət edir. Beləliklə borclar zəncirvari şəkildə daha da artır. 

Amma demək olmaz ki, Mərkəzi Bankın gördüyü tədbirlər səmərəsizdir. Çünki, biz əgər problemli kreditlərin ödənişinə baxsaq, görərik ki, bu temp son illər daha da sürətlənmişdir.  Ödənişlər gələcək illərdə daha da çoxalacaq. Lakin bu problemləri kökündən həll etmək də mümkün deyil. Budan ötrü hansısa formada insanların maliyyə vəziyyətləri yaxşılaşmalıdır. Yaxud da ki, insanların kreditlərə yanaşma tərzi yaxşılaşmalıdır. Banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməli, kreditləri aşağı faizlə insanlara təklf etməlidirlər ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Məsələyə kompleks yanaşmaq lazımdır. Sadəcə, arayış sistemi tətbiq etməklə, istehlak kreditlərinin verilmə şərtlərini sərtləşdirməklə məsələni həll etmək mümkün deyil. İlk olaraq faizlər aşağı salınmalıdır. İnsanların maliyyə qaynaqlarına çıxışı, kredit əldə etməsi nisbətən asanlaşmalıdır". 

 İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblının da fikirlərini öyrəndik: "Problemli kreditlərin fazi nisbıti, hesab edirəm ki, Mərkəzi Bankın elan etdiyi rəqəmlərdən çoxdur.  Son bir il ərzində problemli kreditlərin həcmi 50%-ə qədər artıb. Ortalama olaraq  ümumi məzmun portfellərində bunun xüsusi çəkisi 6.2%-dir. Amma əvvəlki illərdə bu göstərici daha az idi. Xüsusən son aylar problemli kreditlərin həcminin artması bizi kritik həddə yaxınlaşdırır. Beynəlxalq normalara uyğun olaraq, əgər bankın məzmun portfelində problemli kreditlərin həcmi 10%-i keçirsə, bu, təhlükə deməkdir. Artıq bu zaman qabaqlayıcı tədbirlər görülməyə başlayır. Düzdür, Azərbaycanda da artıq bu sahədə işlər gedir. Məsələn, kollektor şirkətlərin yaradılması. İlin əvvəlindən etibarən bizdə əvvəllər olmayan kollektor şirkətlər fəaliyyətə başlayıb. Bu şirkətlərin mahiyyəti müştərilər arasında maarifləndirmə işləri aparmaq, bankları geri qaytara bilmədiyi borcları müştərilərdən alıb banka qaytarmaqdır. Bunun qarşılığında müvafiq kollektor şirkəti öz payını da alır.  

Problemli kreditlərin artımının səbəblərinə gəlincə isə, düşünürəmki, burada  vətəndaşların da böyük rolu var. Bir çox hallarda banka borclar səhlənkarlıqdan, məsuliyyətsizlikdən dolayı qaytarılmır. Problem ölkədə makroiqtisadi səviyyədə həll olunmalıdır". 


Sizin Reklam Yeriniz