news Image
2014.09.10
09:54
| A A A
Sənədsiz evlərə görə büdcə pul itirməkdə davam edir
Nüsrət İbrahimov: «Qeydiyyata alınmayan evlər bələdiyyələrin büdcə problemlərinin artmasına təsir edir» Nərmin İbrahimova: «Sənədsiz evlərin qeydiyyata alınması ilk növbədə bələdiyyələrin dövlət büdcəsindən asılılığını əsaslı şəkildə azaldacaq»

Sənədsiz evlərin qeydiyyatı ilə bağlı məsələnin birdəfəlik həlli hələ də uzanmaqdadır. Bu isə belə evlərlə ilgili  yaranan problemlərin davam etməsini şərtləndirir. Xatırladaq ki, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə hələ bir neçə il əvvəl göstərişlər verilib.

Lakin ötən müddət ərzində Bakı Şəhər İcra Hakimiyyətinin sənədsiz tikililərin siyahısının dəqiqləşdirilməsi istiqamətində gördüyü işlər görünür, hələ tam başa çatmayıb. Qeyd edək ki, ölkə üzrə 500 minə qədər sənədsiz evlərin olduğu bildirilir ki, onun da böyük əksəriyyəti paytaxtın payına düşür. Həmin mülklərin bir hissəsi yüksək gərginlikli elektrik xətləri, nəqliyyat infrastrukturu obyektlərinin, Dövlət Neft Şirkətinə məxsus torpaqların üzərində yerləşir. Bununla belə sənədsiz evlərin qeydiyyat problemi uzanmaqda davam edir. Bu, həm də həmin evlərin əmlak vergisindən kənarda qalması deməkdir.

"MBA LTD" konsaltinq və qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, əslində, bu evlər hər biri əmlak vergisinə cəlb olunmalıdır. Burdan alınan gəlir hesabına isə bələdiyyələrin büdcəsi formalaşır. Qeydiyyata alınmayan evlər bələdiyyələrin büdcə problemlərinin artmasına təsir edir:  "Əslində, bu evlərin siyahıya alınması istiqamətində işlər görülür. Bu haqda məlumatlar verilir də. Amma işlər bundan o tərəfə gedə bilmir. Səbəb isə məlum deyil. Əslində, bu evlər əmlak vergisinə cəlb olunmalıdır. Əmlak vergisi bələdiyyə büdcəsinin formalaşmasına yönəlir. Hər bir bələdiyyə öz ərazisindəki mənzilləri siyahıya alıb qiymətləndirməsini aparmalıdır. Əgər bunu edə bilmirsə, öz büdcəsini formalaşdıra bilmir.  Elə bələdiyyələr var ki, belə evləri vergiyə cəlb edir. Amma hamısı buna nail ola bilmir. Nəticədə bələdiyyələrin büdcəsinin fomalaşmasında bugünkü problemlər yaşanır. 

Düşünürəm problemin həlli üçün sənədsiz evlərin siyahıya alınması tam olaraq başa çatdırılmalıdır. Hansıları sənədləşdirmək olar, hansılarda çatışmazlıqlar varsa müəyyələşdirilməlidir. Hansını ki sənədləşdirmək olmaz, köçürülməsinə ehtiyac var və sair, bu bilinəndən sonra qərar qəbul etmək olar. Sadəcə olaraq, bu prosses bir qədər zaman və xərc tələb edir". 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimova da Movqe.az-a açıqlamasında bildirib ki,  sənədsiz evlərin qeydiyyata alınmaması ilk növbədə yerli büdcələrə təsir edir: "Belə ki, əmlak vergisi bələdiyyələr tərəfindən yığılır. Bildiyimiz kimi, Azərbaycanda bələdiyyələrin əsas problemlərindən biri maliyyə ilə bağlıdır. Bələdiyyələrin böyük əksəriyyətinin büdcəsi əsasən dövlət büdcəsindən edilən transferlər hesabına formalaşır. Vergi yığımından əldə edilən gəlirlərin payı isə yerli büdcələrdə azdır. Bu baxımdan, sənədsiz evlərin qeydiyyata alınması ilk növbədə bələdiyyələrin dövlət büdcəsindən asılılığını əsaslı şəkildə azaldacaq, yəni dotasiyaların həcmi azalacaq. Başqa sözlə, sənədsiz evlərin qeydiyyata alınması dövlət büdcəsinə birbaşa deyil, dolayı yolla təsiri edəcək".