Əlaqə Arxiv
news Image
2014.09.11
09:00
| A A A
Rusiya amili soyuducu anbar sahiblərini də zərərə salır
Vahid Məhərrəmov: " Meyvələrin saxlanması üzrə ixtisaslaşan anbar sahibləri cari ildə ziyanla işləyə biləcəkləri barədə məlumatlı olmalı idilər "

Mövsümü meyvələr qışa doğru daha yaxşı halda saxlanılması və bu dövrdə baha satılması üçün adətən soyuducu anbarlarda saxlanılır. Lakin bu il anbarların da boş olduğu müşahidə edilir. Bu da yığılan məhsulun böyük hissəsinin anbarlara verilmədən Rusiyaya daşınması ilə bağlıdır. Belə şəraitdə də bəzi anbar sahibləri cari ildə ziyanla işləyəcəklərini bəyaistisna etğmirlər. Belə vəziyyət qışda bazarlarda yerli meyvələrin qıtlığını yarada bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, cari mövsümdə anbarlarda saxlanılan məhsul az olacaq, amma bu, həmin obyektlərin ziyanla işləməsi anlamına gəlməyəcək: "Sözsüz, hazırda Rusiya bazarının boşalması fonunda Azərbaycan məhsulunun bir hissəsi bu bazara çıxır. Əvvəlki illərlə müqayisəcə apardığımız monitorinq göstərir ki, tərəvəz məhsullarının Rusiyaya ixracında təxminən 30 faizə yaxın artım var. Bu isə heç də kiçik rəqəm deyil. Amma bununla belə, saxlama anbarlarının boş qalacağını iddia etmək də doğru olmazdı. Saxlama anbarlarının tərəvəzlə təmin edilməsində hər halda güman etmirəm ki, ciddi problemlər olsun. Saxlama anbarlarında daha çox meyvələrin saxlanılması həyata keçrilir. Rusiya bazarlarında isə daha çox tərəvəz məhsullarının aparılması və onun qiymətinin qalxması müşahidə olunur. Bu baxımdan anbarlar boş qalmayacaq. Eyni zamanda, anbarların əvvəlki illərdə olduğu kimi dolmasını da müşahidə etməyəcəyik, burada azalma olacaq. Bununla belə, proses saxlama anbarlarının ziyanla işləməsinə də gətirib çıxarmayacaq. Anbarların kənd təsərrüfatı məhsulları ilə doldurulmasında problem olacaqsa, bu zaman ən ciddi problem mövsümdən sonra qiymətlərin artmasında özünü göstərəcək. Çünki, Azərbaycanda mövsümdən sonra qiymətlərin tənzimlənməsi anbarlarda məhsulların saxlanılması ilə bağlıdır".

Ekspert qarşıdan gələn mövsümdə meyvə qıtlığının yaranması ehtimalını isə real saydı: "Anbarlar sonradan meyvə qıtlığının olmamasında ciddi rol oynayırdı. Birmənalı şəkildə anbarların doldurulması prosesi baş verməzsə, bu da sözsüz meyvə qıtlığının yaranması, eyni zamanda, qiymətlərin artmasına gətirib çıxara bilər".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirdi ki, məhsulun qıt və keyfiyyətinin aşağı olması sözsüz ki, anbarların boş olmasına gətirib çıxaracaq: "Meyvələrin saxlanması üzrə ixtisaslaşan anbar sahibləri cari ildə ziyanla işləyə biləcəkləri barədə məlumatlı olmalı idilər. Onlar ölkə fermerlərini vaxtilə kifayət qədər incidib. Anbarların boş olması isə heç də mal-məhsulun Rusiyaya daşınması ilə bağlı deyil. Onunla bağlıdır ki, cari ildə məhsul az olub. Məhsulun az olması fonunda onun keyfiyyəti də aşağı olur. Bitki normal qidalanmır, meyvəsini normal formalaşdırmır. Belədə məhsuldarlıq və onun keyfiyyəti də aşağı olur. Keyfiyyəti aşağı olan məhsulu soyuducu anbarlarda saxlamağa isə ümumiyyətlə, lüzum yoxdur. Çünki, onu uzun müddət saxlamaq mümkün deyil. İkinci bir tərəfdən, keyfiyyəti aşağı olan meyvəni anbarda saxlayıb, onu sonradan satanda hansı qiymətə dəyərləndirmək olar ki, saxlama kamerasına çəkilən xərci də kompensasiya etmək mümkün olsun. Yəni, proses bir-birindən asılı işlərdir. Məhsulun qıt və keyfiyyətinin aşağı olması anbar sahiblərinə sözsüz, ciddi təsir edəcək, anbarlar ümumən boş qalacaq. Belədə anbarların dolu olması üçün çalışmalıdırlar ki, digər ölkələrdən məhsul alsınlar. Ancaq orada qiymətlər və çəkilən xərclər yüksək olduğundan, düşünürəm ki, anbar sahibləri özləri mal-məhsul gətirməkdə maraqlı deyillər. Başqa bir tərəfdən, ölkədə anbarlarda məhsulunu saxlayan fermerlərin sayı da çox azdır. Çünki, sahibkarlar saxlama haqqını yüksək dəyərlə hesablayır ki, bu da fermerlərə sərf etmir. Həmçinin, anbar sahibləri burada xarab olan məhsulun məsuliyyətini daşımaqda maraqlı deyil. İstehsal və emal münasibətləri təəssüf ki, ölkəmizdə hələlik qaydasında deyil. Hətta məhsul olsa da, bir çox fermerlər çalışır ki, onu primitiv şəkildə olmağına baxmayaraq, ev şəraitində saxlasın. Ümumiyyətlə, qiymətlərin bu formada saxlanılması ilə gələcəkdə, anbar sahibləri öz müştərilərini itirəcək. Fermerlərin özləri soyuducu anbarlar tikməkdə maraqlı olacaq. Ölkədə artıq meyvə qıtlığı hiss olunur. Qiymətin artması bir növ alıcılıq qabiliyyətini azaltdığı üçün həmin qıtlığı tam görə bilmirik. Qiymət qalxıb, ona görə alıcı daha bahalı məhsullardan az istifadə etməyə çalışır. Bazarda qalan məhsullar da qiymətin artması fonunda müştərinin həmin məhsuldan almaq imkanında olmamasından qaynaqlanır. Qiymət keçən ilki kimi olsaydı, artıq bazarda da qıtlıq tam olaraq görünərdi və ola bilsin xaricdən daha çox məhsul idxal edilərdi".

Sizin Reklam Yeriniz