news Image
2014.09.13
07:35
| A A A
Dünya iqtisadiyyatı üzərində yaranan böyük təhlükə
Yusif Vəliyev: “Dünya iqtisadiyyatına dəyəcək ziyan ilkin olaraq hansı ölkənin hansı ölkədən asılı olmasından asılıdır” Oqtay Haqverdiyev: “Rusiya dünya iqtisadiyyatına kifayət qədər xammal verir”

Hər ötən gün Qərblə Rusiyanın qarşılıq sanksiyaları haqqında müxtəlif məlumatlar səslənir. Bu arada Ukrayna böhranı ilə əlaqədər Avropa İttifaqının Moskvaya qarşı daha əvvəl elan edilmiş sanksiyaları qüvvəyə minib. Rusiya cavab addımların atılacağını bildirir. Şimal qonşumuzaqarış yeni sanksiyalar viza yasaqlarını və Rusiyanın hərbi və neft sektoru ilə biznes əlaqələrin məhdudlaşdırlmasını nəzərdə tutur. Yeni sanksiyalar siyahısına Rusiyanın neft nəhəngləri "Rosneft", "Transneft", "Qazpromneft" şirkətləri daxil edilib. Avropanın kapital bazarı onların üzünə faktki olaraq bağlanıb.

Habelə müdafiə sənayesi korporasiyası olan "Oboronprom", Birləşmiş Aviakorporasiya, "Uralvaqonzavod" da qadağaların təsiri altına düşüb. Bu şirkətlər səhmlər və istiqrazlar vasitəsilə maliyyələşmək imkanlarından məhrum ediliblər. Bundan əlavə, 9 rus şirkətinə ikili təyinata malik texnologiyalar satmaq qadağası qoyulub. Rusiya və Ukrayna vətəndaşı olan 24 vəzifəli şəxs də sanksiya tətbiq edilib.

Sanksiyalara görə, ABŞ və Avropa İttifaqı dünyanın nəhəng şirkətlərinə Rusiya ərazisindəki neft yataqlarının kəşfiyyatına sərmayə qoymağı qadağan edib. Söhbət Rusiyanın neft sənayesinin inkişafı üçün zəruri olan illik 425 milyard dollar kapitaldan gedir.

Ancaq sanksiyaların təsiri heç də birtərəfli xarakter daşımır. Sanksiya tətbiq edilənlə yanaşı, onu tətbiq edən də zərərə uğrayır. Artıq qadağalar nəticəsində bir sıra ölkələrin Rusiyaya ixracatında kəskin azalmalar gözə çarpır. Ancaq Qərb ilə Rusiya arasındakı sanksiya müharibəsinin təkcə Avropa və Rusiya deyil, dünya iqtisadiyyatına da mümkün təsirləri barədə ehtimallar irəli sürülür. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) Qərbin Rusiyaya yönələn sanksiyalarının mənfi nəticələrinin özünü qlobal miqyasda göstərə biləcəyini bəyan edib. BVF xüsusi risklə üzləşən maliyyə qurumları arasında Avstriya, İsveç, Fransa və İtaliya banklarının olduğunu bildirib. Qurum iqtisadi gərginliyin Mərkəzi Asiya regionuna və digər bölgələrə də yayılma ehtimalını irəli sürüb. Sanksiyaların həm də Cənubi Qafqaz regionuna da təsiri olub. Burada ən birincisi, iqtisadiyyatı Rusiyadan tam asılı olan Ermənistan ciddi təhlükə ilə üz-üzədir. Ancaq mütəxəssislər qarşılıqlı sanksiyaların Azərbaycan üçün o qədər təhlükəli olmadığı qənaətindədirlər.

İqtisadçı ekspert Yusif Vəliyev hesab edir ki, dünya iqtisadiyyatına dəyəcək ziyan ilkin olaraq hansı ölkənin hansı ölkədən asılı olmasından asılıdır: "Sanksisyaların müsbət təsir etdiyi ölkələr də var. Məsələn, Azərbaycanı götürə bilərik. Çünki, meyvə-tərəvəzlərlə bağlı Rusiya Qərbə qarşı sanksiya tətbiq edib. Nəticə olaraq da Azərbaycanın meyvə-tərəvəzi Rusiya bazarına asan şəkildə gedə bilir. Fermerlərimizə böyük gəlir əldə etmək üçün imkanlar yaranıb. Eyni zamanda bu sanksiyalardan Qərbin bazarını təmin edən ölkələr də müsbət hesab etmək olar. Rusiyanın Qərbə göndərə bilmədiyi məhsulları həmin ölkələr göndərirlər. Eyni zamadan iqtisadi baxıman Rusiyadan asılı olan ölkələr də ziyan dəyir. Çünki, istənilən halda sanksiyalar nəticəsində Qərblə Rusiya bir-birilərinə o qədər də təsir etmirlər. Hər ikisinin iqtisadiyyatı kifayət qədər güclüdür. Bu sanksiyalardan ən çox ziyan və xeyiri Rusiya və Qərbdən asılı olan ölkələrə alır".

Digər iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirdi ki, Rusiyanın dünya iqtisadiyyatında xüsusi çəkisi cəmi 2%-dir: "Yəni, Rusiyanın sanksiyaları ilə dünya iqtisadiyyatına heç bir təsiri yoxdur. Ayrı-ayrı bəzi sahələrdə çətinliklər yarana bilər. Çünki, Rusiya dünya iqtisadiyyatına kifayət qədər xammal verir. Elə Avropa və ABŞ arasında ən vacib məsələlərdən birincisi də məhz bu asılılığı azaltmaqdır. Bundan başqa, Rusiya dünya iqtisadiyyatında neft və qaz ixracatçısıdır. Rusiyadan neftə və qaza görə asılı olan Qərb ölkələri çalışırlar ki, bu asılılığı da azaltsınlar. Amma Qərbin potensialı çox böyükdür. Rusiya barədə isə bunu demək mümkün deyil. Ona görə də Qərb bu çətinlikdən çıxa biləcək. Rusiya isə çıxa bilməyəcək".

Oqtay Haqverdiyevin sözlərinə görə, bu mübarizədə Azərbaycan üçün elə də böyük təhlükə yoxdur: "Sədəcə olaraq Rusiyanın "VTB" bankının qiymətli kağızlarını almışıq. Onların qiyməti kəskin surətdə aşağı düşür. Müəyyən qədər bu məsələdə itiririk. Digər məqamlarda isə bunu demək olmaz. Məsələn, kənd təsərrüfatı sahəsində müəyyən qədər uduruq. Çünki, bizim məhsullar üçün Rusiya bazarı açılıb. Bundan başqa, bizim ixracatın böyük hissəsi neft və neft məhsullarıdır. Onların da bazarı Avropadır. Bu sahədə Rusiya ilə sıx əlaqələrimiz yoxdur. Sanksiyalar maliyyə bazarına müəyyən qədər təsiri ola bilər. Çünki, Rusiyada yarım milyona qədər azərbaycanlı yaşayır və işləyir. Onların işlərinə müəyyən qədər zərbə dəyə bilər".