news Image
2014.09.18
08:26
| A A A
Xarici ticarət dövriyyəmizdə manatdan istifadə oluna bilər
"Bir sıra qonşu ölkələrlə, məsələn, Türkiyə, Gürcüstanla başqa sahələr üzrə əlaqələrimizi məhz milli valyuta olan manata söykənməklə qura bilərik"

Türkiyə ilə Rusiya ticari əlaqələrini milli valyutalar vasitəsi ilə aparmaq istəyir. Bundan əvvəl analoji addımın Rusiya və İran arasında atılacağı məlum olub. Ümumiyyətlə, son dövrlərdə bir sıra ölkələr razılığa gələrək, aralarındakı iqtisadi əlaqələri milli valyutalarla aparırlar. Maraqlıdır ki, Azərbaycan da ən azından qonşuları ilə ticarət əlaqələrini manatla reallaşdıra bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov iqtisadi baxımdan bu addımın atılmasına ehtiyac görmədi: "Ümumiyyətlə, milli valyutalarla ticarətin həyata keçirilməsi iqtisadi baxımdan arzuolunan deyil. Adətən, milli valyutalarla ticarətin həyata keçirilməsi istiqamətində atılan addımlar iqtisadi deyil, siyasi səbəblərlə bağlıdır. Praktik olaraq, bu gün dünyada strateji məhsulların satışı ilə bağlı qəbul edilmiş standartlar mövcuddur. Həmin standartlar daxilində bu gün ticarət dövriyyəsi ABŞ dolları ilə ifadə olunur. O baxımdan, ölkələrin bir qisminin bir-birilə ticarətdə dollardan imtina etmələri daha çox siyasi xarakter daşıyır. Azərbaycan daha çox neft və qaz məhsullarının satışını həyata keçirir. Yəni onun ixracatında bu məhsulların payı genişdir. Ona görə də Azərbaycan üçün ixracatın digər valyutalarla, o cümlədən manatla aparılması addımı arzuolunan deyil. Strateji məhsulların qiymətinin fond birjalarında ABŞ dolları ilə müəyyən edildiyini nəzərə aldıqda da, bu addımın atılmasının mümkün olmadığını görə bilərik. ABŞ dolları ilə alqı-satqının digər üstün cəhəti ondan ibarətdir ki, bu ölkəyə valyutanın daxil olmasına imkan yaradır. Praktik olaraq, ixracat ölkəyə valyuta gətirir. Bu hal onu göstərir ki, Azərbaycanın qonşu ölkələrlə ticarətdə milli valyutaya keçməsi praktik olaraq valyuta qıtlığının yaranmasına, ölkəyə daxil olan valyutanın həcminin azalmasına gətirib çıxaracaq. Rublun dönərli valyuta olmadığını və onun məzənnəsinin aşağı düşdüyünü nəzərə alsaq, bu pulla məhsul satışı da arzuolunan sayıla bilməz. Manatla alqı-satqının da coğrafiyası geniş deyil. Bəzi region ölkələrində manat dəyişdirilir. Amma ixracatın həyata keçirilməsində alqı-satqı predmeti kimi manatdan istifadə olunmur. O baxımdan manatın qonşu ölkələrdə alqı-satqı imkanları da xeyli dərəcədə məhduddur. Bu addımın atılması həm də ölkədə manat qıtlığına gətirib çıxarar. Bu da manatın daha da möhkəmlənməsi və nəticə etibarı ilə ölkənin ixrac qabiliyyətinin aşağı düşməsinə səbəb olar. Sözügedən iqtisadi faktorlar nəzərə alınmaqla, indiki halda Azərbaycanın öz iqtisadi əlaqələrini ABŞ dolları ilə aparması daha məqsədəuyğundur. Bu ölkəmizin dövlət gəlirlərinin artması, həmçinin valyuta ehtiyatlarının formalaşması baxımından daha uyğun siyasət kimi qiymətləndirilə bilər".

İqtisadçı Aydın Hüseynov isə qonşu ölkələrlə əlaqələrdə alqı-satqı predmeti olaraq manata üstünlük verməyimizi məqbul bildi: "Son illərin statistikasını götürsək, görərik ki, manat dollara, həm də avroya nisbətdə öz möhkəmliyini qoruyub saxlaya bilib. Bu fonda ölkə əhalisinin manata olan inamı da böyükdür. Əhalinin əmanətlərinin böyük hissəsi məhz manatla yatırılıb. Deməli, hazırda manata həm ölkə vətəndaşlarının böyük etimadı yaranıb, eyni zamanda, dönərlik, dəyərini saxlamaq baxımından da milli valyutamız böyük nüfuza malikdir. Azərbaycan əsas strateji məhsulu olan neft və neft məhsullarını dünya bazarında dollarla satır. Amma bununla yanaşı, bir sıra qonşu ölkələrlə, məsələn, Türkiyə, Gürcüstanla başqa sahələr üzrə əlaqələrimizi məhz milli valyuta olan manata söykənməklə qura bilərik. Bu ölkələrlə ticarət dövriyyəmizin manatla aparılması zənnimcə, çox əlverişli olar. Yəni, Türkiyə və Gürcüstanla bu istiqamətdə addım atmağımız daha real görünür. Ardınca, digər qonşu ölkələrlə də ticari əlaqələrdə manatla aparmaq mümkün olar. Hazırda dünya ticarətində dollar aparıcı rola malik olmaqla yanaşı, bəzi ölkələr də var ki, öz aralarında razılığı əsasən, ticarəti milli valyutalarla həyata keçirirlər. Qonşu ölkələrlə ticarəti manatla reallaşdırmağımız düşünmürəm ki, manatın məzənnəsinə hər hansı bir formada mənfi təsir göstərsin. Konkret dollarla müqayisədə manat öz mövqeyini qoruyub saxlayıb. Bütün hallarda müəyyən nüansları nəzərə alsaq, qonşu ölkələrlə ticari əlaqələrimizin perspektivdə milli valyutalarla aparılması mümkün olacaq".