news Image
2014.09.18
09:59
| A A A
Paytaxtın mərkəzi hissəsinə girişin pullu olması yenidən gündəmə gəldi
Məzahir Rüstəmov: «Çıxış yolu mərkəzdə yerləşən iri ticarət, topdansatış obyektlərinin, universitetlərin şəhərdən kənara çıxarılması olardı» Natiq Ələkbərov: «Şəhərətrafı avtodayanacaqların yaradılması tıxacların azalmasına kömək edər»

İstirahət mövsümü bitdi, dincəlmək üçün şəhər kənarına üz tutan əhali iş üçün, kimisi də təhsillə əlaqədar geri qayıtdı. Lakin geri dönən, şəhərə axın edən insanlarla bərabər tıxaclar da qayıtdı. Elə son günlər yollarda yaşanan gərginlik, sıxlıq bunun bariz göstəricisidir. Şəhərimizdə müşahidə olunan bu ənənəvi halın aradan qaldırılması üçün mütəmadi olaraq yollar axtarılır, müəyyən işlər görülür. Yolların genişləndirilməsi, körpülərin tikilməsi, yeraltı dayanacaqlar və s. Lakin bütün bunlar tıxac məsələsinin  həlli üçün kifayət etmir. 

Yaranmış durumda problemin çözümü üçün yenidən səsləndirilən təkliflərdən biri də odur ki, paytaxtın mərkəzi hissəsinə giriş minik avtomobilləri üçün  ödənişli olsun. Yalnız ictimai nəqliyyat yollardan ödənişsiz istifadə etsin. Lakin bu fikir də birmənalı qarşılanmır. 

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov deyir ki, bu, çıxış yolu deyil. Əksinə, insanları əlavə xərcə salacaq: "Mən pullu yolları çıxış yolu hesab etmirəm. Əslində, problemin intellektual formada həlli mümkündür. 8 il bundan əvvəl qəbul edilmiş tədbirlər planında nəzərə tutulmuşdu ki, şəhərin mərkəzindəki iri topdansatış obyektləri şəhərdən kənara çıxarılsın. Ticarət mərkəzlərinin şəhərdə tıxacların yaranmasında 50 faiz payı var. Tikinti obyektlərinin inşa olunması üçün iri qabaritli maşınların hərəkəti də, əlavə 30 faiz rol oynayır.  Əgər bunlar aradan qaldırılarsa, şəhərin mərkəzində demək olar ki, tıxac görməyəcəyik. Əvvəlcə araşdırmaq lazımdır ki, tıxaclar niyə yaranır. Bunu öyrənmədən yolları pullu ediriksə, bu, həll yolundan çox insanları çətin vəziyyətə salır. Birinin pulu yoxdursa, o, yoldan keçməməlidir? Nə etməlidir? Tutaq ki, xəstəsi var maşında, ya da təcili ailəsi ilə harasa getməlidir və s. Bu yanaşma düzgün deyil. Ən gözəl hal, çıxış yolu dediyim kimi şəhər mərkəzində yerləşən iri ticarət obyektləri, iri topdansatış obyektlərinin, universitetlərin şəhərdən kənara çıxarılması olardı".  

"Müstəqil nəqliyyatçılar" ictimai birliyinin sədri Natiq Ələkbərov da hesab edir ki, yolların pulu olmas tıxac problemini həll etməz ki,  əksinə, sürücülərin xərclərini artırar: "Bakıda tıxacı yaradan intensiv  yenidənqurma işləridir. Bu tikintilər başa çatmalıdır ki, yolların hərəkətini məhdudlaşdıran hallar aradan qaldırılsın.  Ən çox tıxac yollarda təmirə görə hərəkətin məhsudlaşdırılmasıdır. Bu işlər başa çatdıqdan sonra yəqin ki, tıxaclar azalacaq. İndi isə alternativ tədbirlər görülə bilər. Məsələn, sərnişindaşımada hərəkətin intensivləşdirilməsi, dəmir yollarında qatarlarının hərəkətinin artırılması, su nəqliyyatının fəaliyyətə başlaması və s. hamısı tıxac probleminin aradan qaldırılmasına yönəlib". 

Natiq Ələkbərov şəhər ətrafından gələn avtomobillər üçün avtodayanacaqları salınmasını tıxac probleminin həlli üçün effektli ola biləcəyini düşünür: "Eyni zamanda şəhərin müəyyən  ərazilərində avtodayanacaqların yaradılması effektli ola bilər. Əhmədli qəsəbəsi, 20 yanvar metrostaniyası, Bayıl ərazisi tərəfdən belə dayanacaqlar salına bilər ki, şəhər ətrafından gələn maşınlar burada saxlanılsın. Avtomobil sahibi avtomobili burada saxlayıb ictimai nəqliyyata minə bilər.  Beləliklə, şəhərətrafı avtodayanacaqların yaradılması  tıxacların azalmasına kömək edər".