news Image
2014.09.20
07:17
| A A A
Banklardan regionlara ögey münasibət
Samir Əliyev: “Banklar özlərini sığortalamaq üçün regionlara münasibətdə şərtləri ağırlaşdırırlar” Əli Əlirzayev: “Əhalinin sayına, torpağına, resurslarına, təbii sərvətlərinə görə, bölgələr Bakı ilə müqayisədə üstünlük təşkil edir”

Bu gün regionlara banklar tərəfindən verilən kreditlərin həcmi paytaxtla müqayisədə olduqca azdır. Bankların ümumi kredit portefilinin heç 10 faizi bölgələrin payına düşmür. Belə vəziyyət isə bölgələrdə yaşayan insanların, burada iş qurmaq istəyənlərin lazımi həcmdə kredit əldə etməsində ciddi müşkülə çevrilir. Banklar isə hələ ki, bu ayrı-seçkilik siyasətinə son qoymağa tələsmir. Real vəziyyətin təhlili onu göstərir ki, bu gün bank sektoru regionlarda işləməkdə maraqlı deyil. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edir. Bu hal məhz regionlarda özünü qabarıq büruzə verir. Nəticə isə odur ki, regionlara daha az kredit ayrılır.

İqtisadi Təşəbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev bu qənaətdədir ki, bölgə əhalisinin alıcılıq qabiliyyətinin Bakı ilə müqayisədə aşağı olması bankların kredit portfelində regionların rolunun azalmasına gətirib çıxarır: "Ölkədə əsas biznes mühiti paytaxt və paytaxt ətrafında cəmləşib. Regionlara doğru getdikcə isə görürük ki, əhalinin kreditə əlçatanlığı pisləşir. Ölkə üzrə kreditlərin 90-95 faizi məhz Bakının payına düşür. Regionlarda əhalinin sosial vəziyyəti Bakı ilə müqayisədə aşağı olduğundan banklar onlara kredit verməyə risq etmir. Çünki, regionlara verilən hər bir kreditin geri qayıtmaması risqi paytaxta verilən kreditin geri qayıtma risqilə müqayisədə daha çoxdur. Banklar özlərini sığortalamaq üçün regionlara münasibətdə şərtləri ağırlaşdırırlar. Ona görə də region insanı kredit almaq üçün paytaxtda yaşayan qohumunun adından istifadə etməklə prosesi rəsmiləşdirir".

Ekspertin fikrincə, regionlarda kredit portfelinin zəifləməsində kredit faizlərinin də rolu var: "Kreditlərin regionlara doğru getdikdə faizində artımı müşahidə edirik. Ölkə üzrə orta illik faiz dərəcəsi 16-17 faizdirsə, regionlarda bu göstərici 20 faiz həddini ötür. Belədə bölgə əhalisinin kreditə əlçatanlığı da azalır. Hazırda regionların inkişafından danışdıqda dövlət tərəfindən həyata keçirilən proqramlardan başqa hər hansı digər tədbirlərdən danışa bilmərik".

Digər iqtiasadçı ekspert Əli Əlirzayev də problemi bir sıra amillərlə bağlayır: "Ən başlıca amil sahibkarlığın inkişafı ilə bağlıdır. Sahibkarlıq daha çox Bakı və Abşeron regionunda inkişaf edib. Regionlarda isə əsasən kiçik sahibkarlıqdır. Orta və böyük sahibkarlıq nisbətən zəif inkişafdadır. Ona görə də, banklar tərəfindən bölgələrə kreditlərin verilməsi çox məhduddur. Belə disbalansın yaranması ölkə iqtisadiyyatının qeyri-bərabər inkişaf etməsinin göstəricisidir. Ancaq regionların potensialı ölkə iqtisadiyyatının yarısından çoxunu təşkil etməlidir. Əhalinin sayına, torpağına, resurslarına, təbii sərvətlərinə görə, bölgələr Bakı ilə müqayisədə üstünlük təşkil edir. Dövlət büdcəsinin gəlirlər hissəsinə nəzər yetirsək, regionlardan vergi ödəmələrin payının çox aşağı olduğunu görə bilərik".

İqtisadçı əlavə etdi ki, mərkəzi fondların, iri dövlət vergi ödəyicilərinin Bakıda formalaşması da prosesə təsir göstərir: "Həmçinin, banklar tərəfindən regionlara kredit qoyuluşunda risklər böyükdür. Bakıda kreditlərin qaytarılması imkanları daha böyükdür. Regionlarda sahibkarların imkanları bir qədər məhduddur. Kreditin hara qoyulması məsələsi önəm daşıyır. Disbalansı arada qaldırmaq üçün regionların sosial-iqtisadi inkişafına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta və böyük sahibkarlığın yüksəldilməsinə nail olmaq lazımdır".