news Image
2014.09.24
07:37
| A A A
Bakı və Aşqabaddan yeni mövqe yaxınlığı
Zəfər Vəliyev: "yaxın gələcəkdə, "Transxəzər" qaz kəmərinin çəkilişinin şahidi olacağıq"

Bakıda Cənub qaz dəhlizinin təməli qoyulandan sonra, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Aşqabadda görüşüblər. Burada tərəflər bir daha bəyan edib ki, Türkmənistan və Azərbaycan Avropaya Xəzər regionundan enerji daşıyıcılarının nəqli üzrə alternativ marşurutlardan istifadədə maraqlıdırlar. Tərəflərin bir araya gəlməsi həm də Həştərxanda keçiriləcək dördüncü Xəzər sammiti ərəfəsində baş verir. Qeyd edək ki, Azərbaycanın da yüksək səviyyədə iştirak edəcəyi Həştəxan sammiti Xəzərin bir sıra problemlərinin həlli üçün önəmlidir. Bu günə qədər həll olunmayan hüquqi statusun müəyyənləşməsi isə ən vacib məsələdir. Dənizin statusunun müəyyən olunmasında Avropa da maraqlıdır. Bu, Azərbaycan və Türkmənistan arasında "Transxəzər" qaz kəmərinin çəkilməsiən imkan verə bilər. Proseslər göstərir ki, bu məsələdə Azərbaycan və Türkmənistanın mövqeləri yaxınlaşır. Azərbaycan və Türkmənistan rəsmilərinin son zamanlar artan təmasları da onu deməyə əsas verir ki, gec-tez bu layihə gerçəkləşəcək.

Ekspert Zəfər Vəliyevin fikrincə, ARDNŞ rəhbəri ilə Türkmənistan prezidentinin danışıqları "Transxəzər" kəməri ətrafında məsələnin sürətlənməsinə təkan verəcək: "Transxəzər" iddiası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistan qazını almaq planı ilə bağlı olaraq gündəmə gəlmişdi. Bundan sonra iki ölkə arasında qazın alınmasına dair kommersiya sazişi imzalandı. Həmin sazişə əsasən, Türkiyə 2000-ci ildən başlayaraq Aşqabaddan ildə 30 milyard kubmetrə qədər qaz almaq öhdəlik götürdü. 1998-ci ildə Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfər həyata keçirdi. Həmin səfərdə də "Transxəzər" qaz kəməri layihəsi yüksək səviyyədə müzakirə predmeti oldu. Bunun ardınca, 1999-cu ildə Aşqabadda həmin layihə ilə bağlı müqavilə imzalandı. Sonradan Azərbaycanla Türkmənistan arasında Xəzərdəki yataqlarla bağlı olaraq siyasi məsələdə müəyyən soyuqluq yarandı. Belədə həmin dövrdə kəmərin gerçəkləşməsi arxa plana keçdi. Düzdür, "Transxəzər" qaz kəməri ideyası 1997-ci ildə gündəmə gəlsə də, o dövrdə onun Avropa bazarına ixracı nəzərdə tutulmurdu. Yalnız Türkiyənin daxili tələbatını ödəmək üçün nəzərdə tutulan bir layihə idi. Amma Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycandan Türkiyəyə nəqli imkanları da mövcud deyildi. Çünki, ixrac kəmərləri yox idi. 2007-ci ildə Bakı-Tiflis-Ərzurum qaz kəməri istismara verildikdən sonra məsələ yenidən gündəmə gəldi və Avropanın enerji xəritəsində müəyyən dəyişiklik oldu. 2009-cu ildən başlayaraq, Ukrayna ilə Rusiya şirkəti "Qazprom" arasında Kiyevin idxal etdiyi qazın tarifi ətrafındakı fikir ayrılığı "Transxəzər" layihəsinin yenidən gündəmə gəlməsinə təkan verdi. Ardınca, 2011-ci ildə Avropa Komissiyası, Türkmənistan, Azərbaycan arasında üçtərəfli danışıqlar da intensivləşdi və belədə həmin qazın təkcə Türkiyəyə deyil, onun üzərindən Avropaya nəqli məsələsi də gündəmə gəldi. Son olaraq Avropa Komissiyası ilə Aşqabad arasında enerji memorandumu imzalandı. 2013-cü ildə Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısı ilə bağlı daha bir müqavilə imzalandı. ARDNŞ prezidenti Rövnəq Abdullayevin Türkmənistan prezidenti ilə son danışıqları "Transxəzər" kəməti ətrafında məsələnin daha da sürətlənməsinə təkan verəcək. Bu görüş keçən həftənin sonunda Cənub Qaz Dəhlizinin Səngəçal terminalında təməlqoyma mərasimindən sonraya təsadüf edib. Bu isə o deməkdir ki, 2018-2019-cu illər ərəfəsində Avropanın enerji xəritəsində ciddi dəyişikliklər baş verəcək, enerji məsələsində geniş əməkdaşlıq olacaq. Çünki, Cənub Qaz Dəhlizinin genişləndirmə məsələsi, TANAP, TAP layihələrinin həyata keçirilməsi Avropanın enerji təminatının uzun müddət təmin olunması sahəsində müstəsna hadisə olacaq. Ehtimal ki, yaxın gələcəkdə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin Türkmənistan prezidenti ilə son danışıqları "Transxəzər" kəməti ətrafında məsələnin daha da sürətlənməsinə təkan verəcək qaz kəmərinin çəkilişinin şahidi olacağıq. Türkmənistan qaz ehtiyatlarına görə, dünyada ilk beşlikdə təmsil olunur. Son illər bu ölkənin şərq-qərb vilayətlərində yeni yataqların kəşfi mühüm hadisə oldu. Buna qədər onun əsas qaz yataqları cənub-qərb vilayətlərində yerləşirdi. Belədə ölkənin ixrac imkanları da genişlənir. Yaxın on ildə ölkə qaz hasilatını bir neçə dəfə artırmağı düşünür. 2011-ci ildə Türkmənistanda böyük bir meqa layihə həyata keçirildi. Türkmənistan daxilində min kilometr uzunluğunda yeni qaz kəməri çəkilir. Bu kəmər Türkmənistanın cənub-şərqindəki qaz yataqlarını Xəzər sahilindəki yataqlarla birləşdirən transmilli qaz ixrac kəməridir. Deməli, Türkmənistan perspektivdə artıq qazını Avropa bazarına çıxarmaq fikrindədir. Türkmənistan bir neçə istiqamətdə qaz ixrac edir. İki kəmərlə İranın şimalına ixrac həyata keçirilir. Aşqabad Rusiya və Çinə də qaz göndərir. Amma Rusiyaya qaz ixracının həcmi artıq aşağı düşüb. Türkmənistan hazırda Rusiyaya 10 milyard kubmetr qaz verir, halbuki 2008-ci ildə bu rəqəm 40 milyard kubmetrdən çox idi. Artıq bir neçə ildir ki, Türkmənistanın Avropaya qaz ixrac imkanları daima müzakirə obyektidir. Belədə, yaxın gələcəkdə, Türkmənistan qazını Avropa bazarlarında görəcəyik. Rusiya və İran tərəfi isə Xəzərin hüquqi statusu müəyyən olunana qədər "Transxəzər" kəmərinin çəkilişini mümkünsüz hesab edir. Amma Türkmənistan prezidenti də dəfələrlə bildirib ki, Xəzərin hüquqi statusu müəyyən olunmasa da belə, Aşqabadla Bakı arasında enerji sahəsində əməkdaşlıq həmişə yüksələn xətt üzrə davam edəcək. Bilirsiniz ki, bir neçə ildir Türkmənistan nefti məhz Azərbaycan vasitəsilə ixrac olunur. Deməli, iki ölkə arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Hesab edirəm ki, Cənubi Qafqaz boru kəmərinin genişləndirmə məsələsi və TANAP, TAP layihələrinin həyata keçirilməsindən sonra Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxması mümkündür. Türkiyənin də qaza tələbatı ildən-il artır. Hər il bu ölkənin qaza tələbatı 1,5 milyard kubmetr artır. İkinci bir məqam, Avropa ilə Rusiya arasındakı qarşıdurma məsələsidir. Yaxın perspektivdə Rusiya qazından imtina edilərsə, Avropanın ona olan tələbarını daxili mənbələr, ABŞ-ın sıxılmış qazı, ərəb kəmərləri vasitəsilə tam təmin etmək mümkün olmayacaq. Bu problemi iki mənbə hesabına ödəmək olar. Bunlar İran və Türkmənistandır. İran da bu istiqamətdə ciddi layihələr həyata keçirir. Qəzvin-Təbriz və Bazarqan xəttində sutkalıq ötürmə gücü indi 17 milyon kubmetrdir. Gələcəkdə isə bu rəqəmi 65 milyon kubmetrə çatdırmağı düşünürlər. Deməli, İran üzərindən də Türkiyəyə ixrac imkanları genişlənəcək və o Tehrandan əlavə 10 milyard kubmetr qaz idxal edəcək. Yuxarıda qeyd etdiyim kimi yaxın gələcəkdə Türkmənistanın qaz imkanları daha da genişlənəcək. Bu baxımdan həmin ölkə qazının Avropaya Azərbaycan üzərindən çəkilişi tamamilə mümkündür. Belə bir addımın atılması Türkmənistanın da dövlət və milli maraqlarına cavab verir. İran da həmçinin bildirib ki, yaxın gələcəkdə daha Türkmənistandan qaz idxal etməyəcəklər. Deməli, belədə birdən-birə 20 milyard kubmetr qaz havada qalacaq. Pakistan, Hindistan, Əfqanıstanda siyasi vəziyyət sabit olmadığından ora qaz ixracı məsələsi isə risklidir. Bu halda, Türkmənistan öz qaz ehtiyatlarını Azərbaycan üzərindən Avropaya nəlq etməlidir".