news Image
2014.09.24
08:05
| A A A
Banklar hələ də xaricdən ucuz kredit cəlb etməkdə acizdirlər
Samir Əliyev: " Bankların xaricdən resurs cəlb edə bilməməsinin səbəbi yüksək faizli kreditlərlə işləmələridir " Natiq Cəfərli: " Xarici maliyyə qurumları Azərbaycan kommersiya banklarına kredit verərkən dövlət zəmanətinin olmasını önə çəkirlər"

Azərbaycanda bank sektoru müəyyən qədər inkişaf etsə də, kommersiya bankları hələ də xaricdən kredit almaqda çətinlik yaşayır. Ölkənin əksər bankları xaricdən kredit cəlb edə bilmir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev düşünür ki, yüksək faizli kreditlə işləmələri, kredit reytinqinin yüksək olmaması Azərbaycan banklarının xarici kreditlərə yaxın düşməsinə imkan vermir: "Bankların xaricdən resurs cəlb edə bilməməsinin bir səbəbi yüksək faizli kreditlərlə işləmələridir. Ona görə də, xaricdən ucuz resurs cəlb etməkdə çətinlik çəkirlər. Hazırda Azərbaycan banklarının kredit reytinqinin yüksək olmaması da, onların xaricdən kredit almalarına əngəl olan hallardandır. Müxtəlif reytinq agentlikləri banklara reytinq verir. Bankın reytinqi nə qədər yüksəkdirsə, onun ucuz resurs cəlb etmə imkanı da bir o qədər yüksəkdir. Azərbaycanda isə banklar ən yaxşı halda "B" kateqoriyasına daxildir. Ən yüksək kateqoriya olan "A" kateqoriyasına daxil olan banklarımız isə yoxdur. Bütün bunlara görə, Azərbaycan bankları resurs cəlb edəndə ya yüksək faizlə alır, ya da hansısa vasitəçi vasitəsilə. Məsələn, Şərqi Avropa ölkələri bankları ucuz kredit cəlb edir, sonra da onu yüksək faizlə Azərbaycan banklarına ötürürlər. Yəni, Azərbaycan bankları ancaq vasitəçilər vasitəsilə xaricdən müəyyən miqdar kredit ala bilirlər. Reytinq almaq üçün banklar müəyyən şərtlərə cavab verməlidirlər. Burada korporativ idarəetmədən tutmuş, kredit risqlərinin idarə edilməsi, xidmətlərin həcmi kimi kriteriyalar mövcuddur. Azərbaycan bankları isə bu kriteriyalara cavab verə bilmədiyindən, onların etibarlılığı bir o qədər də yüksək deyil. Ölkəmizdə kreditlərin böyük həcmini məhdud çərçivədə insan alır, bu da bank üçün böyük təhlükədir".

Müstəqil iqtisadçı ekspert Natiq Cəfərli isə bu qənaətdədir ki, Azərbaycan banklarının xaricdən kredit cəlb etməkdə çətinlik çəkməsinin başlıca səbəbi, ölkəmizin hələ də Ümumdünya Ticarət Təşkilatına qəbul olunmaması ilə bağlıdır: "Bu quruma üzv olmaqla, bir çox sahələrdə olduğu kimi, bank sferasında da beynəlxalq oyun qaydalarının qəbulu prosesi baş verir, yerli qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılır, kredit verən, alan təşkilatların öhdəliklərinin tənzimlənməsi üçün ciddi bir hüquqi baza yaradılır. İkinci bir tərəfdən, Mərkəzi Bankın apardığı siyasət nəticəsində ölkəmizdə uçot dərəcəsi 3,75 faiz civarındadır. Uçot faizinin böyük olması xaricdən cəlb edilmə vəsaitlərin həcmini çətinləşdirir.

Xarici maliyyə qurumları həm də Azərbaycan banklarına kredit verməkdə bir qədər çəkincəli davranır. Onlar Azərbaycan kommersiya banklarına kredit verərkən dövlət zəmanətinin olmasını önə çəkirlər. Bunun üçün Mərkəzi Bankdan ciddi zəmanət alınması lazımdır. Bu isə çox da asan məsələ deyil, uzun bir prosedurdur. Azərbaycan banklarının heç də hamısı hələ də öz işlərini beynəlxalq hesabatlılıq standartına uyğun olaraq qura, ciddi beynəlxalq audit təşkilatlarından rəy ala bilmir. Xarici maliyyə bazarında kredit axtararkən, tələb olunan ilk məsələlərdən biri həmin bankların ciddi audit təşkilatlarında auditdən keçməsi və bəlli setrifikatların verilməsidir. Təəssüf ki, Azərbaycan bankları bunu ciddiyə almır. Bu isə onların maliyyə bazarına çıxmalarını çətinləşdirir".