news Image
2014.09.24
11:00
| A A A
Arıçılıq təsərrüfatlarında problem balın qiymətini qaldırdı
Vahid Məhərrəmov: «Fermerlər arıları elə bölgələrdə saxlasınlar ki, orada havanın kəskin dəyişməsi baş verməsin» Murtuzəli Hacıyev: «Bu il hava şəraitinin əlverişsiz keçməsi kənd təsərrüfatının digər sahələri ilə yanaşı, arıçılığa da mənfi təsir göstərdi»

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə,  balın çox olması üçün arılara münbit şərait yaradılmalıdır. Belə ki, arıların yaxın məsafədən şirə toplaya bilməsi üçün fermerlərin özlərinin fərdi təsərrüfatları olmalıdır: "Fermerlər həm bitkiçiliklə məşğul olmalıdırlar, həm də arıçılıqla. Belə olan halda, onların əkin sahəsində yetişdirdiyi, arıların mayalanmasında iştirak etdiyi bitkilərin həm tozlanmasını vaxtında gedər, həm də arılar bal toplaya bilər. Nəticədə də bal çox olar. Təəssüflər olsun ki, bu il bitkiçilikdə vəziyyət gərgin oldu. Suvarma suyuna olan ehtiyac ödənə bilmədiyi üçün bitkilərlə bağlı problemlər yaşandı.  Belə ki, bitki normal qidalanmayanda və suvarma suyuna olan ehtiyacı ödənilməyəndə, onlarda vegetasiya müddəti azalır. Ümumiyyətlə, bitkinin funksiyası insanları məhsulla təmin etmək deyil.  Onun əsas funksiyası nəsil artırmaqdır. Belə olan halda, ətraf mühitdə münbit şərait yoxdursa, orada vegetasiya müddəti aşağı düşür. Yəni, qısa bir müddətdə inkişaf başa çatır. Harda quraqlıqdırsa, orda bitkinin boyu da balaca olur, meyvəsi də xırda olur.  Bu da onunla bağlıdır ki, bitki çalışır ki, onun üçün təhlükəli vəziyyət  yarananda nəsil artımını tez həyata keçirsin. Belə olan halda, vegetasiya  müddəti daralanda arılar da bal yığa bilmirlər, çiçək fazası qısa bir müddətdə yekunlaşır. Bu arılar üçün qida əldə olunmasında problem yaradır. Eyni zamanda havaların həddindən artıq isti keçməsi də arının qida axtarışında problem yaradır. Arılar da hava isti olanda uzaq məsafəyə uça bilmirlər. Bütün bu amillər əlbəttə, həm ətraf mühitlə bağlı, həm də onlar üçün normal şərait yaradılmayanda, arıların məhsuldrlığına ciddi təsir edir, azaldır. Həm də arılar özü qidalanmayanda zəif olur, nəticədə xəstəliklərə məruz qalır, uzun məsafəyə uçuşu həyata keçirib  şirə toplaya bilmirlər. Bu səbəbdən  onlar üçün normal mühit yaratmaq lazımdır. Fermerlər arıları elə bölgələrdə saxlasınlar ki, orada havanın kəskin dəyişməsi baş verməsin. Və arıların daimi qidalanması üçün şərait olsun". 

Qiymətlərə gəlincə isə, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Murtuzəli Hacıyev Mövqe.az-a bildirdi ki, bu il keçiriləcək bal yarmarkasında qiymətlər sərbəst olacaq: "Oktyabrın 1-dən  30-na kimi 1  ay müddətində "28 may" metrosunun yaxınlğında bal satışı üzrə respublika bal sərgi satış yarmarkası keçiriləcək. Artıq yarmarkada iştirak etməklə bağlı 300-dən artıq vətəndaş bizə müraciət edib. 350 nəfər  məhsulları gətirib anbara təhvil verib də. Əvvəlki yarmarkalardan fərqli olaraq bu dəfə konkret qiymət təyin etməyəcəyik. Qiymətlər tam sərbəstdir. Tamamilə satıcı ilə alıcı arasında razılaşmaya əsasən olacaq. Düzdür, bu il hava şəraitinin əlverişsiz keçməsi kənd təsərrüfatının digər sahələri ilə yanaşı, arıçılığa da mənfi  təsir göstərdi. Ancaq respublikada bu gün 238 min arı ailəsi var. Və hər yeşikdən təxmini 15 kiloqrama qədər bal almaq mümkündür. Nazirliyin proqnozuna görə, ümumən bundan hardasa 1600 ton bal istehsalı  gözlənilir".