news Image
2014.09.24
11:07
| A A A
Süd zavodları artsa da, idxaldan asılılıq azalmır
Ekspert: «Azərbaycanda istehsal olunan süd məhsullarının yağlılıq faizi aşağıdır»

Azərbaycanda son illər 10-a yaxın yeni süd emalı zavodunun istifadəyə verilməsinə baxmayaraq, xaricdən kərə yağı idxalı artır. 2014-cü ilin 8 ayı ərzində Azərbaycana xaricdən 17,4 milyon dollar dəyərində kərə yağı idxal edilib. Kərə yağının idxalı ötən ilin anoloji dövrü ilə müqayisədə 50,1% və ya 5,8 milyon dollar həcmində artıb. Bəs bu artımı şərtləndirən səbəb nədir? Maraqlıdır ki, süd emalı zavodlarının artımı bəzi süd məhsulları baxımından hələ də ölkəmizin idxaldan asılılığına son qoya bilmir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun məsələyə münasibəti belə oldu:  "Ümumiyyətlə, Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının istehsalında ciddi problemlər var. Bu problemləri yaradan səbəb ondan ibarətdir ki, bu sahənin gəlirliliyi kifayət qədər aşağıdır və eyni zamanda dövlətin bu istiqamətdə bəzən aparığı subsidiyalaşma siyasətinin özü belə prosesin inkişafına lazımi təkan verə bilmir". 

İqtisadçı ölkəmizdə yerli istehsaldan daha çox xarici kərə yağının gətirilməsini onunla əlqələndirdi ki, Azərbaycanda istehsal olunan südün yağlılıq dərəcəsi kifayət qədər deyil ki, keyfiyyətli kərə yağı emal olunsun: "Son illər ölkəmizdə süd və süd məhsullarının istehsalı ilə bağlı müəyyən brendlər yaranmağa başlayıb. Eyni zamanda, biz bu məhsulların ölkə bazarlarında kifayət qədər rəğbətlə qarşılandığının şahidi oluruq. Lakin eyni zamanda onu da qeyd etmək lazımdır ki, xaricdən idxal olunan məhsullar da hal-hazırda ölkə bazarlarındadır. Xüsusilə də yağ məhsulları daha çox xarici ölkələrdən idxal edilir. Bu da onunla bağlıdır ki, Azərbaycanda istehsal olunan süd məhsullarının yağlılıq faizi aşağıdır. Məhz buna görə südün yağ istehsalı məqsədi ilə istifadəsi heç də hər zaman gəlirli, məqsədəuyğun olmur. Digər tərəfdən, hal-hazırda ölkə daxilində müəyyən şirkətlər bununla məşğul olsa da, görürük ki, istehsalatda hər hansı problemlərdən qaynaqlanan səbəblərdən bu istiqamətdə yüksək keyfiyyət dərəcəsi əldə edilmir. Buna görə, məhz yağ məhsulları xarici brendlərlə rəqabət aparacaq gücdə deyil. Eyni zamanda, bir tərəfdən də nəzərə almaq lazımdır ki, əhalinin alıcılıq qabiliyyəti zaman-zaman artır, eyni zamanda ölkə əhalisinin sayı artır. Təbii ki, buna mütənasib olaraq, ölkədə daxili tələbat da artır. Baxmayaraq ki, hal-hazırda ölkədə kifayət qədər süd məhsullarının istehsalı ilə məşğul olan şirkətlər var, lakin bu şirkətlər daxili tələbatı  tam olaraq ödəyə bilmirlər. Digər bir məsələnin şahidi oluruq ki, bəzən  kənd təsərrüfatı məhsullarının daxili istehsalı artdığı təqdirdə, eyni zamanda onun idxalında da artım olur.  Bunun isə əsas səbəblərindən biri zamanında düzgün aparılmayan qeydiyyata alma, idxal sənədləşmə problemləridir".