news Image
2014.09.26
10:25
| A A A
Tikintidə Avropa standartlarının tətbiqi başlanır
Ramil Osmanlı: «Tikinti şirkətlərinin rəsmiləri çox vaxt işçilər üçün təhlükəsiz şərait yaratmaqda maraqlı olmurlar» Nüsrət İbrahimov: «Mövcud normalar var ki, təhlükəsizlik məsələləri orada geniş şəkildə öz əksini tapıb»

Məlumat verildiyi kimi, bu günlərdə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və  Almaniya İnşaat Texnologiyaları İnstitutunun birgə  təşkilatçılığı ilə "Avropa İttifaqının (Aİ) tikinti standartlarına keçid sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi" layihəsinin təqdimat mərasimi keçirilib. Mərasim zamanı bildirilib ki, layihəyə əsasən artıq Azərbaycanda Avropa İttifaqının tikinti standartları tətbiq ediləcək. Bildirilib ki, hazırlanan "Tvininq" layihəsi Avropa İttifaqının tikinti standartlarına keçidin təmin edilməsi, inşaatda təhlükəsizliyi yüksəltməyi nəzərdə tutur. Qeyd edək ki, layihədə iştirak etmək üçün Avropa İttifaqının 5 ölkəsi - Almaniya, Avstriya, Böyük Britaniya, Sloveniya və Latviya təkliflərlə çıxış edib. Nəticədə "Tvininq" layihəsi üzrə tərəfdaş ölkə olaraq Almaniya, inzibati tərtibedici orqan isə Almaniyanın İnşaat Texnologiyaları İnstitutu seçilib.

Ekspertlər yeni standartların tətbiqinin ölkəmizdə mövcud tikinti sahəsində müsbət dəyişikliklərə səbəb olacağını bildirirlər. Xatırladaq ki bir neçə gün əvvəl Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması məqsədilə növbəti monitorinqlər aparılmışdı. Yoxlamalar zamanı bir neçə tikinti şirkətlərinin fəaliyyəti dayandırıldı. Səbəb bu tikinti obyektlərində çalışan işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməməsi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulması olub.

Əmlak məsələləri üzrə eskpert Ramil Osmanlı Mövqe.az-a açıqlamasında bildirir ki, tikintidə Avropa İttifaqı standartlarının tətbiqi təhlükəsizlik məsələsinin ön plana keçməsi, əmək qaydalarına əməl olunmasına yönələcək: "Əslində, tikinti üçün standartlar Azərbaycanda da var. Sadəcə olaraq, standartlara əməl olunması məsələsi bir qədər problemlidir. Ölkəmizdə bir çox hallarda tikinti zamanı bu qaydalar gözardı edilir. Tikinti şirkətlərinin rəsmiləri çox vaxt işçilər üçün təhlükəsiz şərait yaratmaqda maraqlı olmurlar. Yeni standartların qəbulu bu məsələni sərtləşdirəcək, ciddiləşdirəcək". 

"MBA LTD" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov da Movqe.az-a açıqlamasında məsələyə münasibət bildirdi. 

Ekspert hesab edir ki, Azərbaycanda mövcud tikinti təhlükəsizliyi standartları heç də Avropa standartlarından geri qalmır. Sadəcə olaraq, bu normaların tətbiqinə nəzarəti gücləndirmək lazımdır: "Əgər söhbət tikintidə təhlükəsizlikdən gedirsə, Avropa tələbləri elə ölkəmizdə də mövcuddur. Mövcud normalar var ki, təhlükəsizlik məsələləri orada geniş şəkildə öz əksini tapıb. Sadəcə olaraq, bu normaların tətbiqinə nəzarəti gücləndirmək lazımdır. Burda işçilərin lazımi avadanlıqlardan istifadə etmələri, lazımi geyimlərlə təmin olunması, digər təhlükəsizlik qaydalarının yerinə yetirilməsi, işçilərin normal iş rejiminə əməl olunması və s. tələblər mövcuddur. Sadəcə olaraq, onların icrası məsələsi var".