Əlaqə Arxiv
news Image
2014.09.27
08:10
| A A A
Rusiyadan Azərbaycana pul göndərmək daha baha başa gələcək
Rəşad Həsənov: " Pul köçürmələrinə görə tutuluan vəsait artacaqsa, deməli, soydaşlarımızın da Azərbaycana pul yollamaq üçün xərcləri artacaq"

Rusiyadan MDB ölkələrinə pul köçürmələri bahalaşır. Rusiyanın "Kommersant" qəzeti yazir ki, sentyabrın 30-dan etibarən Rusiyada işləyən 3 beynəlxalq pulköçürmə sistemlərindən biri olan "Western Union" tarifləri artıracaq. Xüsusilə də MDB ölkələrinə olan kiçik köçürmələrdən, yəni məbləği 5 min rubl və ya 200 dollardan başlayan göndərişlərdən tutulan haqq 0,3-0,5% artırılır. 2 min dollar və ya 50 min rubldan yuxarı göndərişlər üçün xidmət haqqı tutulması isə 2 dəfə artacaq.

"Kommersant" yazır ki, tariflərin artırılması Rusiya bazarı üçün çox nadir hadisədir. Bir qayda olaraq, iştirakçılar, əksinə, qiymət dempinqi hesabına müştəri uğrunda mübarizə aparır. "Western Union" isə indi tamam əks addım atır.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılar da hər il Vətənlərindəki yaxınlarına milyonlarla dollar pul göndərirlər. Lakin indi göründüyü kimi, xaricə göndərilən vəsaitlərdən tutulan haqq artırılır. Maraqlıdır, belə hal Rusiyadan Azərbaycana pul köçürmələrinə necə təsir edəcək?

Müstəqil iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu hal vətənlərinə pul köçürən soydaşlarımızın haqq olaraq ödədikləri xərcin çoxalmasına gətirib çıxaracaq: "Rusiyadan xaricə, xüsusən də MDB ölkələrinə göndərilən pul köçürümlərinə görə tutulan haqqın artırılması təbii və gözlənilən prosesdir. Ümumiyyətlə, Qərb tərəfindən Rusiyanın maliyyə-kredit bazarına tətbiq olunan sanksiyalar sonda bu nəticələrə gətirib çıxarmalı idi. Çünki, artıq dünya banklarının Rusiya ilə işlərində müəyyən problemlər yaranıb. Eyni zamanda, Rusiya banklarına tətbiq olunan sanksiyalar, onların birbaşa çıxışlarına əngəl yaradıb. Hal-hazırda Rusiya banklarının beynəlxalq çıxışlara yolu əngəlləndiyindən, habelə alternativ olmadığından, rəqabət mühitində bazar prinsiplərinə uyğun olaraq, faktiki, bu prinsipləri həyata keçirən şirkətlər öz xidmət haqlarını artırmalı olur. Burada digər maraqlı bir tərəf də var. Həmin maraqlı tərəf hesab edirəm ki, Rusiya hökumətinin özüdür. Hazırda Rusiya ciddi maliyyə problemləri ilə üz-üzədir. Son vaxtlar Rusiya bankları açıq şəkildə bu problemləri etiraf etməyə başlayıb. Eyni zamanda, Rusiya İqtisadi İnkişaf Nazirliyi də məsələ haqda açıqlama verib. Hətta onlar, məlumatımıza görə, Azərbaycandan da vəsait cəlb etmək istəyirlər. Hökumətin özü Rusiyanın maliyyə bazarından vəsaitlərin çıxarılmasında maraqlı deyil. Ola bilsin, köçürmələrə görə qiymət artımları qarşılıqlı razılaşma əsasında tətbiq edilir. Məqsəd də maliyyə axınını nisbətən azaltmaqdan ibarətdir. Burada digər bir nüans ondan ibarətdir ki, azərbaycanlılar da Rusiyadan vətənlərinə kifayət qədər böyük həcmdə pul göndərən qrupa aiddir. Rusiyada çoxsaylı soydaşımız yaşayıb, işləyir. Pul köçürmələrinə görə tutuluan vəsait artacaqsa, deməli, soydaşlarımızın da Azərbaycana pul yollamaq üçün xərcləri artacaq".

Bütün bunlar göndərilən pulların da həcmini azaldacaq. Rublun sürətlə ucuzlaşması da vəziyyətə təsirsiz ötüşmür. Ümumiyyətlə, Azərbaycan üçün Rusiya rublunun məzənnəsinin aşağı düşməsi həm makro, həm də mikro yanaşma səviyyəsində təsirlərə malikdir. Makro səviyyədə təsir ondan ibarətdir ki, Dövlət Neft Fondu ehtiyatlarının bir qismini rublda saxlayır. Yəni rublun məzənnəsinin aşağı düşməsi həmin ehtiyatlara mənfi təsir göstərir, onların dəyərinin azalmasına gətirib çıxarır. Digər neqativ tərəf ondan ibarətdir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi rublun manata nisbətən də məzənəsinin azalmasına gətirib çıxarır. Yəni manat da rubla nisbətən möhkəmlənir. Bu, Rusiyaya məhsul ixracını müəyyən qədər məhdudlaşdırır və faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalı olmasına gətirib çıxarır.

O da aydındır ki, rublun ucuzlaşması Rusiyanın ixracına təsirsiz ötüşmür. Yuxarıda qeyd olunduğu kimi, Rusiya ölkəmizin əsas ticarət partnyorlarındandır. Rublun ucuzlaşması şimal qonşularımızdan gələn idxalın həcminin artmasına səbəb olur. Çünki manatın bahalaşması hesabına bu ölkədən gətirilən malların həcmi avtomatik çoxalır. Rublunun ucuzlaşması Rusiyadan göndərilən pul kütləsinə də təsir göstərir. Çünki rublla qazanan soydaşlarımız Azərbaycana pul göndərəndə ya Rusiyada dollara çevirib yollayır, ya da Azərbaycanda manata çevirir. Bu isə pulun dəyərsizləşməsi deməkdir.

Sizin Reklam Yeriniz