Əlaqə Arxiv
news Image
2014.09.29
11:46
| A A A
Bazarlarda indi də payız bahalaşması başlanır
Nizami Qarayev: «Bundan sonra qiymətlərdə müəyyən artım ola bilər» Natiq Cəfərli: «Mövsümi amilləri də nəzərə alsaq, bu il kənd təsərrüfatı mallarında bahalaşma keçən ilə nisbətən daha çox olacaq»

Payızın gəlməsi ilə bazarlarda mövsümi malların azalması müşahidə olunur. Ənənəvi olaraq bu vəziyyətdə kənd təsərrüfatı məhsullarının qiymətində artım olur. Hazırda məhsullarımızın Rusiyaya axını ilə əlaqədar onsuz da bahalaşma yaşanır. Bu fonda maraq doğuran məsələlərdən biri  mövsümi amillərin  qiymətlərdə ikinci bir bahalaşmaya yol açıb-açmayacağıdır.  

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev Mövqe.az-a açıqlama verib. Ekspert hesab edir ki, mövsümi amillər qiymətlərə təsir edəcək, lakin kəskin bir artım gözlənilmir:  "Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə bir sıra faktorlar təsir elədi. Bunların başında ilk olaraq quraqlıq dayanır. Təəssüf ki, bu il kənd təsərrüfatı üçün əlverişli il olmadı. Bu da kənd təsərrüfatı mallarının istehsalının azalmasına səbəb oldu. İkinci bir səbəb Rusiya ilə Avropa münasibətlərinin Azərbaycan bazarına təsiri idi ki, Azərbaycan məhsullarının bir qismi Rusiyaya göndərildi və bu da ölkə bazarında kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına təsir elədi. İndi isə mövsümün sonudur. Həmişə olduğu kimi, bu vaxtlarda məhsul azalır, qiyməti artır. Amma bu il artıq mövsümün ortasında qiymət kifayət qədər qalxmışdı. İstənilən məhsulda bunu görmək mümkündür. Məsələn, pomidorun bugünkü qiyməti keçən ilin qış mövsümündəki qiymətə bərabərdir. Belə vəziyyətdə qiymətin bir də qalxmasını gözləmək məncə, yanlış olardı. Çünki artıq qiymətlər kifayət qədər qalxıb. Bundan sonra yalnız stabilləşmədən danışmaq olar. Bugünkü qiymətlər imkan verir ki,  kənardan kənd təsərrüfatı məhsulları ölkəyə gətirilsin. Bu şərait imkan verir ki,  ayrı-ayrı iş adamları, sahibkarlar Azərbaycana kənardan kənd təsərrüfatı məhsulları gətirərək bazarda təklifi artırsınlar. Bu, istər-istəmə qiymətin qalxmasının qarşısını alan bir amil kimi qiymətləndirilə bilər. Düşünürəm ki, bundan sonra qiymətlərdə müəyyən artım ola bilər, amma, bu qətiyyən kəskin artm olmayacaq". 

İqtisadçı Natiq Cəfərli də qiymətlərin qalxacağını proqnozlaşdır: "Hər il kənd təsərrüfatı məhsullarının qiymətində mövsümün təsiri  həddindən artıq yüksək olur. Mövsüm dəyişikliyi baş verəndə bu qiymətlərdə hiss olunur.  Amma bu ilin fərqli cəhəti ondan ibarətdir ki, Rusiyanın Avropa ölkələrindən kənd təsərrüfatı məhsullarının gətirilməsinə qoyduğu qadağalardan sonra Azərbaycandan gedən məhsullara tələbat həddindən artıq artıb. Yay mövsümündə, avqust ayında belə qiymət bahalaşması olmuşdu. İndi mövsümi amilləri də nəzərə alsaq, düşünürəm ki, bu il kənd təsərrüfatı mallarında bahalaşma keçən ilə nisbətən daha çox olacaq. Tələbat artdıqca, özümüz bazarlara üz tutduqca bunun daha çox şahidi olacağıq. Çünki Rusiya amili çox ciddi paya malikdir. Nəzərə almaq lazımdır ki, Rusiya bazarı 144 milyon nəfərin yaşadığı  böyük bir bazardır. Bu say Azərbaycan əhalisindən qat-qat çoxdur. Tələbat da həddindən artıq yüksəkdir. Azərbaycan mallarının da Rusiya bazarında yüksək imicə malik olması Azərbaycandan daha çox məhsulların Rusiyada satılmasına gətirib çıxaracaq. Onu da nəzərə almaq lazımdır ki, qiymətlər Rusiyada Azərbaycandan daha bahadır. Ona görə də yerli istehsalçılara məhsullarını Rusiya bazarına çıxarmaq daha sərfəlidir, nəinki yerli bazarda satmaq.  Təbii ki, bu da qiymətlərin artımına təkan verir". 

Ekspert Azərbaycanda inflyasiya rəqəmlərinin də yüksələcəyini bildirir: "Çox güman ki, aylıq infliyasiya və ilin sonunda inflyasiya bundan həddindən artıq təsirlənəcək. Çox güman ki, Azərbaycanda inflyasiya rəqəmləri keçən ilə nisbətən daha yüksək olacaq". 


Sizin Reklam Yeriniz