Əlaqə Arxiv
news Image
2014.10.09
11:53
| A A A
Neftin büdcə qiyməti aşağı salınacaq?!
İlham Şaban: «Biz qiyməti lap 50 dollar da götürə bilərik» Zəfər Vəliyev: «Dünyanın enerji bazarlarında kifayət qədər, tələbatdan artıq neft var»

Son vaxtlar dünyada neftin satış  qiyməti azalan xətt üzrə gedir. Bu isə neft hasilatı ilə məşğul olan ölkələri onun büdcə qiymətinə daha diqqətlə yanaşmağa vadar etməkdədir. Məsələn, şimal qonşumuz gələn il üçün  neftin bir barrelini büdcədə 80 dollara kimi endirmək niyyətindədir. Maraqlıdır ki, bu şəraitdə Azərbaycanda da büdcədə neftin qiyməti aşağı götürləcəkmi?  

 Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Movqe.az-a mövcud vəziyyətlə bağlı fikrilərini açıqlayıb. Ekspert hesab edir ki, əslində, neftin büdcədə hansı rəqəmlə götürülməsinin elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ hökümətin qarşısında duran vəzifələrdir: "Yəni, bilmək lazımdır ki,  gələn il üçün hökümət qarşısında hansı məqsədlər durur. Hesablanır ki, bu vəzifələri həyata keçirmək üçün nə qədər vəsait lazımdır. Bu hesablanarkən ümumilikdə büdcədən maliyyəyələşən təşkilatlar, orda çalışan insanlar, sosial layihələr, təqaüdçülər, ölkədə hər hansı bir beynəlxalq tədbir keçiriləcəksə, bununla bağlı xərclər və s. daxil edilir.  Hökümətin ekspertləri buna uyğun da büdcənin gəlirlərini hesablayırlar. Yəni, məsələn, neftin orta qiyməti 80 dollar olsa, büdcəyə nə qədər vəsait daxil ola bilər, 90 dollar olsa, nə qədər vəsait ola bilər və s. Çünki, ona uyğun da şirkətlər işləyirlər, onlar nə qədər vergi verə bilərlər, bu da hesablanır. Bütün bunlar müxtəlif ssenaridə hazırlanır və müəyyən edilir ki, bunlar olanda büdcədə nə qədər kəsir yarana bilər. Və bu kəsrin Neft Fondu vasiətsilə  ödənməsi də ortaya qoyulur və bunun əsasında qərar çıxarılır. Söhbət ondan gedir ki, biz qiyməti lap 50 dollar da götürə bilərik. Lakin hökümət üçün bu hansısa fövqəl bir məsələ deyil. Çünki Neft Fondundan istənilən qədər məbləği götürüb ora qoya bilərik. Ancaq makroiqtisadi stabillik deyilən bir amil var. Ona görə bütün bunları yerinə yetirmək üçün götür-qoy edirlər, ona uyğun da qiyməti müəyyənləşdirirlər".

Ekspert bildirib ki, Azərbaycanda neftin  qiymətinin aşağı salınıb-salınmaması yalnız ölkənin gələn il üçün xərcləri, gəlirləri hesablandıqdan sonra müəyyən edilə bilər: "Hazırki şəraitdə sentyabrın əvvəllərindən başlayaraq neftin qiymətində ucuzlaşma gedir. Amma ümumi illik rəqəmlərə baxanda Azərbaycan neftinin orta ixrac qiyməti 100 dollar təşkil edəcək. Yəni cari il üçün hansısa təhlükə gözlənilmir. Gələn il üçün hökümət maliyyələşən layihələrin daha efektiv xərclənməsi məsələsinə baxa bilər, digər layihələrin o biri ilə keçirilməsinə baxa bilər. Əvvəlki illərdə Neft Fondundan büdcəyə transferlər hər il 11 milyard həcmində idi. İndi 9 milyarda qədər azalıb. Gələn il üçün müxtəlif layihələr nəzərdə tutula bilər. Ümumiyyətlə, burda idarəetmə üçün çox müxtəlif alətlər var. Düşünürəm ki, ancaq Prezident büdcə layihəsinə imza atıb parlamentə göndərəndən sonra biz onun təfərrüatı ilə tanış ola biləcəyik. Onda daha çox müzakirə obyekti  olaraq ekspertlərin rəyi olacaq ki, hökümətin hansı istiqamətdə addım atmaq fikri var". 

İqtisadçı ekspert Zəfər Vəliyev məsələ ilə bağlı fikirlərini Movqe.az-a açıqlayıb. Ekspert bildirib ki, neftin qiymətinin aşağı düşməsi dünyada baş verən iqtisadi vəziyyətlə, qlobal iqtisadi göstəricilərlə bağlıdır. Və dünyada neftin ucuzlaşması Azərbaycana da təsir edəcək: "Bilirsiniz ki, Avropada, Çin Xalq Respublikasında hazırda həm sənaye istehsalı, həm də  ümumdaxili məhsulun artım tempi aşağı düşüb. Belə olan halda təbii ki, dünyada neftə olan tələbat da aşağı düşür. Eyni zamanda dünyanın enerji bazarlarında kifayət qədər, tələbatdan artıq neft var. Ona görə də neftin qiymətinin yaxın perspektivdə yuxarı qalxması elə də inandırıcı görünmür. Beynəlxalq Valyuta Fondunun qiymətləndirilməsinə görə,  dünyada qlobal iqtisadiyyatda 2015-ci ildə 3.8% artım müşahidə olunacaqdır. Ümumi daxili məhsul isə 2015-ci ildə 0.2% və 1.3% arasında dəyişəcək. Belə olan təqdirdə təbii ki, neftin qiyməti də aşağı düşəcək. ABŞ Beynəlxalq Enerji İnformasiya agentliyinin yaydığı məlumata görə, yaxın perspektivdə WTI  markalı neftin bir barrelinin qiyməti 2015-ci ildə 93-94 dollar arası dəyişəcək. Brent markalı neftin qiyməti isə gələn il üçün 100-101 dollar arası dəyişməlidir. Bu yaxın zaman üçün qısamüddətli bir proqnozdur. Təbii ki, bunun neft ixrac edən dövlətlərin, o cümlədən də Azərbaycanın gəlirlərinə təsiri olacaq". 


Sizin Reklam Yeriniz