news Image
2014.10.14
10:28
| A A A
Avro Azərbaycan üçün də problemə çevrilir
Rəşad Həsənov: «Avropa ölkələri avronun ucuzlaşmasında maraqlıdırlar» Samir Əliyev: «Avropa iqtisadiyyatında tənəzzül yarandığından avronun daha da ucuzlaşması gözlənilir»

Son illər dünya mərkəzi bankları avronun satışını sürətləndiriblər. Avro ilə yatırılan vəsaitlər sürətlə başqa valyutalarla əvəzlənir. Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, mərkəzi banklar cari ilin 2-ci rübdə avro ehtiyatlarını son 2 ilin ən böyük nisbətində azaldıblar. Maliyyə analitikləri mərkəzi bankların bu dövrdə 40 milyard dollara bərabər avroda yerləşdirilmiş aktivləri satdığını bildirir. Hazırda dünya üzrə mərkəzi banklar 12 trilyon dollarlıq valyuta ehtiyatlarının 24%-ni, yəni təxminən 3 trilyon dollarını avroda saxlayır. Halbuki, valyuta ehtiyatlarında avronun payı 2009-da 28% idi. İndi isə bu rəqəm 4 faiz azalıb. Ekspertlər mərkəzi bankların avro satışını artırması fonunda bu göstəricinin daha da artacağını proqnozlaşdırır. 

 İqtisadçı Rəşad Həsənov Mövqe.az-a bildirir ki, bu, xüsusilə son dövrlərdə avronun məzənnəsinin aşağı düşməsiylə bağlı yaranan bir vəziyyətdir. Və Avropa iqtisadiyyatı üçün  proqnozlaşdırılan tənəzzüllə bağlı gözlənilir ki, avronun məzənnəsi bundan sonra daha da düşsün: "Belə ki, ABŞ Mərkəzi Bankının həyata keçirdiyi son maliyyə siyasəti nəticəsində avronun məzənnəsi sürətlə aşağı düşüb və eyni zamanda gözlənilir ki, Amerika Mərkəzi Bankı hazırki siyasətini müəyyən müddət davam etdirəcək. Ən azından 2015-ci ilə kimi. Burda məqsəd avronun məzənnəsinin aşağı düşməsi ilə Avropa iqtisadiyyatını müəyyən qədər durğunluqdan xilas etməkdir. Belə ki, avronun məzənnəsi aşağı düşürsə, bu zaman Avropada istehsal olunan məhsulların maya dəyərində ucuzlaşma baş verir ki, bu da dünya bazarlarında bu məhsulların rəqabət aparma qabiliyyətini artırır. Gözlənilir ki, bu prinsip bundan sonra da davam etdirilsin. Çünki, Rusiya ilə Avropa Birliyi arasındakı siyasətin yaratdığı gərginlikdən sonra Rusiya Avropada istehsal edilən bir sıra məhsullara embarqolar tətbiq etməyə başlayıb ki, nəticədə bu məhsulların dünyanın digər hissələrində özünə bazar tapması zəruri hala çevrilib. Bu səbəblərdən də hələ ki, avronun ucuzlaşması prosesi davam edir". 

Azərbaycanın da avro ehtiyyatlarını başqa valyutalarla dəyişməsi gözlənilirmi? 

Ekspert sualımızı cavablandırarkən bildirdi ki, Azərbaycan Neft Fondunun ehtiyatları uzunmüddətli dövr üçün hesablandığından, avro ilə olan vəsaitlərin digər valyutalarla dəyişdirilməsi gözlənilmir: "Təbii ki, avro ucuzlaşırsa, bu zaman həm bankların, həm Azərbaycandakı kimi fondların avro ehtiyatlarının bazara çıxarılması prossesi başlayır. Bu, özü belə baş verən avro ucuzlaşması prosesini tətikləyən bir amilə çevrilir. Gözləniləndir ki, bu proses davam etdiriləcək və dünya bankları avro ilə saxladıqları ehtiyatların bir hissəsini zərəri azaltmaq məqsədilə əldən çıxarmağa çalışacaqlar. Lakin burda qısamüddətli dövr üçün nəzərdə tutulmuş ehtiyatlardan söhbət gedir. Uzunmüddətli dövr üçün nəzərdə tutulan ehtiyatlarda avronun bazara çıxarılması və satılması istiqamətində o qədər də sürətli tendensiya gözlənilmir. O cümlədən də Azərbaycanda Neft Fondunun ehtiyatlarının bir qismi avro ilə saxlanılır və avronun ucuzlaşması vəsaitlərin həcminə mənfi təsir edir. Lakin düşünmürəm ki, Neft Fondu avro ilə olan vəsaitləri digər valyutalarla dəyişdirmək istiqamətində hansısa addımlar atsın. Çünki Neft Fondunun strategiyası daha uzunmüddətli perspektiv üçün hesablanıb". 

Rəşad Həsənov onu da qeyd edib ki, son günlər Avropa Mərkəzi Bankı tərəfindən qəbul olunan qərarla təxminən 1 trilyon avroya yaxın qiymətli kağızlar satılacaq: "Orada məqsəd dövriyyədən müəyyən qədər avronu geri çəkməkdir. Yəni dövriyyədə olan pul bolluğunu nisbətən azaltmaq. Belə olan təqdirdə təbii ki, avronun məzənnəsində də müəyyən stabilləşmə ehtimal edilir. Lakin bu qərar tam təsdiqini tapmayıb. Çünki bir sıra istehsalla məşğul olan Avropa ölkələri avronun ucuzlaşmasında daha maraqlıdırlar. Ora hətta Avropanın əsas iqtisadi gücü hesab edilən Almaniya da daxildir".

İqtisadçı Samir Əliyev isə Azərbaycanda avronun payının azaldılmasını, digər valyutaların büdcəyə daxil edilməsini təklif edir: "Avropa iqtisadiyyatında tənəzzül yarandığından avronun daha da ucuzlaşması gözlənilir. Dollara tələbat isə yenə də artıb. Çünki ABŞ iqtisdiyyatı getdikcə düzəlir, problemlər həll olunur. Bu səbəbdən dollar yenidən daha çox alınmağa başlayıb. Artıq investorlar ya dollarla, ya da Çin valyutası olan yuanın alışını artırıblar. Azərbaycana gələndə isə, bizdə faiz etibarilə avronun payı 40%-dir. Yəni dolların payı 50%-dən yüksəkdir. Balans elə formalaşıb ki, dollar bahalaşanda avro ucuzlaşır, avro bahalaşanda dollar ucuzlaşır. Bunlar bir-birini kompensasiya edir. Amma bizdə də avronun müəyyən qədər azalması müşahidə edilir. Mən hər zaman bildirmişəm ki, Azərbaycanda avronun miqdarının azaldılmasına ehtiyac var. Biz valyutamıza məsələn, yuanın daxil edilməsini düşünməliyik, Avstraliya dolları, Kanada dolları kimi valyutalarda da  elə ciddi ucuzlaşma baş vermir. Yəni, dolların payı olduğu kimi qalmalı, lakin digər valyutalar ehtiyata daxil edilməlidir. Rus rublu haqda isə indiki vəziyyətdə düşünməməliyik".  


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs