news Image
2014.10.15
07:04
| A A A
Kredit almaq bir az da çətinləşəcək
Rəşad Həsənov: “Bu proses dünyada tətbiq olunan təcrübədir və kreditləşmənin fəlsəfəsindən irəli gələn məsələdir” Yaşar Əsədov: “Atılan addım istehlak kreditinin həcminin azalması ilə nəticələnəcək”

Mərkəzi Bank kommersiya bankları tərəfindən istehlak krediti verilişinin azalmasına nail olmaq üçün müxtəlif tədbirlərə əl atır. Belə tədbirlərdən biri kimi əhali aylıq gəlirinin müyyən nisbəti qədər kredit götürə biləcək. Yeni hazırlanan "Məsuliyyətli kreditləşmə" sənədinə əsasən, istehlak kreditlərinin verilməsi bir qədər də çətinləşəcək. Sənədin əsas məqsədi bankların kredit verərkən daha məsuliyyətli olmasını təmin etməkdir. Mərkəzi Bankın banklardan əsas tələbi kredit verərkən müştərinin aylıq gəlir həcminin nəzərə alınmasıdır. Qurum konkret bir nisbət müəyyən edəcək ki, müştərinin aylıq gəlirinin aylıq kredit ödənişinə nisbəti bu rəqəmdən artıq olmasın.

Mərkəzi Bankın rəsmisi Nəbi Əliyev deyir ki, bu sənəd daxilində ümumilikdə borcun gəlirə nisbəti əmsalına hazırda Mərkəzi Bankda baxılır. Onun sözlərinə görə, əhalinin aylıq gəlirləri onların aylıq kredit ödənişinə nisbəti riyazi hesablanır:

"Hazırda bu əmsalın tətbiqi perspektivləri, bu əmsalın göstəricinin müəyyən olunması istiqamətində beynəlxalq təcrübə araşdırılır. Müxtəlif ölkələr özlərinin iqtisadi və sosial şəraitindən asılı olaraq müxtəlif nisbətdən istifadə edir. Bu hesablamalar hər ölkədə əhalinin gəlirlərinin iqtisadi tsikllərinə baxaraq aparılır. Bəzi ölkələr hesablamalrı 50% götürə bilər, bəzi ölkələr 40, bəziləri 60%. Hazırda araşdırmalar bu istiqamətdədir ki, bu göstərici olmalıdırmı və əgər olarsa hansı səviyyədə olamalıdır?". Bundan başqa banklardan sosial məsuliyyətin artırılması, onların müştəriyə uyğun məhsul təqdim etməsi, müştərinin istəyindən daha çox onun imkanlarının nəzərə alınmasını tələb edilir. Müştərinin imkanlarının necə və hansı üsullarla qiymətləndirilməsi də konkret göstəriləcək. Hesab olunur ki, hökumətin bu addımlarının əsas məqsədi problemli kreditləri azaltmağa yönəlib. Çünki banklara qaytarılmayan kreditlərin həcmi artıq 1 milyard manata yaxınlaşır.

Ekspert Rəşad Həsənovun fikrincə, bu addım gələcəkdə, istehlak kreditinin həcminin azalmasına gətirib çıxaracaq: "2014-cü ildə Mərkəzi Bankın ortaya qoyduğu mövqe ondan ibarətdir ki, istehlak kreditlərinin həcmi azaldılsın. Ona görə də bu prosesin artım sürətinin qarşısının alınması tendensiyası gedir. Məhz bu səbəbdən Mərkəzi Bank son qərarı ilə kommersiya banklarına təklif edir ki, onlar istehlak krediti verərkən xüsusən əhalinin gəlirlərini nəzərə alsın. Gözlənilir ki, yaxın gələcəkdə, Mərkəzi Bank bununla bağlı öz təkliflərini də irəli sürsün. Burada göstərilə bilər ki, gəlirlərin hansı həcmi səviyyəsində istehlak krediti vətəndaşa verilə bilər. Bu proses dünyada tətbiq olunan təcrübədir və kreditləşmənin fəlsəfəsindən irəli gələn məsələdir. İnsanlar həm yaşamalı, ehtiyaclarını ödəməli, həm də yerdə qalan xərcləri ilə kreditləri ödəməlidirlər. Mərkəzi Bank bu addımı atmağa məcbur idi. Bu da istehlak kreditlərindən yaranan problemli kreditlərin həcminin sürətlə artmasından irəli gələn bir məsələdir. Ona görə düşünürəm ki, Mərkəzi Bankın sözügedən addımı gələcəkdə hansısa formada istehlak kreditinin sürətli artım tempinin azalmasına xidmət edəcək. Eyni zamanda, burada bir nüans da ondan ibarətdir ki, ölkə banklarının maliyyə imkanları məhduddur. Maliyyə imkanları da əsasən gəlirli sahə olaraq istehlak krediti tərəfə istiqamətlənib. Bu da təbii ki, biznes maraqlarından irəli gəlir. Lakin ölkədə real sektorun maliyyələşməsinə xüsusi ehtiyac vardır. Bununla bağlı olaraq da, Mərkəzi Bank hansısa formada istehlak kreditinin sürətlə artmasının qarşısını almağa çalışmalıdır. Bu istiqamətdə baryerlər yaradılmalıdır ki, real sektora axan kreditin həcmi nisbətən artsın. Gözlənilir ki, həmin addımdan sonra yaxın gələcəkdə istehlak krediti verilişində hazırda mövcud oan temp bir qədər zəifləsin. Bu, eyni zamanda, insanların daha çox borclanmasının qarşısının alınmasına gətirib çıxaracaq. Digər tərəfdən, problemli lreditlərin zaman-zaman həcminin ümumi kreditləşmədəki xüsusi çəkisinin azalmasına səbəb olacaq".

Ekspert Yaşar Əsədov da bu qənaətdədir ki, atılan addım istehlak kreditinin həcminin azalması ilə nəticələnəcək: "Azərbaycanın kredit bazarı üçün 1 milyard manaat yaxın problemli kreditin yaranması qorxuludur. Bu tendensiyaya qarşı təbii ki, hansısa yolla mübarizə aparmaq lazımdır. Bu mənada əmək haqqının müəyyən nisbətinə qədər kredit verilməsi də həmin istiqamətdə atılan addımlardandır. Amma məsələ ondadır ki, bəzi banklar özünü doğrultmayan kredit limitini kifayət qədər aşıb. Azərbaycanda maliyyə resursları çoxdur, ancaq onun əksinə olaraq, bankların kredit portfelləri heç də kifayət qədər qənaətbəxş deyil.

Mərkəzi Bank düzdür, vəziyyətə nəzarət edir. Aydın məsələdir ki, gəlirin müəyyən nisbətinə qədər kredit verilməsi istehlak kreditinin həcmini müəyyən nisbətə qədər azaldacaq. Ancaq burada əsas məsələ ölkədə əhalinin kredit ödəmə qabiliyyətinin aşağı olmasındadır. Mərkəzi Bank görünür, vəziyyətin həssaslığını dəqiq qiymətlədirdiyindən, istehlak kreditini aylıq gəlirinn müəyyən nisbətinə görə vermək qərarına gəlib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs