Əlaqə Arxiv
news Image
2014.10.15
08:38
| A A A
Şimaldan Azərbaycana böyük maliyyə axını başlanacaq
Vüqar Bayramov: “Azərbaycan Rusiyadan çıxan kapitalların bir qismini cəlb etmək imkanına malikdir” Yusif Vəliyev: “Azərbaycana kapital yatırmaq Rusiyanın özü üçün maraqlıdır”

Qərb və Rusiya arasında qarşılıqlı sanksiyalar ümumi dünya iqtisadiyyatı münasibətlərində də müəyyən dəyişikliklərə gətirib çıxarıb. Bu fonda diqqət çəkən məsələlərdən biri də Rusiyada kapital axının artmasıdır. Rusiya Mərkəzi Bankının hesablamalarına görə, cari ilin yanvar-sentyabr aylarında banklar və müəssisələr ölkədən ümumilikdə 85,2 milyard dollarlıq kapital çıxarılıb. Bu məbləğ ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Rusiyanın maliyyə tənzimləyicisi proqnozlaşdırır ki, bir il ərzində təmiz kapital axını təxminən 90 milyard dollar civarında olacaq.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən isə, 2014-cü ilin yekununa görə Rusiyadan təxminən 100 milyard dollar çıxarılacaq. Məsələnin diqqət çəkən məqamı həmin kapitalların hansı istiqamətə gedəcəyidir. Bu sırada hələlik uzaq asiya ölkələri üstünlük təşkil edir. Ancaq bu kapitalın bir qisminin Azərbaycana gəlməsi istisna edilmir. Bunu deməyə bir çox əsas var. Ən əsası, son zamanlar Rusiyanın Azərbaycana investisiya yatırmaq meylləri açıqca hiss olunur. Eyni zamanda xatırladaq ki, Xəzəryanı ölkələrin Həştərxan sammitində Rusiya hökuməti və Azərbaycan hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə sazişə imza atıldı. Bakı keçiriləcək rusiyalı sahibkarların forumu da Federasiyadan çıxan kapitalın ölkəmizə gəlməsinə bir əlavə təkan kimi qiymətləndirilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Rusiyanı tərk edən kapitallardan biri də qonşu Türkiyənin investisiyasıdır: "Eyni zamanda Mərkəzi-Şərqi Avropa ölkələrinin də Rusiyadan öz kapitallarını çəkməsi halları var. Ancaq hələlik Rusiyada yaşayan rusiyalı iş adamları öz investisiyalarını çəkmirlər. Nəzərə alaq ki, Rusiyada bu gün yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamları da var. Həmin insanların bir hissəsi artıq kapitallarının müəyyən qismini Mərkəzi-Şərqi Avropa ölkələrinə çəkib aparıblar. Xüsusən Çexiya və Polşaya Rusiyadan kapital axını güclənib".

Ekspert hesab edir ki, Azərbaycan Rusiyadan çıxan kapitalların bir qismini cəlb etmək imkanına malikdir: "Çünki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti yüksəkdir. Eləcə də son illər biznes mühitinin yaxşılaşması, ölkəmizdə infrastrukturun formalaşması praktiki olaraq imkan verir ki, Rusiyanı tərk edən kapitalların bir qismini cəlb edə bilək. Bunu inzibati yolla etmək mümkündür. Azərbaycan stimullaşdırıcı və təşviqedici mesajlarla Rusiyanı tərk edən kapitalın bir hissəsini cəlb etmək imkanlarına malikdir. Nəzərə alaq ki, hüquqi və institutisional baza formalaşıb. Mülkiyyət hüquqlarının qorunması və xarici investisiyaların müdafiə olunması ilə bağlı hansısa problem yoxdur. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan Rusiyanı tərk edən investisiyanın bir qismini qeyri-neft sektoruna cəlb edə bilər. Qeyd edək ki, Rusiyanı tərk edən investisiyaların əhəmiyyətli hissəsi qeyri-neft sektoruna yönəldilən investisiyalar idi. Həmin investisayaların qeyri-neft sektoruna cəlb edilməsi əhəmiyyətli hesab oluna bilər. Bu ilin 9 ayında Azərbaycan 19 milyard dollar investisiya cəlb edib. Bunun 8 milyardı xarici investisiyalardır. Biz 2015-ci ildə Rusiyadan çıxan kapitallardan 2 milyarda yaxını ölkəmizə cəlb edə bilərik. Çünki, növbəti ildə də Rusiyadan kapital axının artması gözlənilir".

Digər iqtisadçı ekspert Yusif Vəliyev də oxşar fikirdədir: "Bütün proseslər Ukrayna məsələsinin üzərində dayanır. Məlumdur ki, sanksiyaların Azərbaycana mənfi təsiri ilə yanaşı, müsbət təsiri də var. Bir tərəfdən Azərbaycanın aqrar məhsullarının Rusiya bazarına kütləvi axını başlayıb. Eyni zamanda Rusiya kapitalının Azərbaycana gəlməsi mümkündür. Azərbaycana kapital yatırmaq Rusiyanın özü üçün maraqlıdır. Bu səbəbdən də Rusiyanın kapitalının Azərbaycana gəlməsi mümkündür".

Sizin Reklam Yeriniz