Əlaqə Arxiv
news Image
2014.10.15
08:49
| A A A
Banklar indi də müştəriləri taksit kartları ilə aldadır
Samir Əliyev: “İstifadə edən şəxs taksit kartı haqqında kifayət qədər məlumatı olmayanda ciddi problemlərlə qarşılaşır”

Taksit kartlarından istifadə son dövrlərdə getdikcə daha geniş yayılmaqdadır. Amma araşdırmalar göstərir ki, banklar taksit kartları ilə bağlı heç də müştərilərə bütün məlumatları dolğun şəkildə vermir. Bu isə bəzən müştərinin taksit kartlarından istifadə etmədiyi halda banka vəsait ödəməsi ilə nəticələnir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Mövqe"yə açıqlamasında məsələnin bir sıra maraqlı məqamlarına toxundu: "İstifadə edən şəxs taksit kartı haqqında kifayət qədər məlumatı olmayanda ciddi problemlərlə qarşılaşır. Ancaq durmadan da kart istifadəçilərinin sayı artır. Kredit kartlarının iki növü olur. Birincisi, standart kredit kartıdır. Burada müəyyənləşdirilən məbləğə uyğun kredit açılır. Həmin pul karta yerləşdirilir və istifadəçi pulu nağd şəkildə istifadə edə bilir. Ancaq burada ödəniş müəyyən olunmuş tarixdən gecikərsə, faiz əlavə olunur. Kartın ikincisi isə taksit kartlarıdır. Bu kartlar bankların təqdim etdiyi kampaniyalara daxildir. Kredit kartında nağd çəkilən pul müəyyən bir tarixdə birdəfəyə ödənməlidir. Amma taksit kartlarında sərf olunan məbləğ hissələrə bölünərək ödənir".

Samir Əliyev qeyd edir ki, taksit kart istifadəçiləri çox vaxt şərtlərdən xəbərsiz olduqlarından bəzən müəyyən problemlə rastlaşırlar: "Taksit kart istifadəçiləri bankda kartla bağlı lazımi qədər məlumat toplamırlar. Buna görə də sonradan problem yaşanır. Vətəndaş bilməlidir ki, həmin kartdan istifadə üçün banka illik əməkhaqqı ödənilməlidir. Bir çox vətəndaş bundan xəbərsizdir. Bu, kartdan pul sərf olunmasa da belə, ödənilməlidir. Vətəndaşlar bundan xəbərsiz olduqları üçün əlavə pul ödəməli olurlar. Yəni, göründüyü kimi, problemlər maliyyə məlumatsızlığından doğur".

Ekspert bildirdi ki, kart almaq istəyən şəxs ilk öncə onun xidmət haqqının nə qədər olduğunu öyrənməlidir: "Ona pulsuz təklif olunan kart üçün ildə nə qədər pul ödəməli olduğunu bilməlidir. Çünki kart istifadə olunmadıqda belə, ödəniş barədə bildiriş gəlir".

Samir Əliyev bildirir ki, Azərbaycanda problemli kreditlərin həcmi kifayət qədər böyükdür: "Onların içində taksit kartları da yer alır. Çünki, taksit kartları da kredit kartlarının bir formasıdır. Kredit kartlarında pulun hesaba yatırılmasının konkret vaxtı və nə qədər faiz tutulacağı bilinir. Ancaq taksit kartlarında aparılan reklamlar barədə insanlara düzgün məlumat verilməməsi insaların bu kartların mahiyyətini, istifadə qaydasını bilməməsinə gətirib çıxarır. Banklar tərfindən bu məlumatların düzgün verilməməsi insanların taksit kartlar üzrə borclarının artmasına gətirib çıxarır. Bu gün borclarla bağlı banklara müraciət edən insanların arasında taksit kartlarına görə gələnlər üstünlük təşkil edir. Bunun da əsas səbəbi insanlara məlumatların düzgün çatdırılmamasıdır. Taksit kartları istehlak krediti hesab olunur. Ona görə də Azərbaycanda istehlak kreditləri haqqında qanun qəbul edilməlidir. Hansı ki, bu gün istehlak kreditləri haqqında qanun dünya ölkələrindən var. Həmin qanun imkan verəcək ki, kreditlərin alınması prosesindəki neqativ hallar qanunverciliklə tənzimlənsin".

Sizin Reklam Yeriniz