Əlaqə Arxiv
news Image
2014.10.16
08:30
| A A A
Aqrar məhsulların qiyməti yenə artacaq?!
Vahid Məhərrəmov: “Sonrakı mərhələdə fermer başa düşəcək ki, məhsulun qiymətinin artımı heç də ona da sərf etmir” Natiq Cəfərli: “Qərblə Rusiyanın sanksiyaları uzunmüddətli olarsa, bu, Azərbaycan bazarına ciddi təsir göstərəcək”

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşmağa başlayıb. Artıq ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 6,5 və 3,6 faiz bahalaşıb. Şübhəsiz ki, bütün bunlar kənd təsərrüfatı məhsullarının bazarda satış qiymətinə təsirsiz ötüşməyəcək.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirdi ki, payızdan etibarən aqrar sahə məhsullarının istehsalçı qiymətinin bahalaşmasının fermerlərə hansısa bir faydası yoxdur: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması bəzi mütəxəssislərin dediyi kimi heç də fermerlərə fayda vermir. Düşünülür ki, kənd təsərrüfatı məhsulunun qiyməti artıbsa, bu, öz növbəsində istehsalın stimullaşdırılmasına səbəb olacaq və istehsal artacaq. Əslində, burada nə baş verir? O baş verir ki, kənd təsərrüfatı məhsulunun qiymətinin artımı insanların alıcılıq qabiliyyətini aşağı salır. Əvvəllər daha çox aqrar sahə məhsulu istehlak edən insanlar indi qiymət yüksək olduğundan qənaətə keçirlər. Bu fonda da onlar daha ucuz olan məhsulu alıb, daha çox onu istehlak edir. Daha ucuz ərzaq malları da ölkəmizə əsasən xaricdən gətiriləndir. Bu mənada kənd təsərrüfatı məhsulu istehsalçılarının bazara çıxardıqları məhsulun bir hissəsi alınmamış qalır. Yəni, proses ona tələbatın olunmaması ilə nəticələnir. Öz növbəsində həmin məhsul xarab olur. Nəticədə də fermer bu istehsaldan fayda əldə edə bilmir. Belə olanda fermer də daha çox məhsul istehsal etməkdə maraqlı olmur. Heç də belə düşünülməsin ki, məhsulun qiyməti qalxıbsa, fermer də daha çox istehsal etməkdə maraqlı olacaq. Ola bilsin, fermer bir neçə dəfə həmin məqama aldanaraq, məhsul artımına getsin. Ancaq sonrakı mərhələdə başa düşəcək ki, məhsulun qiymətinin artımı heç də ona da sərf etmir. Bu, istehlakçılara da sərf etmir, onların da alıcılıq qabiliyyətini aşağı salır. Azərbaycan əhalisi qiymətlərin artması ilə əlaqədar olaraq, gəlirinin 80 faizini ərzaq məhsullarının alınmasına sərf edir.

İstehsal qiymətləri artırsa, bu, ölkəmizdə mütləq alıcılıq qabiliyyətinin aşağı düşməsilə nəticələnir. Bu da öz növbəsində məhsulun bir hissəsinin tələb olunmamasına gətirib çıxarır. Tələb olunmayan məhsul da mütləq xarab olaraq sıradan çıxır. Bu da fermerə ziyan gətirir. Bütün bunlar zəncirvari formada bir-birindən asılı olan məsələdir. Çalışmalıyıq ki, məhsulun maya dəyəri aşağı düşsün, satış qiyməti ucuz başa gəlsin. İnsanların isə alıcılıq qabiliyyəti artsın. Belə olan halda bazarda qiymətin enməsi artıq istehsalın stimullaşdırılmasına gətirib çıxara bilər".

Ekspert Natiq Cəfərli isə bu bahalaşmada əsas rolun Rusiya bazarının oynadığını düşünür: "Azərbaycanda hazırda payız aylarında da kənd təsərrüfatı məhsulunun istehsalçı qiymətinin bahalaşmasının başlıca səbəbi Rusiya bazarı ilə bağlıdır. Avropa və Amerikadan kənd təsərrüfatı məhsullarının böyük qisminə embarqo qoyan Rusiya üzünü keçmiş sovet respublikaları və Latın Amerikası ölkələrinə tutub. İndi məhz bu ölkələrdən daha çox kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsi üzrə danışıqlar aparılır. Bəziləri ilə anlaşılıb da. Azərbaycan fermerləri üçün Rusiya bazarı ənənəvi bazardır və burada həmin məhsulların qiyməti son iki ayda azı 8 faizə qədər artdığından, bu bazardaha cazibəli hala gəlib. Ona görə də, ölkəmizdən Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulunda ciddi artım var. Bu proses davamlı və Qərblə Rusiyanın sanksiyaları uzunmüddətli olarsa, belə olan halda mövcud vəziyyət Azərbaycan bazarına ciddi təsir göstərəcək. O mənada ki, kənd təsərrüfatı istehsalçıları daha cəlbedici olan Rusiyay üz tutmağa üstünlük verəcək. Bu isə daxili bazarda məhsulun azalması və qiymətlərin artımına gətirib çıxara bilər. Çox güman ki, ilin sonunda ərzaq inflyasiyasını da görəcəyik və bu inflyasiyanın yüksək olması planlaşdırılır. Hətta hökumət tərəfindən də belə bir ehtimal barədə fikirlər səslənir. Belə hal ölkəmizdə də qiymət artımına səbəb olacaq".

Sizin Reklam Yeriniz