news Image
2014.10.17
07:13
| A A A
İndi də Avropa Azərbaycandan aqrar məhsullar almaq istəyir
Nizami Qarayev: “Bu hal bazarın şaxələndirilməsi baxımından da çox önəmlidir” Murtuzəli Hacıyev: “Nə qədər çox məhsulumuz Avropa ölkələrinə çıxsa, bu, bir o qədər yaxşı olar”

Yaşar Əsədov: "Azərbaycan yaranana hər fürsətdən imkan daxilində bəhrələnməlidir"


Bilmndiyi kimi, hazırda Azərbaycan kənd təsərrüfatı məhsulları üçün əsas ixrac bazarı rolunda qonşu Rusiya çıxış edir. Onun Qərblə olan problemləri fonunda son zamanlar Azərbaycandan bu ölkəyə aqrar sahə məhsullarının ixracı xeyli artıb. Bununla da, Rusiya əvvəllər Avropadan aldığı və indi dayandırdığı kənd təsərrüfatı məhsullarının alınması məsələsini müəyyən qədər kompensasiya edə bilib. Bu arada bəzi Avropa ölkələri, məsələn Çexiya Azərbaycan məhsullarını almaqda maraqlı olduğunu bəyan edib. Çexiyanın Kənd təsərrüfatı üzə parlament komitəsinin sədri Yaroslav Faltinek belə bir niyyətlərinin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Çexiya Azərbaycandan kənd təsərrüfatı məhsulları, xüsusən meyvə-tərəvəz, şərab idxal etməkdə maraqlıdır.

Birsıra digər Avropa ölkələri də analoji arzularını ifadə ediblər. Belə olan halda, mümkündürmü ki, Azərbaycan öz məhsulunu Avropa ölkələrinə də satsın? Maraqlıdır, Avropa daha yüksək qiymət təklif etsə, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac istiqaməti dəyişə bilərmi?

Kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev bu addımın atılmasını mümkün hesab etdi. Ancaq eyni zamanda, vurğuladı ki, Azərbaycan məhsulunun Avropa bazarına ixracı üçün onların müəyyən etdiyi standartları tətbiq etməliyik: "Azərbaycan öz kənd təsərrüfatı məhsullarını hər yerə, o cümlədən Avropa ölkələrinə də sata bilər. Amma məsələ ondadır ki, Azərbaycan məhsullarının bu qitəyə, xüsusən də Avropa standartlarını qəbul edən Baltikyanı ölkələrə göndərilməsi üçün birinci növbədə standartlar məsələsi öz həllini tapmalıdır. Qablaşma, çeşidlənmə kimi məsələlər də bura aiddir. Öncə bu kimi məsələlər öz həllini tapmalıdır. Azərbaycan məhsulu ənənəvi olaraq Rusiya bazarına gedir və şimal qonşumuzda bu tələblər o qədər də ciddi qoyulmayıb. Həmişə belə olub ki, Azərbaycan məhsulu çox rahat şəkildə Rusiya bazarına ayaq açıb. Məhsullarımızı Avropa bazarına çıxarmaq istəyiriksə, bu qaçılmazdır, bütün hallarda onun köhnə qitə ölkələrinə aparılmasına da çalışmalıyıq. Bu hal bazarın şaxələndirilməsi baxımından da çox önəmlidir. Onun üçün də ölkə daxilində məhsulları qablaşdırılması, Avropa standartlarına uyğun hazırlanmasına nail olmalıyıq. Sadəcə olaraq, ilk mərhələdə Baltikyanı ölkələr Azərbaycan məhsulunda maraqlı ola bilərlər. Amma növbəti mərhələdə onlar da öz stanmdart və tələblərini irəli sürəcək. Yaxşı olar ki, Azərbaycan ancaq Rusiya bazarından asılı olmasın, onunla kifayətlənməsin. Öz məhsulunu Avropa ölkələri, hətta ərəb dünyasına göndərmək üçün cəhdlər etsin. Hazırda dünyada elə bir situasiya yaranıb ki, hər an siyasi vəziyyət dəyişə bilir. Siyasi vəziyyət dəyişəndə isə Azərbaycan bir bazardan asılı halda qalmamalıdır. Şaxələnmiş bazar olarsa, Azərbaycan fermeri də dəyişmiş siyasi vəziyyətin qurbanına çevrilməz. Bunun üçün də o məhsulunu standartlara uyğun hazırlamağa başlamalıdır. Məhsulumuzu Avropa, ərəb dünyası, həm də Rusiyaya göndərməkdə maraqlı olmalıyıq. Bu gün Avropa ölkələri, xüsusən Baltikyanı dövlətlərdən gələn təkliflərdə ola bilsin, müəyyən standart tələblər istənilməsin. Amma 3 ay, 3 ildən sonra nə baş verəcəyini proqnozlaşdıra bilmirik. Ona görə, dəyişən şəraitə, tələblərə hazır olmaq lazımdır. Elə bir şərait yaradılmalıdır ki, fermerlərimiz dəyişən siyasi şəraitin qurbanı olmasın. Sabah Avropa ilə Rusiyanın münasibətləri düzələndə, Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsulunun idxalına qadağa qoyarkən, o zaman ölkəmizin aqrar sektoru nə vəziyyətə düşər? Bir bazardan asılı olmaq həmişə təhlükəlidir".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti rəhbəri Murtuzəli Hacıyev qeyd etdi ki, ixracın hərtərəfli olması Azərbaycanın xeyrinədir: "Biz də istəyirik ki, ölkəmizdə bolluq yaransın, ildən-ilə kənd təsərrüfatı məhsullarının ixrac potensialı artsın. Məhsulumuz nəinki təkcə MDB ölkələri, hətta Avropa dövlətlərinə də çıxarılsın. Son vaxtlar təkcə istehsal sahələri deyil, eyni zamanda, emal məhsulları da artıb. Azərbaycan aqrar sahədə 100-dən çox ölkə ilə idxal-ixrac əməliyyatı aparır. Ona görə, məhsulumuzun Avropa bazarına çıxarılmasında qəbaət heç nə yoxdur. Nə qədər çox məhsulumuz Avropa ölkələrinə çıxsa, bu, daha yaxşı olar".

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov Avropa bazarına aqrar məhsullarımızın çıxmasının yaxşı hal olduğunu desə də, indilikdə ixracın istiqamətinin dəyişəcəyinə əmin deyil: "Bazar münasibətləri şəraitində hər şey mümkündür. Amma o da var ki, Rusiya ilə müqayisədə Avropa ölkələrində məhsullara qoyulan standartlar daha ciddidir. Azərbaycan məhsulunun ola bilsin, Baltikyanı ölkələrə çıxması məsələsi bir qədər yüngül olsun. Amma Avropanın digər ərazilərinə çıxışı, standartlar tələbindən bir qədər çətin ola bilər. Bunun üçün ölkəmizin həmin istiqamətdə kifayət qədər işləməsi lazımdır. Yeni bazarlardan heç zaman imtina edilməməlidir, Azərbaycan da yaranana hər fürsətdən imkan daxilində bəhrələnməlidir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs