Əlaqə Arxiv
news Image
2014.10.24
08:15
| A A A
Şirkətlərin qaçdığı sərfəli maliyyə mənbəyi
Natiq Cəfərli: “Təcrübə azlığı ölkədəki şirkətlərin istiqraz buraxmaqla qazanc əldə etmək istiqamətində fəaliyyət göstərmələrini ləngidən başlıca amildir” Rəşad Həsənov: “Bu istiqamətdə yeniliyə başlamağın artıq vaxtı çatıb”

Bazar iqtisadiyyatının formalaşması ilə Azərbaycanda da çoxsaylı özəl səhmdar cəmiyyətlər yaranıb. Hazırda onlar açıq, qapalı və məhdud məsuliyyətli səhmdar cəmiyyətləri formasında fəaliyyət göstərirlər. Bu qurumlar da özlərinin maliyyə ehtiyaclarını demək olar ki, əsasən bank kreditləri vasitəsilə qarşılayırlar. Halbuki, xarici ölkələrdə səhmdar cəmiyyətləri çoxsaylı mənbələrdən maliyyələşir. Onlar hətta istiqraz buraxmaqla da böyük həcmdə maliyyə əldə edirlər. Azərbaycandakı səhmdar cəmiyyətləri isə hələlik istiqraz buraxmaq yolu ilə maliyyə əldə etmək təcrübəsindən demək olar ki, yararlanmırlar. Qeyd edək ki, mövcud biznes kreditləri 16-17 faiz arasında olduğu halda, istiqrazlarda orta faiz 12-dir. Hesablamalara görə, 10 milyon manatlıq istqraz buraxılmasına görə, ödəniləcək komissiyalar 166-195 min manat arasında dəyişdiyi halda, bu məbləğ bank krediti üçün 210-300 min manat təşkil edir. Bu halda bank kreditinin şirkət üçün illik xərci 18,3-22% arasında dəyişdyi halda, bu xərc istqraz buraxlışı zamanı 12,9-14,3% arasında dəyişir. Lakin bu sərfəli şərtlərə rəğmən, sahibkarlar istiqraz buraxmaqdan yayınır.

Ekspert Natiq Cəfərli düşünür ki, təcrübə azlığı ölkədəki şirkətlərin istiqraz buraxmaqla qazanc əldə etmək istiqamətində fəaliyyət göstərmələrini ləngidən başlıca amildir: "Azərbaycanda təəssüf ki, müxtəlif cəhdlərə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin müxtəlif proqram və təşviqlərinə baxmayaraq, hələ də qiymətli kağızlar bazarı tam oturuşmuş şəkildə fəaliyyət göstərə bilmir. Bunun da bir neşə səbəbi var. Bir səbəb həmin istiqamətdə təcrübənin azlığından irəli gəlir. İkinci bir tərəfdən, səhmdar cəmiyyətlərinin özlərinin bazarın yeni qaydalarına uyğun olaraq işinin təşkilində olan problemlərdən qaynaqlanır. Bu səbəblərdən hələ də Azərbaycanda qiymətli kağızlar bazarı, istiqrazlar tam fəaliyyət göstərə bilmir. Problemin mövcudluğunda əsas səbəb isə fikrimcə, insanların hələ bu instituta tam güvəninin olmaması və bu alətlərdən istifadə etməyi bacarmamalarıdır. Avropa və Amerikada tarixən qiymətli kağızlar bazarı formalaşıb. Bu bazardan alət kimi istifadə edərək illərdir pul qazanan 100 minlərlə insanlar olub. Bu proses nəsildən-nəsilə keçərək belə bir ənənənin formalaşmasına gətirib çıxarıb. Ölkəmizdə isə proses hələlik oturuşmayıb, güvən də azdır. Səhmdar cəmiyyətlərinin çox zaman öhdəliklərini yerinə yetirməməsi də bu güvənsizliyin aradan qaldırılmamasına gətirib çıxarır. Hətta əllərində səhmləri olan insanlara vaxtlı-vaxtında dividendlər ödənmədi, gəlirlər barədə onlara məlumatlar verilmədi. Ona görə də bazar iqtisadiyyatının mühüm sahəsi olan bu alət zəif inkişaf etdi. Amma ölkəmizdə bu sahənin inkişafı üçün böyük potensial var. Ümid edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi də bu istiqamətdə atdığı pozitiv addımlarını davam etdirəcək".

Ekspert Rəşad Həsənovun fikrincə, əhalinin səhm bazarı, istiqrazlarla bağlı az biliyə malik olması, təcrübəsizlik səhmdar cəmiyyətlərinin bu tendensiyadan yararlanmasına əngəl olur: "Azərbaycanda istiqrazların buraxılması istiqamətində zəif inkişaf tendensiyası müşahidə olunur. Qiymətli kağızlar bazarının zəif inkişafı və əhalinin bu istiqamətdə maarifləndirilməməsi, təcrübəsizlik nəticəsində hazırda ölkəmizdə səhmlərin alqı-satqısı, istiqrazların alışı məsələsi sahəsində ciddi problemlər var. Baxmayaraq ki, bəzi müəssisələr öz səhmlərini bazara təqdim edir, lakin buna baxmayaraq, hazırda qiymətli kağızlar bazarında baş verən dinamika, qiymətli kağızların, səhmlərin, istiqrazların satışında ləng tendensiya, idarə heyətləri tərəfindən məlumatın üzv səhmdarlara çatdırılmaması nəticəsində həmin sahədə vəziyyət ürəkaçan deyil. Məlumatlı vətəndaşların da bu kimi hallardan zərərlə çıxması və daim ümidlə gözləmələrinə baxmayaraq, heç bir müsbət effekt əldə etməməsi nəticəsində də hazırda səhm bazarında qarşılaşdığımız mənzərə ilə üz-üzə qalırlar. Ümumiyyətlə, bu istiqamətdə yeniliyə başlamağın artıq vaxtı çatıb. Ölkəmizdə hazırda hətta dünya miqyasında fəaliyyət göstərməyə qadir şirkətlər var. Bu şirkətlər öz strategiyalarını dəyişməli və maliyyə mənbələrinin idarə olunması, diversifikasiyasında istiqrazların satışı, səhmlərin yerləşdirilməsi kimi istiqamətlərdə addımlar atmalıdır. Xüsusən də onu qeyd etmək istərdim ki, bu istiqamətdə maarifləndirmə işləri sürətləndirilməlidir. Azərbaycan vətəndaşlarının alternativ gəlir mənbəyi kimi bu səhmlərin, istiqrazların dəyərləndirilməsi dövlət səviyyəsində, həmçinin də cəmiyyət tərəfindən vətəndaşların diqqətinə çatdırılmalıdır. Bu proseslər vətəndaşlara izah edilməlidir ki, bazarda dinamiklik təmin olunsun. Nəticədə ümid edirik ki, bu sahənin inkişafına hardasa nail olmaq mümkündür".

Sizin Reklam Yeriniz