news Image
2014.10.25
07:05
| A A A
Bəzi dövlət qurumları paytaxtdan köçrüləcək…
Cahangir Qocayev: “Mərkəzi qurumlar yerli təşkilatlara nə qədər çox yaxın olsa, bu, bir o qədər yaxşı olar” Samir Əliyev: “Paytaxtdan bəzi müəssisə, idarə, ali məktəblərin köçürülməsi əslində, hökumətin prioritetində olan bir məsələdir”

Paytaxt Bakıda əhalinin sıxlığı artan xətt üzrə inkişaf etməkdədir. Eyni zamanda, ölkənin idarətemə üzrə əsas orqanları, komitə və idarələri, ali məktəbləri də burada cəmlənib. Belə bir fonda tələbələrin, habelə mərkəzi idarələrə müəyyən məsələlərlə bağlı olaraq insanların bölgələrdən paytaxta gəlməsi ilə şəhərdə sıxlıq problemi daha da artır. Bu fonaddəfələrlə təşəbbüs irəli sürülüb ki, müəyyən dövlət qurumları, ali məktəblər paytaxtdan kənara köçrülsün.

Amma bu istqamətdə hələlik hansısa addım atılmır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya Şöbəsinin müdiri Cahangir Qocayev prosesin ləngiməsini köçürülməsi vacib olan idarə və müəssisələrdən bu istiqamətdə təşəbbüslərin gəlməməsilə əlaqələndirdi. Eyni zamanda o bildirdi ki, burada steoreotip amilləri də müəyyən qədər rol oynayır: "Ali məktəblərin şəhərdən köçürülməsilə bağlı proqram işlənilməlidir, ondan sonra bu məsələyə baxmaq olar. Bu istiqamətdə iş aparılır. Amma ayrı-ayrı şirkətlər, idarələrin Bakıətrafına və ölkənin başqa ərazilərinə köçürülməsi öncə təşkilatların öz iradəsilə bağlıdır, həm də bunun üçün siyasi iradə olmalıdır. Daha çox da həmin təşkilatların şəxsi təşəbbüsü öndə dayanmalıdır. Məsələn, "Azəryolservis" artıq Biləcəriyə köçməklə bağlı qərar qəbul edib, burada bina alıblar. Yaxın zamanlarda ora köçəcəklər. Yaxşı olar ki, başqa təşkilatlar da ondan nümunə götürsün. Düzdür, Melorasiya və Su Təsərrüfatı, Kənd Təsərrüfat Nazirliyi kimi təşkilatların da köçürülməsi gündəmdə olub. Amma bu istiqamətdə hələlik müəyyən bir irəliləyiş yoxdur. Şəhərdə sıxlıq yaradan amillərdən biri də operativ miqrasiya, yəni gündə paytaxta gəlib-getməkdir. Əyalətlərdən insanlar hansısa mərkəzi idarəyə gəlmək üçün Bakıya üz tutmalı olur. Ona görə də düşünürəm ki, paytaxtda sıxlığın aradan qaldırılması üçün bəzi idarə və müəssisələrin şəhər kənarına və ölkənin başqa ərazilərinə köçürülməsi əsas etibarı ilə həmin müəssisələrin öz təşəbbüsü ilə olmalıdır. Mütəxəssis olaraq biz ancaq tövsiyə verə bilərik. Amma köçürülmə təşəbbüsü onlardan asılıdır. Bəzi idarələr yerlərdəki təşkilatları ilə daha sıx əlaqə yaratmaq üçün onlara yaxın getməlidir, nəinki yerlərdən onların yanına gəlməlidirlər. Çünki, paytaxt Azərbaycan Respublikasının coğrafi mərkəzi deyil. 400-500 km-dan yerli idarə əməkdaşlarının bura gəlməsi çox çətindir. Bunu təşkilatlar da xarakterizə edib bilməlidirlər ki, yerlərdən paytaxta gəlmək, həmin müəssisələrə nə qədər vəsaitə başa gəlir, idarəetmə xərcləri əlavə olaraq nə qədər artır. Bu səbəbdən də mərkəzi qurumlar yerli təşkilatlara nə qədər çox yaxın olsa, bu, bir o qədər yaxşı olar. İdarəetmə nöqteyi-nəzərdən də bu məqsədəuyğundur. Kənd Təsərrüfatı Nazirliyinin bütün elmi pedoqoji bazası, elmi tədqiqat institutları Gəncə şəhərində formalaşıb, ona görə də onun orada yerləşməsi daha məqbuldur. Lakin məsələ ondadır ki, hamını eyni cür düşünməyə məcbur etmək çətindir. Digər tərəfdən də, tarixən elə formalaşıb ki, mərkəzi idarəetmə orqanları paytaxtda yerləşməlidir. Bu steoreotipdən, psixologiyadan xilas olmaq lazımndır. Hazırda rabitə sistemi mobildir, Skayp, telefonla istənilən adamı istənilən yerdə tapmaq, istənilən informasiyanı operativ almaq mümkündür. Başqa bir tərəfdən, idarəçilikdə digər bir bəlamız yuxarıdan deməsələr, bu istiqamətdə addım atmamağımızla bağlıdır. Hər şeyi yuxarıların boynuna atmaq olmaz, idarə və müəssisələr özləri də təşəbbüsdə bulunmalıdır. Amma təəssüf ki, ölkəmizdə hamı gözləyir ki, yuxarıdan desinlər, sonra şəhər kənarına köçə bilərlər. Bu səmərəsiz vərdişdən xilas olmalıyıq".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyininn eksperti Samir Əliyev isə qeyd edir: "Paytaxtdan bəzi müəssisə, idarə, ali məktəblərin köçürülməsi əslində, hökumətin prioritetində olan bir məsələdir. Başqa bir tərəfdən, köçürülmə prosesi elə də asan deyil ki, istənilən an proses başlanılsın. Paytaxt həddən artıq çox yüklənib, bir qədər boşaldılmalıdır. Amma bu zaman təkcə inzibati yola əl atılmamalıdır. Ən başlıcası, bu prosesin baş tutması üçün iqtisadi yola baş vurulmalıdır. İlkin olaraq sıxlıq problemini azaltmaq üçün regionların daha sürətli inkişafına nail olmaq lazımdır. Paytaxtdan ali məktəb və bəzi dövlət qurumları çıxarmaq olar. 10-20 il öncə birbaşa əlaqə yaratmaq, məsələləri operativ müzakirə etmək baxımından dövlət qurumlarının bir yerdə olması vacib idi. İndi isə dünya dəyişib, informasiya texnologiyası inkişaf edib. Hətta yazışmalar elektron qaydada aparılır, bu yolla istənilən sənəd imzalanır. Bu baxımdan nazirliklərin bir yerdə cəmləşməsi əhəmiyyətini itirib. Bir sıra qurumlar var ki, şəhərdən kənara köçürülməlidir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi paytaxtdan çıxarılmalıdır. İqtisadi rıçaqlardan istifadə edib, zavod və müəssisələri daha çox regionlarda inşa etmək gərəkdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs