Əlaqə Arxiv
news Image
2014.10.25
08:29
| A A A
Ərzaq məhsullarının qiyməti işbazlar üzündən qalxır
Vahid Məhərrəmov: “Rusiya bazarına getməyən məhsulların da qiymətini qaldırıblar”

Məlum olduğu kimi, Rusiyaya ixracın artması fonunda ölkədə kənd təsərrüfaıt məhsullarının qiymət artımı müşahidə olunur. Lakin rəsmi açıqlamalardan o da bəlli olur ki, aqrar məhsulların qiymət artımı təkcə ixracla bağlı deyil. Kənd təsərrüfatı naziri Heydər Əsədov da bildirir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin dinamikası Rusiya bazarlarına ixrac tədarüklərinin artımı ilə bağlı deyil. Onun sözlərinə görə, çox vaxt rəqəmlər düzgün təhlil edilmir: "Bəzi hallarda kənd təsərrüfatı məhsullarının qiymətləri ötənilki mövsümün qiymətləri ilə müqayisə olunur, halbuki mövsümi qiymət artımı ixrac əməliyyatları zamanı formalaşdırılan qiymətlərdən fərqlənir".Nazir qeyd edib ki, bu məsələyə kompleks yanaşmaq və bazardakı vəziyyəti real qiymətləndirmək lazımdır: "Şübhəsiz ki, ixracı artan bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərində dəyişikliklər var, istehsalı artan müəyyən məhsulların qiyməti isə aşağı düşüb. Bu, ondan xəbər verir ki, ayrı-ayrı məhsullar üzrə müxtəlif tendensiyalar müşahidə olunur".

Beləliklə, qiymət artımına təkcə ixrac amili təsir etmirvə burada başqa nüanslar da var. İqtisadçı-ekspert Samir Əliyev baalşamaya əsas səbəb kimi ilk olaraq Qərbin Rusiyanın kənd təsərrüfatı mallarına tətbiq etdiyi sanksiyalarla əlaqədar Moskva bazarlarında boşluğu görür: "Bilindiyi kimi, rəsmi Moskva Amerika və Avropa Birliyindən gələn bəzi kənd təsərrüfatı məhsullarına qadağa qoyub. Bununla əlaqədar Rusiya bazarında xeyli həcmdə boşluq yaranıb. Rusiya da Azərbaycan daxil olmaqla qonşu ölkələrdən daha çox kənd məhsulu idxal etməyə başlayıb. Nəticədə həmin ölkələrin daxilində qıtlıq yaranıb. Məsələn, bu fonda deyə bilərik ki, Rusiyanın kartof bazarının 11%-i Azərbaycanın payına düşür".

Ancaq iqtisadçı ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına səbəb kimi medianın da rolunu dedi: "Biz Sovet dövründə də məhsullarımızı adətən Rusiya bazarlarında satırdıq. İndi də məhsullarımızı Rusiyaya daha çox satmağımız daxildə təşviqin azalmağına səbəb olub. Daxildə məhsul qıtlığı yaranmağa başlayıb. Bu qıtlıq isə qiymət artmını şərtləndirən amildir. Lakin nəzərə alaq ki, qiymətlərin artımıda informasiyanın rolu az deyil. Mətbuatda qiymətlərin qalxması ilə əlaqədar xəbərlər gedəndə bu, bazara neqativ təsir göstərir. Düzdür, bu gün qiymətlərin artımı müəyyən qədər səngiyib. Lakin burda mövsüm amil var. Artıq yay fəsli bitib. Sanksiyalar olduğu müddətdə Rusiya bazarlarının bizim məhsullara ehtiyacı olacaq. Bu səbəbdən də hökumət və fermerlər də bunu nəzərə almalıdırlar".

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov da bahalaşmanın əsas səbəbini yenə Rusiya amili ilə izah edir: "Çünki, Rusiya Avropaya embarqo tətbiq edəndən sonra kənarda bazar axtarır. Siyahıda Azərbaycanın da adı var. Artıq bizim yerli məhsulların daha keyfiyyətlisi Rusiyaya daşınır. Həmçinin, bəzi işbazlar da bu amildən süi-istifadə edirlər. Hətta Rusiya bazarına getməyən məhsulların qiymətini qaldırıblar. Digər tərəfdən bir səbəb olaraq onu deyə bilərik ki, bu il Azərbaycanda elə də bolluq olmayıb. Həm də fermerlər aqrotexniki qaydalara əməl edə bilmirlər. Eləcə də su problemləri oldu. Fermerlərin aqrotexniki qaydalara əməl etməmələri həm onların məlumatsızlığı, həm də maliyyə vəsaitlərinin azlığı ilə əlaqəlidir. Aqrotexniki qaydalara əməl olunarsa, kənd təsərrüfatında müsbət nəticələr əldə etmək olar. Bu qaydalar da elmi əsaslandırılmaqla uzun müddət təcrübədən keçirməlidir".

Sizin Reklam Yeriniz