news Image
2014.10.29
08:45
| A A A
Maşın satışında yenidən lizinq dönəmi başlanır
Rəşad Həsənov: “Hazırda lizinqin də müxtəlif asanlaşdırılmış yollarının tapılması istiqamətində işlər gedir” Azər Allahverənov: “Orta statistik azərbaycanlının alıcılıq qabiliyyəti artdıqda, insanlar avtomobil alarkən, şirkətlər də məhz lizinq və digər üsullara üstünlük verəcək”

Avtomobillər lizinq yolu ilə satışı yenidən geniş vüsət almağa başlayır. Belə ki, Cənubi Koreya istehsalı olan "KİA" markalı minik avtomobillərinin lizinqlə satışı bərpa edilib. "KİA MOTORS" şirkətindən "fins.az"a verilən məlumatda fakt təsdiq olunub. Məlumata görə, satış "Abşeron lizinq" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Lizinq şərtlərinə görə, müştərilər avtomobilin dəyərinin 15%-ni əvvəlcədən ödəyir, qalan məbləğ isə illik 18% olmaqla, 3 il müddətinə kredit formasında ödənilə bilər. "KİA MOTORS" salonlarında bildirirlər ki, lizinqlə avtomobil almaq üçün alıcının sahibkar olması vacib deyil. Yüksək əmək haqqı ilə işləyənlər də lizinqlə maşın əldə edə bilərlər. Bakı qeydiyyatı, sürücülük vəsiqəsi və iş yerindən rəsmi əmək haqqını göstərən arayış təqdim etmək lazımdır.

Beləliklə, lizinqşə satış yenidən dəbə minir. Ekspert Rəşad Həsənov bu fikirdədir ki, gələcək dönəmdə lizinqlə avtomobil satışı ölkəmizdə daha çox dəbə düşəcək: "Əvvəlki şərtlər daxilində avtomobil şirkətləri maşını istədiyi vaxtı, ödəniş qabiliyyətinin aşağı düşdüyü şəraitdə də sata bilirdi. Bu, onun üçün yük daşımırdı. Lakin hazırda lizinq şərtləri daxilində alınan avtomobillərin satışı daha mürəkkəbdir. Bu satış prosesi həyata keçirilərkən, xüsusən də bir çox hallarda banklar tərəfindən qalıq borcun tamamilə ödənilməsi tələb olunur. Belə hal vətəndaş üçün müəyyən əlavə problemlərin yaranmasına gətirib çıxarır. Həmin situasiyada lizinq müqaviləsinin şərtləri tamamilə realizə olunub qurtarmayana qədər vətəndaş mülkiyyət sahibi hesab edilmir. Yəni aldığı avtomobilin faktiki sahibi olmur. Bu isə bir çox hallarda həmin sahədə zəif inkişafı şərtləndirən amillərdəndir. Buna baxmayaraq, son zamanlar avtomobil şirkətlərinin özləri belə müxtəlif şərtlər daxilində daha güzəştli şərtlərlə, kampaniyalar vasitəsilə yeni avtomobilləri təklif edir. Burada da əsas səbəb kimi, avtomobil bazarındakı hazırki durğunluğu göstərmək olar. Avtomobil satışı ilə məşğul olan diler şirkətlər başqa alternativlər tapa bilmir. Hazırda lizinqin də müxtəlif asanlaşdırılmış yollarının tapılması istiqamətində də işlər gedir. Prosesdə sənədləşmə zamanı tələb olunan sənədlərin sayının azaldılması, bir çox hallarda isə tələb olunan sənədlərin faktiki olaraq, vətəndaşdan istənilməməsi hallarının şahidiyik. Bu isə zaman-zaman avtomobil bazarında lizinq xidmətinin genişləndirilməsi və onun dövriyyəsinin daha da çoxalmasına xidmət edir. Alternativ variant olmadığından, müəyyən tərəddüdlərə baxmayaraq, gələcək zamana lizinq bazarının genişlənməsini müşahidə edəcəyik. Çünki, burada alternativ variantlar yoxdur".

Ekspert Azər Allahverənov da düşünür ki, lizinq avtomobil satışının dəb halını alacağını gözləmək olar. Amma onun fikrincə, bunun üçün orta statistik azərbaycanlının alıcılıq qabiliyyəti də artmalıdır: "O baxımdan ki, artıq bir neçə aydır ki, Azərbaycanda avtomobillərin ancaq lizinqlə satışı məsələsi gündəmdədir. Faktiki olaraq, bu gün banklara avtomobillərin kreditlə satılmaması tövsiyə olunur. Ona görə də bundan zərər çəkən avtombil şirkətləri bu və ya digər formada satışın təşkilində maraqlıdır. Belədə onlar həmin istiqamətdə müxtəlif üsullara əl atır. Lizinqlə satış da həmin üsullardan biridir. Ola bilər, bu hal müəyyən bürokratik halların, gözlənilməz şərtlərin meydana çıxmasına səbəb olsun. Məsələn, VÖEN-nin olması bu halda mütləq şərtdir. Bununla belə, ola bilsin, gələcəkdə ayrıca bir mexanizm yaratmaqla şirkətlərin nağd ödəniş olmadan nəqliyyat vasitələrini satmasına, eyni zamanda insanların da bu fürsətdən yararlana bilməsinə geniş şərait yaradılsın. Amma yenə də maşın bazarında bir çox məsələlər alıcının maddi imkanları ilə bağlı məsələdir. İmkanlar aşağıı olduğu halda, istər kreditlə, istərsə də lizinq vasitəsilə olsun, bu, hardasa insanların nəqliyyat vasitəsi əldə etmək istəyini tam ödəyən məsələ deyil. Orta statistik azərbaycanlının alıcılıq qabiliyyəti artdığı halda, insanlar bu tipli məsələlərdən yararlanarkən, həmin şirkətlər məhz lizinq və digər üsullara üstünlük verəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs